Əlövsət Əliyev: “Hakimiyyət ona “baş əyməyənləri” agent kimi qələmə verib həbs etdirir”
“Azərbaycanda əhalinin böyük bir hissəsi dissident həyatı yaşayır. Onların arasında hüquq müdafiə təşkilatlarının təmsilçiləri daha çoxdur. Hüquq müdafiə təşkilatlarının özündə ciddi problemləri əks etdirən mükəmməl məlumat bazalarına malik olmaları, aktivistlərin müdafiəsini təşkil etmələri, qanun pozuntuları haqqında beynəlxalq təşkilatları məlumatlandırmaları, alternativ hesabatlar hazırlamaları ilə hakimiyyəti bu vaxta kimi çox ciddi narahat edirdi”.
Bu sətirlər Azərbaycan Miqrasiya Mərkəzinin rəhbəri, vətəndaş cəmiyyəti fəallarından biri Əlövsət Əliyevin ölkədə baş alıb gedən son həbslərə münasibətindəndir. Ə.Əliyev mövqeyini özünün Facebook səhifəsində paylaşıb. O, yazır:
“İndi Azərbaycanda alternativ fikir sahibləri olan vətəndaş cəmiyyəti təmsilçiləri “vətən xaini”, “antimilli ünsür”, “casus” adlandırılaraq həbs olunmaqdadırlar. Bu, SSRİ zamanını xatırladır və vətəndaş cəmiyyətinə münasibət baxımından bu gün Azərbaycan SSRİ-nin prinsiplərinə uyğun idarə olunan yeganə ölkədir. SSRİ vaxtında qərbdə nəşr olunan yazılarına görə qonarar alanları casusluqda ittiham edir və həbs edirdilər. İndi də Azərbaycan qanunvericiliyinin tələblərinə uyğun olaraq xarici donorlardan maliyyə alanlar davamlı olaraq həbs olunmaqdadır. SSRİ vaxtında dissidentlər işdən cıxarılmaqla, təhsil müəssisələrindən qovulmaqla, həbs edilməklə, ruhi əsəb xəstəlikləri dispanserinə məcburi yerləşdirilməklə, sürgünlə, SSRİ vətəndaşlıgından məhrum edilməklə və ölkədən məcburi çıxarilmaqla cəzalandırılırdı. Bu qayda indi Azərbaycanda daha kəskin formada davam edir. Və bu cəzaların arasında olmayan vətəndaşlıqdan məhrum etməni də bu yaxınlarda qanuna əlavə etdilər. Sadəcə, SSRİ dövründə dissidentlər haqqında məlumat əldə etmək çox çətin idi və ya ümumiyyətlə mümkün deyildi, indi isə məlumatın gizlədilməsi o qədər də asan deyil.
Hakimiyyət ondan asılı olmaq istəməyən müstəqil QHT rəhbərlərini və ona “baş əyməyənləri” işləməyə qoymur. SSRİ vaxtında olduğu kimi, həmin şəxsləri hansısa ölkənin agenti kimi qələmə verməklə həbs etdirir, məcburi müalicə müəssisələrinə göndərir, bu yolla da “islah” etməyə çalışır və əksər hallarda buna nail olur. Əgər diqqət etsəniz, cəzacəkmə müəssisələrindən sonra siyasətçi, jurnalist və QHT-çilərin əksəriyyəti özünü tam “islah” olunmuş kimi aparır. Hakimiyyətin “islah” edə bilmədiyi şəxsləri azadlıq deyil, Növruzəli Məmmədovun və ya Əli İnsanovun taleyi gözləyir.
Odur ki, ya bu hakimiyyətin istədiyi kimi işləməlisən, ya həbs olunmalısan ya da ölkəni tərk etməlisən. Bu gün QHT sektorunda obyektiv mövqe tutmaqla işləmək mümkün deyil.
Hakimiyyət həbsləri bu gün üçün yox, bir neçə il sonra üçün edir. Bir neçə il sonra Azərbaycan bütün dünyaya nümayiş etdirəcək ki, Azərbaycanda hakimiyyətdən narazı olan vətəndaş cəmiyyəti təmsilciləri, mətbuat orqanı və siyasi partiya mövcud deyil”.
azadliq.info