SOCAR “Star”dakı payını niyə satır?

11-08-2014, 12:46   
SOCAR “Star”dakı payını niyə satır?Rövnəq Abdullayev Gülən-Ərdoğan savaşından hədəfə gəlmək istəmir

SOCAR Türkiyə şirkətinin baş direktoru Kənan Yavuz Reuters agentliyinə açıqlamasında bildirib ki, “Star Media” qrupda malik olduqları 50 faiz payı satacaqlar. Bu məqsədlə əvvəl həmin holdinqin ortağı olmuş və hissələrini SOCAR-a satmış Fəttah Tamincə ilə danışıqlara başlanıb.

Kənan Yavuzun sözlərinə görə, bu addımın əsas məqsədi bütün diqqəti ölkədəki iri layihələrə cəmləşdirməkdir. Beləliklə, SOCAR Türkiyənin media sektorundan tam çıxacaq.

“Star Media” qrupa eyniadlı qəzet və “Kanal 24" televiziyası aiddir. Dövlət Neft Şirkəti ötən ilin mayında bu holdinqdə pay almışdı. Həmin vaxt SOCAR-ın bu addımı birmənalı qarşılanmamışdı. Dövlət Neft Şirkətinin Türkiyədəki əsas fəaliyyəti ”Petkim" neft-kimya kompleksi, konteyner limanı və Star neft emalı zavodunun tikintisidir(ANS).

SOCAR-ın bu addımı siyasi motivlərlə izah edilir. Azərbaycanda nurçu məsələsi gündəmə gələndə onlarla əlaqəli olmaqda ittiham olunan məmurlardan biri də SOCAR-ın prezidenti Rövnəq Abdullayev idi. Ümumiyyətlə, SOCAR-ın nurçularla bağlılığı, onların tədbirlərinin sponsorluq etməsi barədə məlumatlar yayılmışdı. Həmçinin gülənçilərin də müəyyən məsələlərdə Rövnəq Abdullayevə yardımlarının olduğu bildirilirdi. Gülənə yaxın “Çağ” öyrətim mərkəzini də nurçu məsələsi gündəmə gələndə ARDNŞ qanadı altına aldı. Lakin Ərdoğanın israrlı tələblərindən sonra Gülənə yaxın məktəblər qapadıldı. Rövnəq Abdullayev faktiki olaraq nurçulara yardım edə bilmədi.

Bir müddət əvvəl isə Gülənə yaxınlığı ilə seçilən “Taraf” qəzeti SOCAR-ı hədəfə aldı. “Taraf” Ərdoğana yaxınlığı ilə seçilən “Star” qəzetini Israilə münasibətdə qeyri-səmimilikdə ittiham etdi. Bu qəzetin sahibinin, yəni SOCAR-ın Israilə neft satdığını yazdı.

“Taraf”ın bu yazısını Rövnəq Abdullayevə mesaj kimi qiymətləndirənlər də oldu. Maraqlıdır ki, məhz bundan az sonra SOCAR “Star”dakı payının 50 faizini satacağını bəyan edib. Görünür, Rövnəq Abdullayev Gülən-Ərdoğan savaşında Türkiyə ictimai rəyinə təsir edən bir media qrupunun sahibi kimi hədəfə gələcəyindən ehtiyat edir. Onsuz da bu media qrupu Ərdoğana yaxınlığı ilə seçilir. Yəni, bu savaşda tərəfdir. Bu isə Rövnəq Abdullayev üçün başağrısına çevrilə bilər.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar