Paytaxtda dələduzluqda ittiham olunan bir qrup şəxs barəsində Bakı Şəhər Baş Polis İdarəsində cinayət işi başlanılıb.
Son günlər KİV-də o şəxslərdən 4 nəfərinin: Ağalar Mehdiyev, Hüseyn Nuriyev, Nəsir Hüseynov və Əhliman Camalovun barəsində bir qrup şəxsin müraciətləri yayılmışdı. Həmin məlumatlara görə, Bakıda «LNS» MMC adı ilə fəaliyyət göstərən maliyyə piramidasının şəriki Hüseyn Nuriyev, «LNS»-in baş mütəxəssisi Ağalar Mehdiyev (Ağalar İdrisoğlu), «LNS» MMC-nin əməkdaşları Nəsir Hüseynov və Əhliman Camalov bir qrup şəxsdən işə düzəltmək və gəlir əldə etmək vədi ilə müxtəlif məbləğlərdə pul alaraq aldadıblar.
Aldadılan şəxslərdən Fərhad Abdulov, Rahim Cəfərov, Əbulfəz Rzayev və digər şəxslər 2013-cü ildə özünü «Prezidentin vəkili» kimi təqdim edən tanınmış rejissor Mehdiyev Ağalar İdris oğlu və onun əlaltısı Hüseyn Nuriyevin «LNS» şəbəkəsinə cəlb edilmələri adı ilə onlardan külli miqdarda pul almalarına dair hüquq-mühafizə orqanlarına və mətbuata ərizələr yazmışdılar.
Şikayətçilərin bildirdiyinə görə, Ağalar İdrisoğlunun rəhbərliyi ilə qurulan «LNS» MMC maliyyə piramidası sxemi ilə fəaliyyət göstərirmiş. Hüseyn Nuriyev, Əhliman Camalov, Nəsir Hüseynov ayrı-ayrı şəxslərə «LNS» MMC-nin, guya, ölkə prezidentinin göstərişi ilə yarandığını, «Prezidentin vəkili», Əməkdar incəsənət xadimi, rejissor Ağalar İdrisoğlunun isə «yuxarıların tövsiyəsi» ilə bu işə rəhbər kimi təyin olunduğunu söyləməklə minlərlə şəxsin etimadını qazanıblar. Qeyd edilməlidir ki, A.İdrisoğlu və H.Nuriyev də mətbuata verdikləri müsahibədə 2008-2011-ci illərdə «Questnet» şirkətinin distribütorları olduqlarını, 2012-ci ildə «LNS» MMC-ni quraraq bu şirkətə rəhbərlik etdiklərini bildiriblər. Əhliman Camalov və Nəsir Hüseynov adlı keçmiş “Guestnet”-çilər isə Hüseynin əsas «təbliğatçıları» olublar. Guya, İtalyan şirkətinin Azərbaycanda nümayəndəsi olan «gözəgörünməz» Anar «müəllim»in vəzifəsi isə işlərə Türkiyədən dəstək vermək, İtaliya və Türkiyənin məşhur markalarının «LNS» şəbəkəsi vasitəsilə satışını təşkil etmək olacaqdı.
Şikayətçilərin dediyinə görə, əvvəllər A.İdrisoğlu pulları aldığını və qaytaracağını yazılı şəkildə etiraf etməklə 50-dən artıq adamı sakitləşdirə bilirdi. Ümidi ona idi ki, həftədə 20 min manat qazancı olan Hüseyn Nuriyev onun borclarının bağlanmasına kömək edəcək. Ötən il dekabrın 24-də (Prezidentin ad günündə) özünə 180 min dollarlıq maşın almasını elan edən Hüseyn «LNS»in ofisində ziyafət təşkil edəndə A.İdrisoğlu ümid edirdi ki, şəriki ona da əl tutacaq. Çünki şəxsən şəbəkəyə cəlb etdiyi onlarla adamın pulunu alıb Hüseynə vermişdi. Əvəzində onun mükafatı isə “LNS”-in Sumqayıt ofisi oldu. Xidmətinə də «güclü şəbəkə lideri» Əhliman Camalov verildi. Lakin keçən 3 ay ərzində Hüseyn Nuriyevin «ideoloq»a maliyyə dəstəyi verməməsi şikayətçilərin də səbr kasasını doldurdu. Şikayətçilər isə artıq onun yalan vədlərindən doyub hüquq-mühafizə orqanlarına üz tutublar.
Bakı Şəhər Baş Polis İdarəsində Cinayət Məcəlləsinin 178.3.1-ci maddəsi ilə (mütəşəkkil dəstə tərəfindən dələduzluq) cinayət işinin açılmasına dair DİN-in verdiyi rəsmi məlumatda göstərilir ki, Nəsir Hüseynov, Əhliman Camalov, Hüseyn Nuruyev, Ağalar Mehdiyev və s. şəxslər dələduzluq yolu ilə Bakı şəhər sakinləri Nəsib Qəhrəmanovadan 1850 manat, Qılman Nəsibovdan 1331 manat, İbrahim Məmmədovdan 2300 dollar, Rasim Qəhrəmanovdan 1500 manat, Fərhad Abdulovdan 1500 manat, İdris Şahbazovdan 1150 manat, Şamil Seyidzadədən 1650 manat, Pəhləvan Xudiyevdən 1220 manat, Rahim Cəfərovdan 1500 manat, Şəms Cabbarovadan 1455 manat, Ramilə Cəfərovadan 1425 manat, Sumqayıt şəhər sakini Hüriyyə Məmmədəliyevdən 3950 manat, Göyçay rayon sakinləri Samir İsrafilovdan 1175 manat, Elşən Əliyevdən 1500 manat, Füzuli rayon sakini Afət Alıyevdən 1650 manat və Beyləqan rayon sakini Müşfiq Şixəliyevdən 1850 manat almaları barədə Nizami Rayon Polis İdarəsinə aprelin 22-də ərizə ilə müraciət olunub.
Mətbuata müraciət edən zərərçəkənlər «LNS» MMC-nin piramida sisteminin xırdalıqlarını da açıblar: ““LNS” vətəndaşlardan aldığı pulun müqabilində 1 saat verir. Adamın əlinə kassa mədaxil qəbzi verir, guya ki, qanuni işləyir. Saatın qiyməti 125 ABŞ dollarıdır. Ancaq adamdan aldığı 500-700-2500 və daha yuxarı məbləğləri buraxır piramida şəbəkəsi qurulmasına. Yəni, 125 dollara 1 saat almaqla şəbəkəyə qoşulursan. 125-dən artıq pulun isə piramida şəklində qurulur və verdiyin pulun məbləğinə görə komisyon alırsan. Məsələn, 200 manat vermiş adam, sağında 200-solunda 200 manat ödəniş edən adam dursa, qazancı 30-40 manat olur. Yəni, adam özü – 200+ 2 nəfər – hərəsi 200 manat – cəmi 600 manat pul yığılır “LNS”-ə, əvəzində 1-ci adam maksimum 40 manat pul qazanır. Qalan 540 manatı kimlər qazanır?
Adam 1 həftə ərzində özünə 2 sağ-sol tapmalıdır, özü də hər birində minimum 200 manat olmalıdır. 1 həftədən keçdisə, qazanc verilmir. Beləcə, müxtəlif vaxt məhudiyyətləri ilə müxtəlif məbləğlər. Hər 100 manatqlıq qoyuluş 1 bal sayılır. Guya, nə qədər çox məbləğ olsa, yəni, çox pul versən o qədər çox qazancın olar. Ancaq bunun da vaxt məhdudiyyəti var. Məsələn, 1500 manat verib 15 ballıq qoşulursan. Ancaq sən 1 ay ərzində minimum 50 nəfər 15 ballıq adam qoşmalısan ki, həmin bala uyğun qazanc sənə verilsin. 49 adam qoşsan belə, yenə sənə 1500 manata uyğun bal verilməyəcək. Hər kəsə bu sistem tətbiq edilməklə, 1 adamın gətirdiyi – məsələn, 49 adamın hərəsinin gətirdiyi 1500 manat eləyir 73500 manat. Bundan da 100 manatdan 50 saatın pulunu çıxsan, yəni, 5000. Yerdə qalan 67500 manatı “LNS” piramidasının başında duranlar yeyir”.