“Məmur evimə baxıb dedi, mənim tualetim buradan şəraitlidir”
17-09-2020, 18:09
Baş Göynük kənd sakininin dövlətdən tələbləri var “Ötən gecə şimşək çaxdı, yağış başladı, tez evdən çıxdıq, hərəmiz bir qoşuya qaçdıq. Sağ olsun qonşularımız, heç olmasa belə vaxtlarda bizi evlərinə buraxırlar. Səhər baxdıq ki, evin içərisi su ilə dolub. Vedrə-vedrə götürüb suyu tökdük çölə. İndi də gözləyirik, döşəmə, divar azca qurusun, yığışaq evə...” Bunu Meydan TV-yə Şəkinin Baş Göynük kəndinin sakini Baba Salmanov deyir. O, dövlətdən evinin təmir-bərpasını, pay torpağında əkin işləri aparılması üçün şərait yaradılmasını, övladlarına və özünə iş tələb edir . “Övladımın biri şəraitsizlikdən, soyuqdan ölüb” Baba Salmanov kəndin girəcəyindəki ərazidə - özü demişkən, “nuh əyyamından qalmış” uçuq, sökük bir daxmada 9 nəfərlik ailə üzvü ilə yaşayır. Deyir, palçıqdan hörülmüş bu evi azı 50 il əvvəl atası alıb, atasından da ona qalıb. 1 otaqlıdır, ailə üzvlərinin sayı artdıqca, o bir otağın üstündə də özü yatmağa yer düzəldib, kənarlarını selofanla sarıyıb: “8 övladım olub, biri elə bu şəraitsizlikdən, soyuqdan öldü, 7 övladım isə ilboyu xəstəliklərlə mübarizə apara-apara böyüdü. Oğlanlarımı evləndirə bilmirəm. Çünki ev, iş yoxdur. Gedirlər Bakıya, daş karxanalarında daş atırlar, qəpik-quruş gündəliyə işləyirlər, onu da sahibkar kəsir, hər dəfə bir bəhanə ilə zəhməthaqqını vermir. Nəticədə, nə ev qura, nə həyatımıza çəki-düzən verə bilirik... 9 nəfər bir otaqda yatıb-durur. Qızımın ailəsi dağılıb, o da azyaşlı nəvəmlə bizə sığınıb. Uşaq dərsləriylə elə yatıb-durduğumuz bir otaqda məşğul olur”.Evin vəziyyəti Mənbə: Meydan Tv“Hökumət nümayəndəsi dedi, mənim tualetim bundan şəraitlidir” Baba Salmanovun sözlərinə görə, dövlət qurumlarının nümayəndələri tərəfindən evə yalnız bircə dəfə baxış keçirilib. O da nəticəsiz qalıb: “5-6 il əvvəl gəlib, baxıb dedilər, bu uşaq da, burda yaşayan yaşlı insanlar da yazıqdır. Bir yer tapıb köçün burdan... Bura xəstəlik mənbəyidir. Hətta məmurlardan biri dedi: “Bu, nə evdir, mənim tualetim bundan şəraitlidir”. Baxdılar, yazıb-pozdular, dedilər, yenə gələcəyik, gəlmədilər”. Birotaqlı, uçuq daxma kəndin girəcəyindədir. Baba Salmanov deyir ki, hər dəfə rayon rəhbərliyindən kiminsə yolu kəndə düşəndə, götürüb evə gətirir, vəziyyətlə tanış edir. Ancaq nə faydası? Deyir, vəziyyətimizi görən məmurların hərəsi bir vəd verib aradan çıxır. “Əkdiyimiz meyvə-tərəvəzi yeyib, dolanırıq” Salmanovlar ailəsi evin yaxınlığındakı kiçik torpaq sahəsində meyvə-tərəvəz əkir, həmin sahədən götürdükləri məhsulla qidalanırlar. Baba Salmanov yenə qonşulara duaçıdır: “Sağ olsunlar, xeyirxah insanlar çoxdur. Oğlanlarım həftələrlə Bakıda daş karxanalarında pulsuz işləyəndə, qonşular ac qalmamağımız üçün bizə ərzaqla yardımçı olurlar. Bir kəndlinin arzusu odur ki, malı-heyvanı olsun, əkin-biçini olsun, bizdə isə bunların heç biri yoxdur. Kənddən 20 kilometr aralıda pay torpağımız olsa da, yol uzaq olduğundan, sahəyə su, gübrə, texnika verilmədiyindən indiyədək əkib-becərə bilməmişik. Dövlət şərait yaratsaydı, kəndliyə verdiyi torpaq istifadəsiz qalmazdı, əkərdik, məhsul götürərdik, dolanardıq, özümüzə şərait qurardıq, ev qurardıq, oğlanlarımızı evləndirərdik, dövlətin yaxasından da sallanmazdıq”.Evin Vəziyyəti Mənbə: Meydan Tv“Hamı işsizdir, yalandan deyir, iş yerləri dolub” Baba Salmanov 4 aydır ki, Şəki Rayon Məşğulluq Mərkəzinə ayaq döyür ki, ödənişli ictimai işlərdən birini də ona ayırsınlar. Ancaq ona “boş iş yeri qalmayıb” deyilir: “Rayonda, kəndlərdə kimə baxırsan, hamı işsiz-gücsüz gəzişir, hamı iş axtarışındadır. Kim Məşğulluq Mərkəzinə gedirsə, elə qapıdaca deyirlər, iş yerləri dolub. Hamı da mənim kimi axtarır görsün ki, icra hakimiyyətinin də, Məşğulluq Mərkləzinin də dediyi minlərlə iş yerlərinə götürülənlər kimlərdir?” Şəki Rayon İcra Hakimiyyətindən Meydan TV-yə bildirilib ki, Baş Göynük kənd sakininin evi təbii fəlakət nəticəsində qəzalı vəziyyətə düşübsə, rayondakı Fövqəladə Hallar Komossiyasına müraciət etməlidir. Evə baxış keçirilməli, sonra qərar verilməlidir. Əgər ev köhnəlikdən qəzalı vəziyyətə düşübsə, onun təmiri ilə həmin evdə yaşayanlar məşğul olmalıdır. Qurumun vətəndaşa ev tikmək, yaxud təmir-bərpa etmək kimi vəzifəsi və imkanı yoxdur. Ailənin sosial durumu ürəkaçan deyilsə, buna görə ya aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etməlidir ki, ünvanlı sosial yardımla təmin olunsun, ya da “DOST” İş Mərkəzinə müraciət etməlidir ki, ödənişli ictimai işlərə cəlb edilsin. Ailə təsərrüfatla məşğul olmaq üçün özünəməşğulluq layihəsinə qoşulmaq istəyirsə, rayonun Məşğulluq Mərkəzinə müraciət etməlidir. Baba Salmanovsa deyir, bunların hamısına müraciət edib, ancaq nəticə əldə olunmayıb. Bütün qurumlar ona qapılarının üzünü bağlayıb. Ona görə də, o, Meydan TV vasitəsilə Prezident İlham Əliyevə müraciət etmək qərarına gəlib. Vətəndaş ölkə başçısından mənzil şəraitinin yaxşılaşdırılması, təsərrüfatla məşğul olması, ailə üzvlərinin işlə təmin edilməsi üçün aidiyyəti qurumlara tapşırıq verməsini istəyib.Evin vəziyyəti Mənbə: Meydan TvEvin vəziyyəti Mənbə: Meydan Tv
Buradaykən …
Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır. Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun. BIZƏ DƏSTƏK OLUN