1952-ci ildə Londonda baş verən “duman hadisəsi” dünyanın indiyədək gördüyü ən pis fəlakətlərdən biri olub.
Dünya tarixi boyunca milyonlarla insan bir çox təbii fəlakət, epidemiya və ya insanın yaratdığı hadisələrdə həyatını itirib. Texnologiyanın və elmin inkişaf etmədiyi illərdə fəlakətlərin qarşısını almaq çətin olub. Digər tərəfdən, səhiyyə müəssisələri inkişaf etdirilmədiyi üçün fəlakətlərdən sonra kifayət qədər insana tibbi müdaxilə edilməyib. Nəticə isə ağır olub. 1952-ci ilin dekabrında Londonda baş verən “duman hadisəsi” bunlardan biri idi. Qeyri-rəsmi mənbələrə görə, yalnız bir neçə gündə 12 min nəfər duman səbəbindən ölüb.
Bəs bu duman insanların ölümünə necə səbəb olub?
Musavat.com sizlərə Duman fəlakəti haqqında bir neçə faktları təqdim edir.
London 13-cü əsrdən bəri havanın çirklənməsindən əziyyət çəkirdi. Bu vəziyyət 1600-cü illərdə daha da pisləşdi. Lakin 1952-ci ildə vəziyyət içindən çıxılmaz bir hal aldı. O dövrdə bir çox evdə kömür sobaları istifadə olunurdu.
1952-ci ilin dekabrına qədər London sakinləri qeyri-adi dərəcədə soyuq bir hava ilə qarşılaşdılar. Buna görə isinmək üçün daha çox kömür yandırdılar.
Beləliklə də havada kükürd dioksidin miqdarı artdı. Böyük London bölgəsində “Fulham”, “Battersea”, “Bankside”, “Greenwich” və “Kingston upon Thames” də daxil olmaqla bir neçə kömürlə işləyən elektrik stansiyaları var idi.
Təbii ki, bütün bunlar havanın çirklənməsini daha da artırdı.
4 dekabr tarixində London sakinləri qeyri-adi bir günə oyandılar. Duman bütün şəhəri bürünmüşdü, görüntü xeyli azalmışdı. Külək əsmədiyi və kömür sobaları yanmağa davam etdiyi üçün bütün zəhərli qazlar havadakı dumanların içində toplanmışdı.
İngiltərənin Meteorologiya İdarəsinin o dövrdə yaydığı məlumata görə, həmin ərəfədə havaya aşağıdakı maddələr qarışıb:1000 tona yaxın tüstü hissəcikləri;
140 ton xlorid turşusu ;
14 ton flüor birləşmələri ;
370 ton kükürd dioksid sulfat turşusu.
Yaranan duman, kükürd dioksid, evdən çıxan tüstülər, avtomobillərin mühərriklərindən çıxan qazlar və bu kimi digər hava çirkləndirici maddələr bir-birinə qarışaraq, ertəsi gün paytaxtı bürüyən davamlı bir duman meydana gətirdi. Dekabrın 4-də şəhəri bürüyən duman səbəbindən ictimai nəqliyyatın fəaliyyəti dayandırıldı. Dumandakı sıx qaz nəfəs alan insanlarda narahatlığa səbəb oldu. London metrosu xaricində ictimai nəqliyyat işləmirdi. Duman səbəbindən görmə qabiliyyəti 1 metrə enmişdi. Duman o qədər sıx idi ki, məhdud ərazilərə belə sızmışdı. Bu səbəbdən konsertlər və film nümayişləri ləğv edilmişdi. Bundan əlavə ekstremal idman tədbirləri də təxirə salınmışdı. Duman o qədər qatı idi ki, evlərindən çıxan insanlar geri dönə bilmirdilər. İnsanlar yalnız yaxın evlərdən tutaraq hərəkət edirdilər.
Bir çox insan tənəffüs çətinliyi ilə xəstəxanalara müraciət etdi. Gözlənilmədən yüzlərlə insan zəhərlənmişdi. Xəstəxanalar dolurdu, lakin qurbanları sayı bitmək bilmirdi. Ən qəribəsi isə o idi ki, həkimlər xəstələrə demək olar ki, heç nə ilə kömək edə bilmirdilər.
8 dekabrda dumanın qurbanı olan körpə uşaqlar, qocalar və nəfəs xəstəliklərindən əziyyət çəkənlərin sayı dörd minə çatdı.
Hesabatlara görə, ilk gündə 100-dən çox adam, ikinci gündə isə 300-dən çox adam duman səbəbiylə həyatını itirib. 4 dekabrda şəhəri cənginə alan duman 9 dekabra qədər davam etdi.
Rəsmi hesabatlarda 6 min insanın duman səbəbindən öldüyü yazılsa da, hava təmizləndikdən sonra da ölümlər davam edib. Ölümlərin çoxu tənəffüs yolu infeksiyaları, hipoksiyadan və tüstüdən ağciyərdə yaranan infeksiyalar səbəbindən baş verib. 2004-cü ildə nəşr olunan araşdırmalar göstərir ki, ölənlərin sayı mövcud təxminlərdən xeyli çoxdur, təxminən 12 min.
12 min insanın öldüyü bu fəlakətdən sonra 1956-cı ildə Londonda Təmiz Hava Qanunu qəbul edilib. Bu qanunla havanın çirklənməsini azaldılıb. Ev sahiblərinə kömür əvəzinə fərqli alternativlərdən istifadə etmələri tövsiyə edilib.
Turan OrucMusavat.com