Azərbaycanda qiymətlər qalxa bilər

11-08-2014, 12:51   
Azərbaycanda qiymətlər qalxa bilərAvropa ölkələrinə ərzaq embarqosu qoyan Rusiya eyni siyasəti Azərbaycana qarşı tətbiq etsə...
Vahid Məhərrəmov: «Idxala qoyulan məhdudiyyət ərzaq bazarında qıtlıq yaratmasa da, qiymət artımına səbəb olacaq»
Rusiya hökumətinin Avropa Birliyi ölkələri, ABŞ, Avstraliya, Kanada və Norveçdən idxal olunan bir sıra ərzaq məhsullarına embarqo qoyması başqa ölkələr üçün fürsətlər açıb. Qeyd edək ki, Rusiya bu ölkələrdən mal əti, donuz əti, meyvə və tərəvəz, quş, balıq, pendir, süd və süd məhsullarının idxalına qadağa qoyub. Qadağaya səbəb isə adıçəkilən dövlətlərin şimal qonşumuza sanksiyalar tətbiq etməsidir.
Artıq Braziliya və Türkiyə Rusiyanın kənd təsərrüfatı məhsullarına olan tələbatlarını ödəməyə hazır olduqlarını bəyan edib. Braziliya quş əti və məhsulları ilə tam təmin etməyə hazır olduğunu bildirib.
Verilən məlumatlara görə, Azərbaycanla bağlı da müəyyən addımlar atılıb. Bəzi KIV-lərin yazdığına görə, Rusiyadan Azərbaycana ərzaq idaxalı 40 faiz azalıb.
Məsələyə siyasi baxımdan yanaşdıqda bu xəbərdə sevindirici çalarlar da görünür. Belə ki, Rusiya ilə münasibətlərin gərginləşməsi, bu ölkə ilə yolların ayrılması Azərbaycanın Qərbə inteqrasiyasının güclənməsinə xidmət edə bilər. Çünki, Azərbaycan hakimiyyəti bugünə qədər Rusiya amilindən istifadə edərək siyasi manevrlər edib. Bu baxımdan Rusiya ilə soyuq münasibətlər gələcək perspektiv üçün müsbət qiymətləndirilir.
Ancaq Rusiyadan ərzaq idaxalına qoyulan qadağa ərzaq bazarına müəyyən təsirlər edə bilər. Belə olan təqdirdə Azərbaycan alternativ bazar axtarmalıdır.
Ümumiyyətlə, idxal qadağası ərzaq bazarına nə vəd edir?
Kənd təsərrüfatı mütəxəssisi Vahid Məhərrəmov “Azadlıq”a açıqlamasında bildirdi ki, ərzaq idxalına məhdudiyyət qoyulması qiymət artımı ilə nəticələnə bilər: “Azərbaycanın özü daxili tələbatını ödəmək üçün həmin məhsulların bir hissəsini Rusiyadan və digər ölkələrdən idxal edir. Ilk növbədə çalışmalıyıq ki, daxili istehlak tələbatımızı tam ödəyək. Əslində, hər bir dövlət kənd təsərrüfatı məhsullarının istehsalı zamanı onu ixrac etmək kimi qarşısına məqsəd qoymur. Əvvəlcə daxili tələbatı tam ödəməyə çalışırlar, daha sonra bir hissəsini ehtiyat fond kimi saxlayırlar, artıq qalan məhsulu xarici bazara çıxarırlar”.
Ekspert onu da əlavə etdi ki, alternativ bazarların tapılması inhisarçılar üçün yeni fürsət olacaq: “Rusiya bir müddətdir taxıl ixracı ilə bağlı məhdudiyyət qoyur. Azərbaycanda taxıl sahəsində vəziyyət pisləşəndə, Qazaxıstandan taxıl almaq məcburiyyətində qaldıq. Belə olan halda sahibkarlar digər ölkələrə üz tutmalı olurlar. Rusiya öz əhalisinin 90 faizini ət və süd məhsulları ilə təmin edə bilir. Indiki mərhələdə Rusiya çalışacaq ki, daxili istehsal hesabına əhalisinin ərzaq tələbatını tam ödəsin.
Əgər Rusiya Azərbaycana idxalla bağlı məhdudiyyət qoyacaqsa, digər ölkələrdən eyni həcmdə məhsul gələcək. Yəni bu sahədə qıtlıq yaranacağını düşünmürəm. Ancaq həmin ölkələr uzaqda yerləşdiyi, daşınma xərci baha olduğu üçün, nəticədə məhsulun qiyməti də bahalaşacaq. Digər tərəfdən, kəmfürsət oliqarxlar idxalı ələ keçirəcəklər və süni şəkildə qiymətləri qaldıracaqlar".
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar