Türkiyə üzərindən Azərbaycana İŞİD təhlükəsi

30-07-2014, 09:18   
Türkiyə üzərindən Azərbaycana İŞİD təhlükəsiQara kabus sərhədlərimizin bir addımlığında

İki qardaş ölkə arasına məzhəb ixtilafı salmaq istəyən məkrli qüvvələr fəallaşıb; İstanbulun neçə-neçə məscidi terrorçu qruplaşmanın nəzarəti altındadır, bu məscidlərdə aldadılmış azərbaycanlılar təlimdən sonra Suriyaya ölümə göndərilirlər; bir xəvaricdən şok təhdid: “İraqda şiələri çox yaxşı gəbərdirlər, Türkiyədə də başlansaydı...”
Müqəddəs islam dinini öz bildiyi kimi təbliğ edib gözdən salan, günahsız müsəlmanlara qarşı hər kəsi şoka salacaq qəddarlığı və rüsvayçı fətvaları ilə gündəmdən düşməyən “İraq-Şam İslam Dövləti” (İŞİD) qruplaşması öz işindədir. Bəzi böyük güclərin əlində bəlkə də özünün də xəbəri olmadan siyasi alətə çevrilən terrorçu hörgüt ciddi müqavimətlə üzləşmədiyindən, getdikcə daha qorxunc əməllərə həvəslənməkdədir.
Bu qurumun İslama, ümmətə hər hansı aidiyyətinin olmadığı İsrailin Qəzzada törətdiyi son qətliamlara susqun reaksiyasından bir daha bəlli oldu. İŞİD-in böyük güclərin strateji maraqlarına cavab verməsi bugünlərdə Qərb mətbuatında gedən analitik yazıların birində növbəti dəfə özünü göstərdi. Məqalədə deyilir ki, artıq nə Yaxın Şərq əvvəlki Yaxın Şərq, nə də İraq və Suriya əvvəlki bütöv dövlətlər olmayacaq; çünki qüdrətli güclərin neftlə zəngin bölgənin enerji resurslarının təzədən bölüşdürülməsinə, “müstəqil Kürdüstan” yaratmağa yönəlik böyük planı sonuncu fazaya girib.
Görünən, sezilən odur ki, İŞİD-in bəşəriyyət əleyhinə əməlləri əsla ümmət maraqlarından yox, fərqli dünya güclərinin maraqlarından qaynaqlanır və İslam birliyini sarsıtmağa, dinimizi dünyada gözdən salmağa hesablanıb. Bunun isə vaxtilə dünyada vəhhabi təriqətinin əsasını qoymuş məlum mərkəzlərin uzaqgedən hədəflərinə uyğun gəldiyi şübhə doğurmur.
İslamafob qüvvələrin, türk düşmənlərinin məsələdə bəzi başqa, qorxulu hədəflərinin olması da istisna deyil. Söhbət son illər əlaqələri durmadan möhkəmlənən iki qardaş dövlət - Türkiyə və Azərbaycan arasında israrla məzhəb ixtilafı yaratmaq istəyindən gedir. İndilikdə bu plan real görünməyə bilər, amma unutmaq olmaz ki, İŞİD-in xilafət xülyaları da dünənədək ciddi sayılmırdı...
* * *
Təhlükəyə dair siqnallar isə artmaqdadır. Məsələn, bu arada bəlli olub ki, terrorçu qruplaşma Türkiyənin İstanbul şəhərində bəzi məscidləri artıq “işğal” edib. O da bildirilir ki, aldadılmış Azərbaycan vətəndaşlarının həmin məscidlərdə beynini yuyaraq, Suriya və İraqa yola salırlar (virtualaz.org). Məlumatı Türkiyədə cəfərilər təriqətinin (şiəliyin qolu) liderlərindən olan, Əhlibeyt Alimləri Dərnəyinin başqanı Hasan Kanaatlı “Cümhuriyet” qəzetinə verib.
Kanaatlı deyib ki, İŞİD İstanbulun Fatih, Ataşehir. Esenyurt və Bağçılar bölgəsində bir sıra məscidləri nəzarət altına alıb. Azərbaycandan gətirilən gənclər bu məscidlərdə təlimatlandırıldıqdan sonra Suriyaya ölümə göndərilirlər. Onun sözlərinə görə, Türkiyə şiələri üçün İŞİD təhdidi getdikcə artır: “İnsanlarımız özlərinin təhlükəsizliklərini özləri təmin etmək istəyirlər. Deyirlər ki, qadınlarımıza təlim keçək, silahlanaq, növbə çəkək, bunları təqib edək. Biz mane oluruq. Daxili işlər naziri Afkan Aladan görüş istədik, ancaq 10 gündür cavab ala bilmirik. Bizi qəbul etsəydi mühafizə istəyəcəkdik”.
Bir neçə gün əvvəl isə cəfərilərin Məhəmmədiyyə məscidinə hücum olub və dağıdılıb. Bu hücumun İŞİD tərəfindən həyata keçirildiyi təxmin edilir. Dərnək başqanı deyib ki, hadisədən əvvəl İŞİD üzvlərinin onları necə hədələdiyini eşidiblər. ““Sizə burada azan oxutmağa imkan verməyəcəyik” deyiblər. İŞİD-in güclü olduğu bölgələrdən biri də Fatihdir. Bağcılarda mağaza açıblar, şiələr əleyhinə broşüralar paylayırlar. Ataşehir səmtində dərnəklər qurublar. Medinə camisi mərkəzləri onların nəzarətindədir. Azərbaycandan gətirdikləri gəncləri orada 2-3 gün qonaq edirlər, təlimat keçib Suriyaya göndərirlər. Cübbə geyindirirlər. Ötən gün Suriyadan birinin cənazəsi gəldi. Ataşehirdən idi, iki uşağı vardı. Dövlətin bu cür işlərdən xəbərinin olmaması mümkün deyil" - deyə cəfəri lider vurğulayıb.
H.Kanaatlı onu da qeyd edib ki, bir gün evinin balkonunda oturanda küçədən keçən vəhhabilərin “Suriyada, İraqda həmd olsun, şiələri çox yaxşı gəbərdirlər. Burada da başlasaydı...” deyə ona sataşdıqlarını eşidib. Şiə lideri əlavə edib ki, həyatı üçün narahatdır və mühafizəçilərlə təmin olunmasını istəyir.
* * *
Göründüyü kimi, Türkiyədə şiə təriqəti daşıyıcılarının və onların doğmalarının həyatına təhlükə kifayət qədər realdır və günü-gündən böyüyür. Burdaca xatırladaq ki, İŞİD-in hədəf aldığı ölkələr sırasında Türkiyə və Azərbaycan ön sırada gəlir. Və heç şübhəsiz, “xilafət” ssenarisi baş tutarsa, beynəlxalq təşkilatlar, Türkiyə terror qruplaşmasını durdurmaq, o cümlədən İstanbuldakı zəbt etdikləri məscidlərdən onları vurub çıxarmaq üçün əməli addımlar atmasa, təhlükə qardaş ölkə ərazisi ilə məhdudlaşmayacaq.
Bu üzdən rəsmi Ankara problemin olası uzantılarını, məsələnin Azərbaycanla münasibətlərə xələl gətirə biləcəyinin mümkünlüyünü ciddiyə alıb təsirli kontur-tədbirlər haqda, qardaş ölkədəki cəfərilərin can və mal varlıqlarının təhlükəsizliyini təmin edilməsi haqda indidən düşünsə, yaxşı olar. Sonra gec ola bilər.(musavat.com)
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar