ƏTRAF MÜHİTİN ÇİRKLƏNMƏSİ BƏŞƏRİYYƏTƏ ZƏRBƏDİR
Çayların, göllərin və dənizlərin çirkab sularla xeyli dərəcə çirkləndirilməsi Su ehtiyatlarının keyfiyyətinin azalması təhlükəsini yaradır. Cəmiyyətin inkişaf tempindən asılı olaraq, insan özünün müxtəlif tələbatlarının ödənilməsi üçün müəyyən həcmdə su işlətməli olur. Su həmçinin sənaye müəssisələrinin işləməsində, əkinçilikdə suvarmada, nəqliyyatın inkişaf etdirilməsində, səhiyyə və turizmdə əsas təbii komponent və həlledici təminat vasitəsi hesab edilir. Təsərrüfat suyu ilə təchizatda Ağstafada yerləşən su anbarlarının da böyük rolu var. Bəs Ağstafanın təsərrüfat-içməli su mənbələrində vəziyyət necədir?Bu məsələ ilə bağlı
Mediaxeberleri.az-ın əməkdaşları kiçik bir araşdırma aparıb və sözün düzü, nəticələr o qədər də ürəkaçan olmayıb.
Təəssüf ki, bir sıra yaşayış məntəqələrində içməli və suvarma suyu ilə əlaqədar kifayət qədər problem yaşanmaqdadır; su obyektlərinin sanitariya-epidemioloji sağlamlığına o qədər də ciddi diqqət yetirilmir. Belə ki, Həsənsu çayında apardığımız müşahidələr zamanı ərazilərin və suyun məişət tullantıları və çaya yaxın ərazidə qanunsuz tikilmiş fermadan axıdılan mal peyini ilə çirkləndirildiyini gördük. Digər bir diqqət olunası məsələ isə bu su mənbələrinin mühafizəsi məsələsidir.
Su mənbələrindən hər gün minlərlə insan istifadə edir. Zərər vermək məqsədilə hər hansı bir şəxs kiçik miqdarda zəhərli kimyəvi və ya bakterioloji maddə ilə su anbarını zəhərləməklə böyük bir yaşayış massivini təhlükə altında qoya, epidemioloji sağlamlığa ciddi ziyan vura bilər. Ancaq, deyəsən, bu məsələ əlaqədar qurumların nümayəndələrini bir o qədər də narahat etmir. Çünki bu göllərin əksəriyyətinə sınaq məqsədilə nümayişkaranə şəkildə bir neçə şüşə sözdə “zəhərli maddə” boşaltsaq da, bizə “gözün üstə qaşın var” deyən bir nəfər belə, tapılmadı. Bu da onu göstərir ki, bu su mənbələrinin mühafizəsinə birbaşa cavabdeh olan qurumlar xoşagəlməz hadisələrin qarşısını profilaktik tədbirlərlə almaq əvəzinə gözləmə mövqeyindədirlər.
QEYD: Həsənsu çayı başlanğıcını Murquz silsiləsinin şimal yamacından alır. Axımı qar (20%), yağış (32%) və yer-altı (48%) sulardan əmələ gəlir. Yağış suları çayda böyük daşqınlar əmələ gətirir. Çayın orta illik su sərfi 2,16 kub m/san-dir. Bunun da 45%-i yazda, 30%-i yayda, 15%-i payızda, 10%-i isə qışda keçir. İntensiv suvarma dövründə keçən axım illik axımının 10-12%-ni təşkil edir. Suyu az (93 mq/kub m) lillənməyə malikdir. Orta illik asılı gətirmələr sərfi 0,13 kq/san-dir. Çayın suyu orta minerallaşmaya (300-400 mq/l) malik olmaqla hidrokarboiatlı-kalsiumludur. Həsənsuçaydan suvarma işlərində geniş istifadə edilir.Həsənsu çayının yaxınlığında Ağstafa rayon Tatlı kənd sakini Hacıyev Faiq Tofiq oğlu bir hissəsi öz həyətyanı torpaq sahəsində və bir hissəsi isə öz yəyətyanı torpaq sahəsinə bitişik bələdiyyə mülkiyyətinə aid torpaq sahəsində üzərində mülkiyyət, istifadə və icarə hüququ olmadan 167kv.m zəbt edərək mal ferması inşa etdirmişdir.
Vətəndaşlar Ağstafa rayon Tatlı kənd sakini Hacıyev Faiq Tofiq oğlu tərəfindən törədilən bu əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 188.3-cü maddəsinin, Tatlı kənd sakini Hacıyev Faiq Tofiq oğlu tərəfindən törədilən bu əməl isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 188.2-ci maddəsinin, tərkib hissəsinin əlamətlərinə uyğun gəlir.
Məlumat üçün bildirək ki, ermənilər də işğal olunmuş ərazilərdən keçən təbii su mənbələrimizi həddindən artıq çirklənməyə məruz qoyurlar. Araz və Kür çaylarının qolları olan Oxçuçay və Ağstafaçayın Ermənistan tərəfindən ən ağır formada çirkləndirilməsi nəticəsində sözügedən çaylarda canlı aləmin yaşayışı üçün ciddi təhlükə yaranıb. Yaddan çıxarmaq olmaz ki, dünyada yaşayan 2,5 milyarddan artıq insan susuzluq səbəbindən praktik olaraq gigiyena və sanitariya üsullarından istifadə etmək imkanından məhrumdur. Birləşmiş Millətlər Təşkilatının məlumatına görə, xərçəng xəstəliyinin səbəblərinin 60-90 faizi məhz ətraf mühitin, o cümlədən suyun çirkləndirilməsi ilə bağlıdır. Belə faktların sayını çoxaltmaq da olar. Bu məsələyə etinasızlıq ağır nəticələrə gətirib çıxara bilər.
Azərbaycanın işğal olunmuş ərazilərində ekoloji əhəmiyyətə malik bir çox göllər böyük antropogen təsirə məruz qalır. Bu ərazilərdə irili-xırdalı 7 relikt göl:Kəlbəcər və Laçın rayonlarının yaylaqlarında Böyük Alagöl, Ki-çik Alagöl, Zalxagöl, Qaragöl, Canlıgöl, İşıqlı Qaragöl və Ağ-dərə rayon ərazisində (Tərtərin qolu olan Torağaçayda) Qaragöl kimi şirin su mənbələri çirkləndirilir, dağıdılır və nəticədə unikal bir ərazi ekoloji fəlakət həddinə çatdırılıb.
Ermənilərin işğal altında sax-ladığı torpaqlarda ümumi həcmi 631 milyon kubmetr olan 10 su anbarı, o cümlədən, Tərtər çayı üzərində inşa edilmiş, su tutumu 560 milyon kubmetr olan və 100 min hektardan artıq əkin sahəsinin suvarılmasına hesablanmış Sərsəng Su Anbarı baxımsızlıqdan sıradan çıxmaq üzrədir.
Bütün bu sadaladığımız və qeyd etmədiyimiz faktlar erməni vandallarının ekologiyaya vurduğu dəhşətli ziyanı açıq şəkildə göstərir və onların təkcə Azərbaycan xalqına deyil, onun təbiətinə, flora və faunasına necə vəhşicəsinə düşmənçilik etdiyini isbatlayır. Bu ağır zərbənin təsirini təbiət uzun illər öz üzərində hiss edəcək və ağrısını çəkəcəkdir.
Sonda onu da qeyd etmək istərdik ki, əlaqədar qurumlar sudan istifadənin və onun qorunması üsullarının səmərəli təşkilinə, tullantı suların, xüsusilə də təhlükəli zəhərli qarışığı olan suların birbaşa təmiz su mənbələrinə, çaylara axıdılmasının qarşısının alınmasına ciddi diqqət yetirməlidirlər. Bundan başqa, istehsal prosesi zamanı su dövranının və ondan istifadənin səmərəli təşkili, sənaye müəssisələrində istifadə olunmuş suların təmizlənərək zərərsizləşdirilməsinə də xüsusi önəm verilməlidir. Əgər bundan sonra da istirahətimizi səmərəli təşkil etmək istəyiriksə, həm su mənbələri ətrafının, həm də suyun təmizliyinə riayət etməyə borcluyuq. Ağstafa rayonunun hər bir sakini bu işdə gələcək nəsillər qarşısında cavabdehlik daşıdığını unutmamalıdır.
Fikrimi ulu öndər Heydər Əliyevin aşağıdakı müdrik kəlamı ilə bitirmək istəyirəm:“Təbiətin ölkəmizə bəxş etdiyi zəngin sərvətlərə xüsusi qayğı ilə yanaşmaq, belə misilsiz xəzinələri bəşəriyyətin gələcəyi naminə qorumaq üzərimizə düşən başlıca vəzifələrdəndir…”.www.mediaxeberleri.azDostlarınla paylaş: