Azərbaycanda devalvasiyanın baş verə biləcəyi ilə bağlı müzakirələr başlanıb.Buna bir neçə gün öncə açıqlanan, gələn ilin dövlət büdcə layihəsindəki məqamlar rəvac verib.
Qeyd edək ki, Mərkəzi Bankın İdarə Heyyətinin rəhbəri Elman Rüstəmovun devolvasiyanın olacağı ilə bağlı iddiaları “boş söhbətlər” adlandırması müzakirələri səngitməyib. Ölkə iqtisadiyyatının üzləşdiyi mövcud mərhələnin devalvasiyaya gedilməsi məcburiyyəti yaratdığı da qeyd olunur.
Məlumdur ki, devalvasiya prosesi ölkəyə idxal olunan məhsulların bahalaşmasını şərtləndirir.
Ölkənin qeyri- neft sektorunda tələbatının əsasən idxaldan asılılığı “devalvasiya qorxusunu” xüsusilə qabartmış olur. Bu cür durumların yaranmamasını şərtləndirən başlıca amil isə yerli istehsalın genişləndirilməsi, idxaldan asılılığın azaldılmasıdır.
Azərbaycanda yaxın gələcəkdə - gələn ildən başlanaraq istehsal sahələrinin genişləndirilməsi, bununla həm də pandemiyanın xüsusilə qabartdığı işsizliyin azaldılması istiqamətində addımların atılması mümkündürmü? Ölkəmizdə hansı sahələrin inkişaf potensialı var?İqtisadçı Akif Nəsirli “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, Azərbaycanda yerli istehsalı genişlənirmək üçün geniş imkanlar var:
“Bizim təbii resurslarımız, əmək ehtiyatlarımız, torpaq ehtiyatlarımız var. Bundan əlavə kapital da var - ölkənin valyuta ehtiyatları var, neftin qiyməti gəlir gətirən həddə yüksəlib. Azərbaycanda yeganə çatışmazlıq odur ki, iqtisadiyyatın idarəedilməsində ciddi problemlər var. Monopoliya, gizli iqtisadiyyat mövcuddur, əmlaka zəmanət, müstəqil məkhəmə sistemi yoxdur, qeyri-leqal vəsaitlər var. Azərbaycan hökuməti bu problemləri aradan qaldırmağa başlasa, yerli istehsal kifayət qədər çoxala bilər. Demək olar ki, qısa müddətdə - təxminən iki il müddətində yerli istehsal ölkə əhalisinin təlabatının 80-90 faizini təmin edə bilər”.Akif Nəsirli deyir ki, hökumət bəzi sahələrin inkişaf etdirməyə çalışır, amma süni təzyiqlərlə inkişafı təmin etmək mümkün deyil:
“Məsələn, təkcə Sumqayıtda bir gübrə zavodu açmaqla ölkəyə böyük həcmdə valyuta gətirə bilmərik və ya büdcə vəsaitləri hesabına rayonlarda 5-10 sahibkara təsərrüfat qurmaqla yerli istehsalı artıra bilmərik. Bunun üçün təbii şərait, iqtisadi mühit yaranmalıdır. Belə bir mühit yaranarsa 2 il müddətində yerli istehsal ölkəni təhlükəli həddən, “qırmızı zona”dan çıxara bilər. Bu ona görə “qırmızı zona”-dır ki, ölkənin idxaldan ciddi şəkildə asılı olması həm iqtisadi, həm siyasi, həm də milli maraqlar baxımından təhlükədir”.Hansı sahələrdə istehsalı genişləndirmək üçün potensial var?İqtisadçı deyir ki, kənd təsərrüfatı sahəsində, yüngül sənaye sahəsinin inkişafı üçün böyük potensial var:
“Azərbaycan əhalisinin 70 fazinin kənd təsərrüfatı sahəsində bacarıqları var, indi işğaldan azad olunmuş torpaqlarımız da bu ərazilərdə aqrar sahənin inkişafı üçün böyük potensial yaradır. Kənd təsərrüfatını stimullaşdırmaq lazımdır - amma bunu sahibkara pul verərək, “get mütləq pambıq ək” formasında etməməliyik. Fermer özü müəyyənləşdirməlidir ki, nə satmaq istəyir. Bundan başqa sənaye sahələrinin inkişafı üçün geniş potensial var. Azərbaycanda “startap” layihələri belə boğulur, ölkənin güvənilməli elmi potensialı var. Həmin intellektual layihələrə də maneələr yaradılır”. Akif Nəsirli bir məqamı da vurğulayaraq, bildiridi ki, indiki məqamda bu məsələlərin həlli əvvəlki illərdən daha vacibdir: “Çünki bu il bizim xərclərimiz çoxalıb, iqtisadiyyatımız bütün dünyada olduğu kimi kiçilib. Biz qısamüddətli olsa da böyük xərc tələb edən müharibə aparmışıq, torpaqlarımızı azad etmişik. Həmin ərazilərimizin də qurulması, bərpası üçün vəsaitlər lazımdır. Ona görə də biz iqtisadiyyatın inkişafını təmin etməyə məcburuq və hesab edirəm ki, Azərbaycan hökuməti bunun fərqindədir”.İqtisadçı deyir ki, sadanan məsələlər öz həllini taparsa, bu həm də ölkədə işsizlik problemi aradan qaldıracaq:
“Bu problemlər aradan qalxsa, Azərbaycana nəinki MDB ölkələrinin, həm də Avropa ölkələrinin investitsiyaları axacaq. Çünki Azərbaycan həm coğrafi baxımdan əlverişli ölkədir, həm də ciddi resursları var. Bizim elə təbii resurslarımız var ki, biz onlara heç əhəmiyyət də vermirik. Amma, Avropalı, çinli, yaponiyalı biznesmen həmin sahələri inkişaf etdirə bilər. Məsələn, mən yaponiyalı biznesmenin dilindən belə bir fikir eşitmişəm. O bildirib ki, əgər imkan verilsə, o palçıq vulkanının məhsullarından ibarət istehsal yaradaraq, Azərbaycana neftdən gələb gəlirlərin 5 faizi qədər büdcəyə gəlir gətirə bilər. Bu cür sahələr çoxdur”.Xatirə Nəsirli
Cebhe.info