Məşhur türk ekspertdən şok: Tovuz hücumunun səbəbi - Video
13-07-2020, 13:31
Ermənilər Tovuzda əvvəlcə artilleriya ilə atəş açaraq, daha sonra isə sızmağa cəhd edərək qardaşlarımıza qarşı xain hücum həyata keçirdilər. Bu hücum nəticəsində 3 qardaşımız şəhid oldu, 5 əsgərimiz yaralandı. Bu sözləri Axar.az-a açıqlamasında terrorizmlə mübarizə üzrə mütəxəssis, məşhur türk hərbi ekspert Abdullah Ağar deyib. O bildirib ki, ermənilərin bu təxribatının arxasında Aya Sofya məsələsi dayanır: “Bundan sonra Azərbaycan Silahlı Qüvvələrinin cavab reaksiyası çərçivəsində bəzi yerlər ələ keçirildi. Bəs ermənilər bunu niyə etdi? Bu suala veriləcək bir çox cavab var. Ancaq məncə, hazırda ermənilər üçün ən önəmli nöqtə həm etnik, həm də məzhəbi bir həssasiyyət törədən və onlarda travma yaradan, hətta onları həddən artıq təhrik edən Aya Sofya məsələsidir. Çünki hazırda ermənilərin azərbaycanlı qardaşlarımıza bu şəkildə hücum etməsinə heç bir səbəb yoxdur. Doğrudur, zaman-zaman sərhəddə bu kimi qarşıdurmaların şahidi oluruq, ancaq həm ağır silahlarla hücum etmək, həm də sızmağa cəhd etmək üçün ermənilərin hazırda heç bir səbəbi yoxdur”. Ekspert vurğulayıb ki, ermənilərin Türkiyə ilə bağlı son dərəcə böyük ehtirasları və bu ehtirasın meydana gətirdiyi hədəflər var: “Təbii ki, Aya Sofya da bunların içindədir. Türkiyənin Aya Sofyanı məscidə çevirməsi erməniləri təhrik edib. Düşünürəm ki, məhz bu məsələ düşmənin Azərbaycan Ordusunun mövqelərinə hücum etmələrinə səbəb ola bilər”. A.Ağar bildirib ki, bu döyüşlərin 2016-cı ildə yaşanan aprel hadisələrinin təkrarı olması Azərbaycan Ordusundan asılıdır: “Bir həqiqətin altından xətt çəkmək lazımdır: hazırda Azərbaycanın Qarabağı və ətraf yeddi rayonu erməni işğalı altındadır. Bu təxribatın işğala son qoyulması ilə bağlı addımların atılması baxımından da bir səbəb olacağını düşünürəm. Çünki nəticədə o torpaqlarda yaşayan insanlarımız qaçqın olmağa məcbur edildilər, vətənlərini, yurdlarını tərk etmək məcburiyyətində qaldılar. Onların yenidən vətənlərinə geri dönməsi və Dağlıq Qarabağ başda olmaqla, yeddi rayonun yenidən Azərbaycanın tərkibinə qatılması böyük önəm daşıyır”.