Qarabağ qazisi bu evdə yaşayır - FOTOLAR

10-01-2021, 09:45   


Qarabağ qazisi bu evdə yaşayır - FOTOLAR


Qarabağ qazisinin anası: "İcra Hakimiyyətindən dedilər ki, biz yox, prezident kömək edəcək"

Kənardan baxanda elə görünür ki, bura ev deyil, döşəməsi torpaq, tavanı isə tam yararsız olan müvəqqəti bir sığınacaqdır. Belə tikililərə daha çox baxımsız və ya müharibədən zərəçəkmiş ərazilərdə rast gəlmək olar, amma bura döyüş bölgəsindən çox uzaq bir ərazidir: Göyçayın Mallı-Şıxlı kəndi. 
Burada müharibə iştirakçısı, sağlamlığını itirmiş Qarabağ qazisi Yusif Məmmədov yaşayır. Bəlkə də, yaşayır demək də doğru deyil, sadəcə, bir küncə sığınıb indi də yalnız anasının köməyi ilə xəstəliyi və ağırıları ilə döyüşür. 
Bu dözülməz şəraitdə yaşayan ailənin isə döymədiyi qapı qalmayıb. 
Anası Maygül Məmmədova Arqument.az-a deyir ki, oğlu II Qarabağ müharibəsinin iştirakçısıdır. O, müharibənin ilk qazilərindəndir və oktyabrın 1-də ağır yaralanıb. 
Dediyinə görə, oğluna hospitalda qapalı fəqərə sütunu, onurğa beyin travması diaqnozu qoyulub: "Yusif Məmmədov cərrahiyyə əməliyyatından sonra sol aşağı ətrafın yüngül, sağ aşağı ətrafın isə dərin monoparest və çanaq orqanları funksiyasının pozulmasından əziyyət çəkir".
Maygül Məmmədova ağır yaralı oğlunun hərəkət edə bilmədiyini, bir yerdən digər yerə qucaqda aparıldığını deyir. 
O, hazırda evə məzuniyyətə buraxılan əsgərin böyrəklərində də ciddi fəsadların olduğunu bildirir. "Yarımçıq qalan evimi bərpa etsəydilər, heç olmasa oğlumu bu şəraitdə saxlamazdım"
Göyçay sakini deyir ki, sağlamlığını itirmiş övladını bu şəraitdə saxlaya bilmir. Ona görə də yaşayış durumunun ağır olduğunu deyən şikayətçi tikintisi yarımçıq qalmış evinin bərpa olunmasını istəyir. Bu məqsədlə də Göyçay Rayon İcra Hakimiyyətinə üz tutub, lakin icra başçısı Mehdi Səlimzadə onun şikayətinə etinasız yanaşıb. 
Maygül Məmmədova bundan sonra ölkə başçısına və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət etmək məcburiyyətində qalıb. 
Deyir ki, sonradan dəfələrlə qəbula getsə də, icra başçısı onu nə qəbul edib, nə də hər hansı bir yardım göstərib. 
Ailə hazırda döşəməsi torpaq, tavanı isə tam yararsız olan evdə yaşayır: "Bizə dedilər ki, biz qazi ailələrinə kömək etmirik, prezident özü kömək edəcək. Artıq 2 həftədir ki, bütün aidiyyəti qurumlara müraciət etmişəm, amma hələ də cavab almamışam".  "Tək istəyim oğlumun qalması üçün isti bir ocağın olmasıdır”
Maygül Məmmədova belə ağır şəraitdə yaşamasına baxmayaraq, əvvəllər heç bir quruma müraciət etmədiyini deyir, amma indi sağlamlığını itirmiş oğlunu bu şəraitdə saxlaya bilmir. 
"Mən əvvəldən bu evdə yaşasam da, heç kəsə müraciət etməmişəm. Amma indi əlacım qalmayıb. Həkimlər də belə bir şəraitdə nəinki xəstə, hətta sağlam adamın da qalmasının insan səhhətinə ziyan olduğunu deyir. Ev şəraitim pis vəziyyətdədir. Tək istəyim oğlumun qalması üçün isti bir ocağın olmasıdır”, - o belə deyir. 
Şikayətlə bağlı Göyçay Rayon İcra Hakimiyyətindən münasibət almaq mümkün olmayıb. 
Vüsalə Mikayıl 



Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.