İyulun 12-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu ərazisində atəşkəs rejimi kobud şəkildə pozulub. Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Ermənistan Silahlı Qüvvələrinin növbəti təxribatının qarşısı alınıb, düşmən geri oturdulub.2016-ci il Aprel döyüşlərindən sonra Ermənistanın Azərbaycanla dövlət sərhədində irimiqyaslı təxribata əl atması diqqət çəkir.
Azərbaycan XİN-nin yaydığı bəyanatda bildirilir ki, bu təxribatçı əməl təcavüzkar Ermənistan rəhbərliyinin son zamanlar bölgədə gərginliyin artmasına xidmət edən fəaliyyət və bəyanatlarının davamı kimi nəzərdən keçirilməlidir.
"Ermənistan bu əməlləri ilə üçüncü ölkələri Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etməyə çalışır”, - Azərbaycan Xarici İşlər Nazirliyinin iyulun 12-də verdiyi bəyanatda belə deyilir.
Hərbi ekspert
Azad İsazadə hesab edir ki, ola bilsin, Ermənistan ordusunun Tovuz istiqamətində təxribat yaradaraq Azərbaycanı əməliyyatlara cəlb etməkdə məqsədi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) ölkəmizə qarşı hərəkətə gətirməkdir.
Ekspert əlavə edib ki, Ermənistanın bütün səylərinə baxmayaraq Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı indiki halda bu prosesə qoşulmayacaq. Onun sözlərinə görə, bu hərbi alyansda iştirak edən Belarus və Qazaxıstan Azərbaycana qarşı proseslərdə birmənalı şəkildə iştirak etməyəcək:
“Deməli, bircə Rusiya qoşula bilər. Amma Rusiya tərəfi də Nikol Paşinyana görə bu prosesə qoşulmaz”.A.İsazadənin fikrincə, bəlkə də, erməni hərbçilərinin törətdiyi təxribatın bir niyyəti də odur ki, Paşinyan ruslardan kömək istəsin və beləcə, Rusiyanın siyasi xəttinə qayıtsın. Mütəxəssis, Ermənistan ordusunun Tovuz istiqamətində həyata keçirdiyi təxribata Qarabağ cəbhəsində cavab verilməsinin lazım olduğuna dair səsləndirilən fikirləri də şərh edib:
“Konkret bu vəziyyətdə Tovuz istiqamətində bizə atəş açan erməni mövqeləri susdurulmalıdır və Azərbaycan öz mövqeyini möhkəmlətməlidir. Ermənilər Tovuza top atəşi açırsa, bunun əvəzi olaraq Qarabağda savaşa başlamağımız düzgün deyil. Çünki Qarabağ üçün səbəbi nə Tovuzda, nə də Naxçıvanda axtarmalı deyilik. Yəni Qarabağı azad etmək üçün bizə səbəb lazım deyil, səbəblərimiz var. Deməli, biz hansısa təxribatları gözləməyə də bilərik. Sadəcə, hansısa əməliyyatlar hazırlanmalıdır. Ola bilsin ki, xəritə üzərində bir neçə əməliyyat variantları artıq hazırdır. Məqam yarandıqda bu variantlardan istifadə etməliyik”.“AzPolitika.info”