Varlı Avropanın yiyə durmadığı layihələr kasıb Azərbaycanın nəyinə lazımdır?

26-07-2014, 11:10   
Varlı Avropanın yiyə durmadığı layihələr kasıb Azərbaycanın nəyinə lazımdır?AXCP lideri Əliyevlərin dövlət vəsaitlərini dağıtmasının səbəbini göstərdi: "Xalqı özlərinə xidmətçi sayırlar"

AXCP sədri Əli Kərimli hakimiyyətin neft pullarını, xalqın sərvətini lüzumsuz layihələrlə dağıtmasını pisləyən növbəti qeydlərini paylaşıb. AXCP lideri Facebook səhifəsində yazıb:

“Gələn il Bakıda keçiriləcək Avropa Yay Olimpiya Oyunlarına hazırlıq məqsədilə tikilən stadionlardan bir neçə foto paylaşıram. Bütövlükdə gələnilki Olimpiya oyunları ehtiyac içində çapalayan xalqımıza təqribən 1 milyard manata başa gələcək. 2 il bundan qabaq Bakıda “Eurovision” musiqi yarışması keçiriləndə də xalqın 500 milyon manatını göyə sovurdular. Bu il də elan etdilər ki, bəs sən demə, Azərbaycanda tərifi göylərə qaldırılmış “Eurovision” yarışması əslində ciddi adamların önəm vermədiyi tədbir imiş. Heyf 500 milyon manatdan.

İndi də Avropa oyunlarını az qala bəşəriyyətin ən əsas məsələsi elan ediblər. Hələ oyunlara 1 il qalmışdan atəşfəşanlıq başlanıb. Bəli, təhsili, səhiyyəsi dağıdılmış, kəndlərinin xeyli hissəsi qazlaşdırılmamış, vətəndaşlarını içməli su və kanalizasiya xidməti ilə belə təmin edə bilməmiş bir dövlət başqalarının qazanacağı idman nailiyyətlərinə ev sahibliyi etmək üçün milyardından keçir.

Beş yaşa qədər olan 1 milyon uşağının təqribən 400 mini anemiyadan əziyyət çəkən (əsas səbəb də uşaqların yaxşı qidalanmamasıdır), yenə də yaxşı qidalanmamaq səbəbindən 250 min uşağı qısaboyluqdan əziyyət çəkən ölkənin hakimiyyəti var-dövlətilə forslanmaqdan ötrü heç kimə lazım olmayan, heç bir Avropa dövlətinin xərc çəkib ev sahibliyi etmək istəmədiyi idman yarışmasına milyard manat vəsait ayırır. Mənim “heç kimə lazım olmayan... idman yarışması” sözümə təəccübləndiniz? Təəccübləndinizsə, çox nahaq. Buyurun görün Almaniyanın məşhur “Der Tagesspiegel” qəzeti bu barədə nə yazır:

“Avropa Yay Olimpiya Oyunlarının təşkilatçıları heç gizlətmirlər ki, Azərbaycanın ev sahibliyi təklifi olmasaydı, bu turnir baş tutmayacaqdı. Avropa ölkələrinin olimpiya komitələri əvvəlcə Avropa Yay Olimpiya Oyunları keçirilməsi ideyasının əleyhinə çıxıblar. Hətta Almaniya da tədbirin bahalı olmasını əsas gətirərək, etiraz edənlərə qoşulub. Lakin sonra onlar eşitdilər ki, Azərbaycan Olimpiya Oyunlarının təşkililə bağlı bütün xərcləri, o cümlədən idmançıların səfər və geyim xərclərini də öz üzərinə götürür. Bundan sonra onlar fikirlərini dəyişdilər”.

Bəli, Ümumi Daxili Məhsulu Azərbaycandan 50 dəfə artıq olan Almaniya “tədbirin bahalı olmasını əsas gətirərək” Avropa Olimpiya Oyunlarının keçirilməsindən imtina edir. Bu mənasız xərci xalqına rəva görmür. Azərbaycan hökuməti isə daha bir inkişaf görüntüsü yaradıb, gözə kül üfürmək naminə xalqın boğazından daha 1 milyard manatı kəsməyə hazırdır. Ona görə ki, özünü xalqın yox, xalqı özünün xidmətində görür”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.