Şəkidə Həmrəylik gününə həsr olunmuş xeyriyyə tədbiri

25-12-2020, 20:37   







Covid-19 pandemiyasının ikinci dalğası ilə əlaqədar məhdudlaşdırıcı tədbirlərin sərtləşdirilməsindən sonra yenidən iş yerlərinin sayı azalıb. Bir tərəfdən pandemiya məhdudiyyətləri, digər tərəfdən isə  havaların soyuması və qar yağması ilə bağlı gündəlik gəlirlərindən məhrum olmuş günəmuzd işçilər də Yeni il bayramı ərəfəsində  maddi sıxıntılarla üzləşir. Fəaliyyət sahəsi məhdudlaşdırılmış müəssisələrin işçilərinə dövlət büdcəsindən ödənişlərin həyata keçirilməsi bərpa edilib və Prezident İlham Əliyevin sərəncamına əsasən iş yerini itirmiş vətəndaşlara ödənilən kompensasiya  vəsaitləri artıq onların şəxsi hesabına köçürülüb.

Bununla yanaşı, ayrı-ayrı vətəndaşlar tərəfindən aztəminatlı ailələrə maddi dəstək göstərilməsi ilə bağlı xeyriyyə tədbirləri də yenidən canlanıb. Yeni il və Dünya Azərbaycanlılarının  həmrəyliyi günü ərəfəsində xalq aztəminatlı ailələrlə əsl həmrəylik nümayiş etdirir.    

Milli Məclisin Şəki rayonundan seçilmiş deputatı Cavanşir Feyziyevin Şəkidəki qərargahının üzvləri növbəti dəfə aztəminatlı ailələrə dəstək aksiyasına başlayıblar. Bütün yaşayış məntəqələri üzrə əvvəlcədən tərtib olunmuş siyahılar əsasında aztəminatlı ailələrə ərzaq yardımı çatdırılır. Bu gündən etibarən başlayan, pandemiya dövründə sayca 3-cü dəstək marafonu Şəki şəhərini və rayonun bütün kəndlərini əhatə edir. Xeyriyyə tədbiri çərçivəsində 600 aztəminatlı ailəyə yardım göstərilməsi nəzərdə tutulur. Qərargah üzvləri  Yeni İl və Dünya Azərbaycanlılarının Həmrəylik günü ərəfəsində başladıqları xeyriyyə tədbirini dekabr ayının 30-dək başa çatdırmağı planlaşdırırlar.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.