Kremldəki mənbə: “Putin Əliyevlə Sarkisyanı sambo döyüşündə görüşdürəcək”

8-08-2014, 12:32   
Kremldəki mənbə: “Putin Əliyevlə Sarkisyanı sambo döyüşündə görüşdürəcək”Rusiya prezidenti Vladimir Putin Azərbaycan və Ermənistan prezidentlərini Soçidə sambo döyüşündə bir araya gətirəcək.

Virtualaz.org saytı bu barədə “İzvestiya” qəzetinə istinadla xəbər verir. Qəzet Kremldəki mənbələrə istinadən yazır ki, prezident Vladimir Putin Soçidə keçiriləcək beşinci “Platforma S-70” sambo turnirinə baş çəkməyə hazırlaşır.

Bu yarışda Rusiya, Qazaxıstan, Fransa, ABŞ, Litva, Latviya, Belarus və Braziliyadan olan idmançılar iştirak edəcək. Samboçular Soçidəki “Platforma” əyləncə-idman kompleksinin ərazisində döyüşəcəklər.

Turnirin kulminasiya nöqtəsi döyüş sambosu üzrə dördqat dünya çempionu Vyaçeslav Vasilkev və braziliyalı döyüşçü Maykel Falkao arasında revanş qarşılaşması olacaq. 2012-ci ildə turnirin yarımfinalında braziliyalı idmançı rusiyalı samboçuya qalib gəlmişdi.

“Ola bilsin Putin yarışa baxmağa öz qonaqları ilə gələcək. Axı istirahət günü Rusiya lideri Ermənistan dövlət başçısı Serj Sərkisyan və Azərbaycan prezidenti İlham Əliyevlə ayrılıqda danışıqlar aparacaq. Doğrudur, onların sambo yarışını birlikdə izləməsi Dağlıq Qarabağ ətrafında kəskinləşən vəziyyət fonunda danışıqların nə dərəcədə uğurla yekunlaşmasından asılı olacaq” - deyə mənbə bildirib.

Kremldəki mənbə qeyd edib ki, 2012-ci ildə Əliyevlə Sərkisyanın prezident Dmitri Medvedyevlə Kazanda Rusiya prezidentinin kuboku uğrunda keçirilən at yarışına birlikdə baxmağı planlaşdırmışdı. Lakin o vaxt danışıqlar uğurla nəticələnmədi və ippodroma Medvedyev ancaq Sərkisyanla birlikdə gəldi.

Mənbənin bildirdiyinə görə, Putin Soçidə Azərbaycan və Ermənistan prezidentləri ilə yanaşı Qırğızıstan prezidenti Almazbek Atambayev, Türkmənistan başçısı Qurbanqulu Berdıməhəmmədov və Misir prezidenti Abdul-Fəttah əs-Sisi ilə görüşəcək.

Xatırladaq ki, Rusiya prezidenti Azərbaycan və Ermənistan dövlət başçılarını cəbhə xətti boyu iyulun 31-dən başlayaraq bir neçə gün davam edən şiddətli döyüşlərdən sonra danşıqlar aparmaq üçün Soçiyə dəvət edib. Bu döyüşlərdə hər iki tərəf ciddi itkilər verib.

Rusiya prezidenti əvvəlcə Serj Sərkisyan, daha sonra İlham Əliyevlə ayrılıqda görüşəcək. Rusiya tərəfi ayrılıqda keçiriləcək danışıqların nəticəsindən asılı olaraq prezidentlərin üçtərəfli görüşünü təşkil etməyə hazırlaşır. Ermənistan prezidenti Serj Sərkisyan Soçiyə bu gün yola düşür və üçtərəfli görüşə hazır olduğunu bildirib.

Azərbaycan prezidentinin üçtərəfli görüşə razılıq verib-vermədiyi hələ məlum deyil. Belə görünür ki, bu, Serj Sərkisyanın nə dərəcədə konstruktiv mövqe nümayiş etdirməsindən asılı olacaq.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.