“20 Yanvar”ın giriş-çıxışındakı ticarət obyektləri sökülüb

31-07-2014, 19:47   
Metronun “20 Yanvar” stansiyasında ticarət köşklərinin bir qismi sökülüb. Obyekt sahiblərinə bildiriblər ki, dükanlar gediş-gəlişə mane olurdu. Narazı olan ticarətçilərə hələlik heç bir alternative yer təklif edilməyib.
Obyekt sahibləri isə əlacsızlıqdan əllərində olan malları dəyər-dəyməzinə satmaq qərarına gəliblər. Onlar sökülmüş dükanlarının qarşısında dayanaraq öz mallarını əllərində satmalı olublar.
Söhbət etdiyimiz satıcıların sözlərinə görə, təxminən 2-3 ay öncə sözügedən stansiyada piştaxtaları yığışdırmışdılar. Satıcılara bildirilmişdi ki, bu ümumi mənzərəyə xələl gətirir. Onlar piştaxtalarını dükanlarla əvəz edilməsini istəsələr də, Metropoliten rəhbərliyindən yox cavabı alıblar.
“İndi isə metronın giriş-çıxışındakı dükanları bağlayıblar. Deyirlər ki, gediş-gəlişə problem yaradır. İndiyə qədər mane olmurdu? Hamısı boş söhbətdi. Sadəcə hissə-hissə dükanları sökürlər. O biri obyektləri də yaxın zamanlarda bağlayacaqlar”, - deyə satıcılar bildirdilər.
“Bakı Metropoliteni” QSC-nin ticarət departamentindən verilən məlumata görə, obyektlər bir neçə günə tamamilə yığışdırılacaq.
“Əslində söküntü işləri bir neçə gün öncədən başlamalı idi. Ancaq Ramazan bayramı ilə əlaqədar camaatı həmin gün çörəkpulundan etmək istəmədik. Gözlədik ki, bayram qurtarandan sonra obyektlərin söküntüsünə start verək. Obyektləri sökülən sakinlərin harada və necə işləməklərinə artıq biz cavabdeh deyilik. Stansiyanın girişindən çıxışınacan olan ərazidəki bütün obyektlər söküləcək. Gündüz insanların çoxluğundan sıxlıq olur deyə işləri gecə vaxtı olur. Ona görə də işlərimiz, ola bilsin, bir az ləngisin, ancaq ən geci sabaha qurtararıq”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar