Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Pirşağı çimərliyi hasarlanıb

22-07-2014, 14:29   
Pirşağı çimərliyi hasarlanıbSahildəki villaların hər birinin qarşısında dənizin içərisinə doğru dəmir borular basdırılır
Bakının Pirşağı çimərliyi qədimdən narın qumu ilə məşhurdur. Müstəqillik illərində çimərlik ərazisindən min tonlarla qum tikinti meydanlarına daşınsa da, son dövrlərdə buna son qoyulub. Amma çimərlik ərazisində çoxsaylı problemlər qalmaqdadır. “Amerikanın səsi” xəbər verir ki, çimərlik “çəpərləmə dövrü”nü yaşayır. Dəniz sahili kilometrlərlə hasarlanıb. Hasarlanma bir yana, sahil ərazisi Azərbaycan qanunvericiliyinin əksinə olaraq bölünüb.
Son günlərdə kimlərsə çimərlik ərazisinə qalın polad borular töküb. Ekskovatorlar həmin 4 metrlik boruları dənizin içərisinə doğru basdırmaqda davam edir. Yəni, hər bir villanın qənşərində dənizin içərisinə doğru dəmir borular basdırılır.
Xatırladaq ki, 2003-cü il yanvarın 13-də prezident Heydər Əliyev “Xəzər dənizi sahillərindən istifadənin tənzimlənməsinə dair bəzi tədbirlər haqqında” sərəncam imzalayıb.
“Son vaxtlar vətəndaşların Azərbaycan Prezidentinin Icra Aparatına daxil olan çoxsaylı müraciətlərindən aydın olur ki, bir sıra yerlərdə Xəzər dənizinin sahilboyu zolaqları altında olan torpaqlar yerli əhalinin maraqları və ictimai ehtiyacları, habelə həmin sahələrin dövlətin müstəsna mülkiyyətində olması nəzərə alınmadan ayrı-ayrı fiziki və hüquqi şəxslərin istifadəsinə və icarəsinə verilib. Həmin torpaq sahələrində bağ evləri və digər obyektlər inşa edilib, dənizin içinədək hündür hasarlar çəkilib. Bununla da əhalinin dəniz sahilinə gediş-gəlişi xeyli dərəcədə məhdudlaşdırılıb”, - deyə sərəncamda qeyd olunurdu.
H.Əliyev vətəndaşların Xəzər dənizi sahillərində çimərlik və istirahət hüququnun maneəsiz gerçəkləşdirilməsini təmin etmək məqsədilə Nazirlər Kabinetinə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə, Bakı və Sumqayıt şəhərləri, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Abşeron, Salyan, Neftçala, Lənkəran, Masallı və Astara rayonlarının icra hakimiyyəti başçılarına tapşırmışdı ki, Xəzər dənizi sahilinin 130 metrlik zolağında yerləşən torpaqların inzibati və ya məhkəmə qaydasında, hüquqi və fiziki şəxslərin istifadəsindən və icarəsindən geri alınmasını təmin etsinlər.
Azərbaycan hökuməti prezidentin sərəncamını icra etmək əvəzində 5 il sonra Milli Məclisdə dəniz sahilindəki 130 metrlik zolağın “20-50" metrlik zolaqla əvəzlənməsinə nail oldu. Dövlət başçısı Ilham Əliyev 2008-ci il dekabrın 2-də ”Torpaq islahatı haqqında" qanuna, Torpaq Məcəlləsinə və Inzibati Xətalar Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə qanunu imzaladı.
Qanunda artıq dəniz sahilinin dövlət məqsədləri üçün istifadəsinə icazə verilib.
Sənəddə deyilir ki, qanundan “dövlət məqsədləri üçün” sözləri çıxarılsın: “Istifadəyə və ya icarəyə verilməsi barədə qərar qəbul edilmiş Xəzər dənizinin Azərbaycana mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaq sahəsi müvafiq icra hakimiyyəti orqanının icazəsi əsasında dənizin sahilinə gediş-gəlişi məhdudlaşdırmamaq şərtilə hasara alınma yolu ilə və ya digər üsullarla bağlana bilər”.
Bir sözlə, hökumət 2008-ci ildən yenidən çəpərlənməyə yol açıb. Amma çəpərlər artıq dənizin içərisinə hücum etməkdədir...
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar