Ağdamdan çıxan ermənilər evləri, mağazaları yandırırlar VİDEO
19-11-2020, 11:25
Ermənilər işğal etdikləri Ağdamı da tərk edərkən evlərə və mağazalara od vururlar.
APA-nın “Sputnik Armenia”ya istinadən verdiyi xəbərə görə, Ağdamın Boyəhmədli kəndində yaşayan Armen adlı şəxs özünün evini və ərzaq dükanını yandırıb. O, evinin və dükanının azərbaycanlılara qalmaması üçün bu addımı atdığını bildirib. Kəndin digər sakinləri də əllərinə keçən əşyaları özləri ilə aparır, yerdə qalanlara isə od vururlar. Qeyd edək ki, ermənilər işğal etdikləri Kəlbəcəri də tərk edərkən evlərə, meşələrə od vurub, dükanları, elektrik yarımstansiyalarını söküb dağıdıblar. Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin arasında imzalanmış bəyanata əsasən, Ermənistan Respublikası 15 noyabr 2020-ci il tarixinədək Kəlbəcər rayonunu boşaltmalı olsa da bu tarix noyabrın 25-dək uzadılıb. Ermənistan Ağdam rayonunu 20 noyabr 2020-ci il tarixinədək və 1 dekabr 2020-ci il tarixinədək isə Laçın rayonunu Azərbaycan Respublikasına qaytarmalıdır.