Hakimiyyət Şimali Koreya yolunu tutur

22-07-2014, 13:31   
Hakimiyyət Şimali Koreya yolunu tuturDaha bir absurda start verildi: “Yalnız Heydər Əliyev kursunu dəstəkləyən partiyalar olmalıdır”
Azərbaycanda yalnız Heydər Əliyev kursuna əsaslanan siyasi partiyaların qalması istiqamətində rəsmi təbliğat başlanıb. Rəsmi dövlət qəzeti “Azərbaycan”ın 19 iyul sayında buna açıq start verilib. “Siyasi sistemdə yeni konfiqurasiya: istinadgah Heydər Əliyev kursudur” məqaləsində bildirilir ki, ölkədə siyasi sistem birmənalı şəkildə Heydər Əliyev kursuna əsaslanan partiyalardan ibarət olmalıdır: “Azərbaycanda Heydər Əliyev kursu bütün siyasi partiyaların, qrup təsisatlarının fəaliyyət amalına, əsaslandığı ideyaya, təmsilçisi olduğu siyasi görüşə çevrilməlidir”.
Məqalədə bunun təkcə iqtidar partiyasına və ya iqtidaryönlü partiyalara deyil, həm də müxalifətə aid olduğu gizlədilmir, bildirilir ki, ABŞ üçün Istiqlaliyyət Bəyannaməsinin müəllifləri olan “bani atalar”, Hindistan üçün Mahatma Qandi, Çin üçün Mao Tszedun və Den Syaopin, Türkiyə üçün Mustafa Kamal Atatürk nədirsə, Azərbaycan üçün də Heydər Əliyev kursu o olmalıdır, bu kursu yalnız bir partiyanın, açıq desək, ancaq Yeni Azərbaycan Partiyasının fəaliyyət müstəvisində məhdudlaşdırmaq olmaz.
Daha sonra qeyd edilir ki, artıq YAP-ın yedəyində getmədən bu kursu özünə əsas siyasi meyar seçmiş partiyalar var. Məqalədə onların arasında müxalifətin də olduğu iddia edilir, bildirilir ki, həmin partiyalar hakim təşkilatın mövqeyini də, hətta prezidentin fəaliyyətini də geniş miqyasda tənqid edir, narazılıqlarını aşkar bildirirlər: “Ancaq dövlətçiliyə aid məsələlərdə birmənalı olaraq azərbaycançı mövqedən çıxış edir, Heydər Əliyevin ən böyük əmanəti olan müstəqilliyə sahib çıxaraq, prezidentə və siyasi kursa bu mərhələdə dəstəklərini bəyan edirlər.
“Siyasi sistemdə yeni konfiqurasiya: istinadgah Heydər Əliyev kursudur” məqaləsi Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin öz məqalələrində irəli sürdüyü tezislərə söykənir. “Siyasi sistemdə yeni konfiqurasiya: istinadgah Heydər Əliyev kursudur” məqaləsi Ramiz Mehdiyevdən belə bir iqtibasla başlayır: “Milli lider həyatdan getsə də, onun siyasi xətti institusionallaşır - siyasi idarəçilik nəzəriyyəsinə, alternativi olmayan dövlətçilik fəlsəfəsinə, milli quruculuğun nəzəriyyə və təcrübəsinə çevrilir” (Media forum).
Azərbaycanda onsuz da uzun illərdi bu siyasət aparılır. Heydər Əliyevə aidiyyəti olmayan əlamətdar günlərdə televiziyanın küncündə şəklinin asılması, orta məktəb dərsliklərinin girişində Heydər Əliyevin fotosunun olması, bütün rayon və şəhərlərdə heykəlinin qoyulması, Heydər Əliyev parklarının, muzeylərinin, komplekslərinin tikilməsi, saraylardan tutmuş hava limanına qədər hər yerə Heydər Əliyevin adının verilməsi, xaricdən gələn qonaqların ilk olaraq “fəxri xiyaban”da Heydər Əliyevin məzarını ziyarət etməsi və digər hallar bunun sübutudur.
Ancaq bu məqalənin timsalında aparılan təbliğat onu göstərir ki, hakimiyyət bu siyasəti hamı üçün qanun halına salmaq istəyir. Dünya Azərbaycan hakimiyyətini demokratiyaya səslədiyi bir dövrdə, Azərbaycan hakimiyyəti Şimali Koreyanın yolunu getmək istəyir. O Şimali Koreyanın ki, diktatorun ölümünə ağlamayanları həbs edirdilər.
Heydər Əliyev kursunu dəstəkləyib, bunu təqdir edib, həm də bu sistemə necə müxalif olmaq olar? Görünür, hakimiyyət tamamən təkpartiyalı sistemə keçidi rəsmən təmin etmək istəyir.
Belə olan halda hakimiyyəti tənqid etmək, dövləti tənqid etmək anlamına gələcək. Bir sözlə, şəxslərin dövlət hesab edildiyi bir cəmiyyət qurmaq istəyirlər.
Ancaq hakimiyyətin bu niyyəti baş tutmayacaq və bütpərəstlik Azərbaycanda ideologiyaya çevrilə bilməz.
Sadəcə olaraq hakimiyyət belə bir təbliğata cəhd etməklə, növbəti dəfə Azərbaycanın adını “qara siyahı”ya salır və orta əsr təfəkküründə olduğunu təsdiqləyir.
Digər tərəfdən, belə bir təbliğat ona xidmət edir ki, ölkədəki real müxalifət, cəsarətli mövqe ortaya qoyanlar susdurulsun. Çünki müstəqil jurnalistlər, hüquq müdafiəçiləri və real müxalifət təmsilçiləri hakimiyyəti ifşa edir, “müqəddəs büt”ün yalnız daş parçası olduğunu xalqa çatdırır. Internet dövründə isə həqiqətləri həbs etmək mümkün deyil.
Hakimiyyət üzərinə gələn dalğanı birdəfəlik dəf etmək üçün orta əsr ənənələri ilə özünə sipər yaradır.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.