Putin: “Qarabağ məsələsi üzərində işləməkdə davam edəcəyik”

10-08-2014, 18:50   
Putin: “Qarabağ məsələsi üzərində işləməkdə davam edəcəyik”Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin Qarabağ münaqişəsinin həlli yollarının müzakirəsinə həsr olunmuş Soçi görüşü başa çatıb.

Virtualaz.org BBC-nin rus xidmətinə istinadən xəbər verir ki, prezidentlər Vladimir Putin, İlham Əliyev və Serj Sərkisyan sonda belə ümumi qənaətə gəliblər ki, Qarabağ problemi yalnız dinc danışıqlar yolu ilə həll edilməlidir.

* * *17:17

“Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllinin beynəlxalq formatlarına hörmətlə yanaşır və həmin danışıqlarda bundan sonra da iştirak edəcək. Amma Rusiya Azərbaycan və Ermənistanla ikitərəfli münasibətlərinin xüsusi xarakterindən münaqişəni həll etmək üçün yararlanmağı da planlaşdırır”.

Bunu da Soçi görüşündə Vladimir Putin deyib.

Rusiya prezidenti daha sonra bildirib: “Biz bütün beynəlxalq formatlara ehtitamla yanaşırıq və bütün həmkarlarımızla birgə Qarabağ məsələsinin həlli üzərində işləməkdə davam edəcəyik. Bizim xüsusi və yaxın münasibətlərimiz var, keçmiş münasibətlərimizin tarixi uzağa gedir. Bu da bizə hazırda harada olmağımız və irəli getmək, keçmişdən miras qalan problemləri həll etmək üçün nə etmək lazım olması barədə açıq və səmimi fikir mübadiləsi aparmağa imkan yaradır”.

* * *16:41

“Ermənistanda da, Azərbaycanda da Qarabağ münaqişəsini dinc yolla həll etmək üçün xoş məram var”.

Virtualaz.org Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin bunu Azərbaycan və Ermənistan prezidentləri ilə bu gün Soçidə keçirdiyi üçtərəfli danışıqlar zamanı bəyan edib.

“Mən böyük məmnuniyyətlə bəyan edirəm ki, Azərbaycan prezidenti problemi dinc yolla həll etməyin vacibliyinə diqqət yetirdi. İndi isə siz (Ermənistan prezidenti Serj Sərkisyanı nəzrədə tutaraq-red.) bu haqda öz fikrinizi dediniz. Bu, əslində ən başlıca məsələdir. Çünki insanların ölümündən də böyük faciə ola bilməz. Xoş niyyət varsa, istənilən mürəkkəb məsələni həll etmək olar. Mənə elə gəlir ki, belə bir xoş məram həm Azərbaycan, həm də erməni xalqlarında var.

Dağlıq Qarabağ problemi bizə keçmişdən, Sovet İttifaqından miras qalıb. Bu problemin həll yolunu tapmaq üçün təmkin və müdriklik göstərməli, bir-birimizə hörmətlə yanaşmalıyıq” - deyə V.Putin bildirib.

V.Putin onu da xatırladıb ki, üç dövlət başçısı dünən axşam sambo yarışlarına baxmağa gedəndə üçlükdə qeyri-rəsmi şəkildə də danışıblar. Onun sözlərinə görə, bu da ən ağır mövzularda açıq, səmimi söhbət etmək üçün müəyyən pozitiv atmosfer yaradır.

“Qarabağ məsələsi öz həllini tələb edir. O, çox uzandı. Ümid edirəm ki, cənab Putinin bu prosesdə şəxsi iştirakı danaışıqlara yeni təkan verəcək.

Qeyd etdiyiniz kimi, artıq danışıqların formatı mövcuddur. Həmçinin münaqişənin həlli üçün hüquqi baza var. BMT erməni işğalçı qüvvələrinin Azərbaycan ərazilərindən danışıqsız çıxmasını tələb edən 4 qətnamə qəbul edib. O vaxtdan 20 il keçir. Amma həmin qətnamələr təəssüf ki, elə kağız üzərində də qalır...

Məncə, Rusiya bizim yaxın dostumuz, tərəfdaşımız və qonşumuz kimi tənzimlənmə prosesində xüsusi rola malikdir. Ümid edirik ki, yaxın vaxtlarda dinc yolla, danışıqlar yolu ilə problemin həll variantını tapacağıq. Bu həll yolu da həm beynəlxalq norma və prinsiplərə uyğun gələcək, həm də ədalətli olacaq” - deyə Azərbaycan prezidenti İlham Əliyev danışıqlar zamanı çıxışında V.Putinə xitabən bildirib.

"Mən hesab edirəm ki, münaqişə həll edilməlidir. Münaqişənin isə ATƏT-in irəli sürdüyü prinsiplər əsasında həlli mümkündür" - bunu isə Ermənistan prezidenti Serj Sərkisyan Soçidə prezidentlərin üçtərəfli görüşündə deyib.
Serj Sərkisyan daha sonra Azərbaycanı ittiham edib: "Azərbaycan tərəfi həmişə BMT Təhlükəsizlik Şurasının qətnamələrindən söz açır. Azərbaycanın özü o qətnamələrin hansı maddələrini həyata keçirib? Ermənistan isə o qətnaməyə uyğun olaraq döyüş əməliyyatlarını dayandırıb. Biz əgər 1990-cı illərə qayıtsaq, deyə bilərik ki, o vaxtlar kiməsə yaxşı olub, kiməsə pis, bunları deməyin yeri yoxdur. Əgər yenidən bir-birimizi ittiham etsək, bu münaqişə öz həllini tapmayacaq".
Ermənistan prezidenti sonda görüşün təşkil edilməsi üçün Rusiya prezidenti Vladimir Putinə minnətdarlığını bildirib.

Qeyd edək ki, prezidentlərin danışıqları üçtərəfli formatda davam edir. Sonradan nümayəndə heyətlərinin də danışıqlar prosesinə qoşulacağı gözlənilir.

* * *16:10

Azərbaycan prezidenti İlham Əliyev, Rusiya prezidenti Vladimir Putin və Ermənistan prezidenti Serj Sərkisyan arasında üçtərəfli Qarabağ danışıqları başlayıb.

Virtualaz.org xəbər verir ki, danışıqlar Rusiya prezidentinin Soçidəki “Boçarov ruçey” iqamətgahında keçirilir.

“Üç dövlət başçısının danışıqları Dağlıq Qarabağda vəziyyətin gərginləşməsi fonunda keçirilir. Atışma nəticəsində hər iki tərəfdən itkilər olub” - deyə “RİA Novosti” prezidentlərin görüşü barədəki xəbərində bildirir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar