Prezident Administrasiyasının “qara siyahısı”

26-07-2014, 11:29   
Daha çox şikayət daxil olan rayonların rəhbərləri «vurula» bilər

Prezident Administrasiyasının sənədlərlə və vətəndaşların müraciətlərilə iş şöbəsinin müdiri Süleyman Ismayılov geniş məqalə yazıb. Məqalə hakim Yeni Azərbaycan Partiyasının (YAP) orqanı olan “Yeni Azərbaycan” qəzetində dərc edilib. Süleyman Ismayılov məqaləsində Prezident Administrasiyasına daxil olan şikayət və müraciətlərdən bəhs edib. Yazıda bir sıra maraqlı məqamlar diqqəti cəlb edir.
Məsələn, Süleyman Ismayılov qeyd edir ki, 2013-cü ilin aprelindən dekabrınadək respublikanın 48 şəhər və rayonunda 24 mərkəzi icra hakimiyyətinin orqanının rəhbərləri tərəfindən keçirilən qəbullarda 64 şəhər və rayondan 10 min yaxın vətəndaş iştirak edib. Nazirlərin rayonlarda vətəndaşlarla keçirdiyi görüşlər hər kəsin yadındadır. Bu görüşlərdə həmişə izdiham yaşanıb. Polis görüşə gələn insanların əhəmiyyətli hissəsinə qəbula düşməyə imkan verməyib. Bununla belə 10 minə yaxın insan qəbulda iştirak edibsə, belə bu, hakimiyyətin “analoqu olmayan inkişaf” siyasətinin sabun köpüyü olduğunu ortaya qoyur. Bir daha qeyd edirik ki, hələ bu rəqəm dəfələrlə azaldılıb.
Bundan başqa Süleyman Ismayılov bildirir ki, bu qəbullarda edilən müraciətlərin yalnız 32 faizi müsbət həllini tapıb. 32,5 faizinə müvafiq izahatlar verilib, 6,4 faizi isə əsassız hesab edilib. Yerdən qalan 30 faiz müraciətdən isə səs-soraq yoxdur. Nəzərə alsaq ki, “müvafiq izahatlar verilmiş” müraciətlər də həllini tapmamış hesab edilir, o zaman həllini tapmamış müraciətlər 70 faizə yaxınlaşır. Bu o deməkdir ki, nazirlərin keçirdikləri qəbullar sadəcə gözdən pərdə asmaq məqsədi daşıyıb. Zatən, bu kampaniyaya start veriləndə həmin qəbulların imitasiya xarakteri daşıdığını bildirilirdi.
Süleyman Ismayılovun məqaləsində diqqətçəkən məqamlardan biri də 2014-cü ilin birinci yarısında bəzi rayonlar üzrə şikayətlərin sayının artmasıdır. “Elə rayonlar var ki, 1 və ya 2 yaşayış məntəqəsindən başqa əksəriyyətindən müraciətlər daxil olmuşdur. Bu sahədə ən çox kən və qəsəbəsinin müraciət etdiyi rayonlardan Lənkəran, Şəki, Balakən, Beyləqan, Göygöl, Imişli, Kürdəmir, Saatlı, Salyan, Samux, Zərdab rayonlarını göstərmək olar”, - deyə Süleyman Ismayılov bildirib.
Bu hissəni “qara siyahı” da adlandırmaq da olar. Redaksiyamıza daxil olan məlumatlarda da bildirilir ki, yaxın vaxtlarda bəzi rayonların başçıları dəyişdiriləcək. Ehtimal etmək olar ki, Süleyman Ismayılovun adını çəkdiyi rayonların rəhbərləri “vurulacaq”.(azadlıq.info)
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.