Milli Şuranın sessiyasının keçirilməsi ilə bağlı yer problemi hələ də gündəmdədir. Cəmiyyətdə də getdikcə belə fikirlər hakim kəsilir ki, dərd yer dərdi deyil, başqa əmmalar var. Xüsusilə Milli Şuranın üzvü olan KXCP-nin qərargahı ilə bağlı müəmmalar güclənir. Bu suallarla bağlı Milli Şuranın koordinasiya mərkəzinin üzvü, tanınmış hüquqşünas Namizəd Səfərov moderator.az-a maraqlı açıqlama verib.
N.Səfərov sesiyanın keçirilməsi ilə bağlı yer probleminin olduğunu təsdiqləyib: “Bu gün MŞ-nın yığışa biləcəyi yeganə məkan Leyla Yunusun daxmasıdır. Biz o uçuq-sökük ,istidən dayanmaq mümkün olmayan mənzildə bir neçə dəfə toplaşdığımızdan və Leyla xanıma bunu qadağan edə bilmədiklərindən onu həbs etdilər."
Namizəd bəy KXCP-nin qərargahından istifadə edilməsinə də münasibət bildirib: "Yəqin ki,unutmamısınız, mənzilini AXCP-yə icarəyə verildiyi və Milli Şuranın da sessiyalarının keçirildiyi vətəndaş Azər Əsgərovun mülkünü partlatdılar,ürəkləri soyumadı, söküb yerlə yeksan etdilər. Ölkənin ən böyük və nüfuzlu partiyası olan AXCP 10 ilə yaxındır ki,qərargah üzünə həsrət qoyulub. Hakimiyyət demək olar ki, siyasi fəaliyyəti Vətənə xəyanət kimi qiymətləndirir. Leyla Yunusa qarşı irəli sürülən qondarma və əndrabadi ittihamlar və onun həbs olunması dediklərimin bariz nümunəsi və təsdiqidir. KXCP-nin qərargahına gəldikdə isə hiss olunur ki, onlara da bu barədə xəbərdarlıq olunub...”