200 manatlıq pensiya ilə vətəndaş nə qədər məhsul və ya xidmət ala bilir?
13-01-2021, 09:56
2020-ci il üçün yaşayış minimumu ölkə üzrə 190 manat, əmək qabiliyyətli əhali üçün 201 manat, pensiyaçılar üçün 157 manat, uşaqlar üçün 170 manat, ehtiyac meyarı isə 160 manat məbləğində müəyyən edilib. Pensiya və təqaüdlərin artım səbəblərini və onun rifaha təsirini iqtisadçı Rövşən Ağayev “Margin.az”a şərh edib. O bildirib ki, 2014-2020-ci illərdə pensiyanın orta məbləği təqribən 40 faizlik artımla 263,6 manat olub. İqtisadçı bildirib ki, minimum pensiyanın məbləğində isə daha çox artım qeydə alınıb: “Belə ki, minimum pensiya 110 manatdan 200 manata qədər artıb. Sosial pensiyanın həcmində isə 2 dəfədən çox artım var. Burada əsas məsələ təkcə pensiyanın məbləği deyil, eyni zamanda alıcılıq qabiliyyətidir. Məsələn, 200 manatlıq pensiya ilə vətəndaş nə qədər məhsul və ya xidmət ala bilir? Məsələn beş il bundan əvvəl insanlar 100 manat pensiya ilə və indiki 200 manat məbləğində pensiya ilə nə qədər məhsul və ya xidmət ala bilir? Önəmli olan budur”. Rövşən Ağayev burada əsas məqamın minimum pensiyanın yaşayış minimumuna olan nisbəti olduğunu bildirib: “2010-cu ildə minimum pensiya 85 manat idi. 2020-ci ildə bu rəqəm 200 manat oldu. 10 il ərzində nominal olaraq pensiyanın bu növü 2,5 dəfə artıb. Amma əgər bu inflyasiya tempini qarşılamırsa nominal məbləğin artımının bir o qədər də artımı qalmayıb. 2010-cu ildə minimum pensiyanın yaşayış minimumuna nisbəti 125 faiz olub. 2020-ci ildə bu göstərici 127,4 faiz olub. Yəni 10 il ərzində nominal məbləğlər 2,5 dəfə artsa da yaşayış minimumuna olan nisbət çox cüzi dəyişib. Hətta bəzi dövrlərdə minimum pensiyanın yaşayış göstəricisinə olan nisbətində ciddi azalma olub. Belə ki, 2013-cü ildə bu rəqəm 106, 2015-ci ildə 92,6 faziə düşüb. 2017-2018 ci illərdə isə bu rəqəm ən aşağ həddə, 76 faizə qədər düşüb. 2019-cu illərdə olan artımların hesabına bu göstərici yenidən 2010-cu il səviyyəsinə çatdı.Yəni faktiki olaraq nominal məbləğin nə qədər dəyişməyindən asılı olmayaraq alıcılıq qabiliyyəti 10 il əvvəlki səviyyədədir”. R.Ağayev əlavə edib ki, alıcılıq qabiliyyəti baxımından qiymətləndirildikdə orta pensiyada da vəziyyət eynidi: “ Məsələn, 2014-cü ildə orta pensiyanın yaşayış minimumuna nisbəti 165,5 faiz olub. 2020-ci ildə bu göstərici 167,9 faiz olub. Lakin orta pensiyanın məbləği 2014-cü ildə 170 manatdan 264 manata qədər, yəni 40 faizə qədər artıb. Yəni nominal olaraq bu göstərici manatla ifadəsində 40 faziədək artsa da vətəndaşın aldığı məhsul və xidmətlərin həcmi çox cüzi, 4 faizə qədər artıb. Hökumət neftin qiymətinin yüksək olduğu vaxtlarda sosial siyasətə bir o qədər də ciddi əhəmiyyət verməyib . Həmin dövrdə maaş və pensiyaların məbləği çox aşağı idi. 2015-ci ildə devalvasiyadan sonra ölkədə sosial vəziyyət xeyli pisləşdi. Hətta 2008-ci ildən sonra ilk dəfə ikirəqəmli inflyasiya 2016-17 ci illərdə qeydə alındı. Həmin illərdə inflyasiya göstəricisi 12,5-13 faiz oldu. Bunun da əsas səbəbi devalvasiyadan sonra manatın iki dəfə dəyər itirməsi idi. Hökumət ölkədə sosial vəziyyətin ağırlaşdığını və əhali arasında sosial narazılığın artdığını gördü. Ona görə də minimum əməkhaqqı və pensiyaların artırılması məsələsinə diqqət yetirildi. İlkin mərhələdə, 2018-ci ildə minimum pensiya 10 faiz artırıldı və sabit qaldı. Amma 2019-cu ildə minimum əmək haqqı və pensiyaların 50 faizə qədər qalxması ilə bağlı qərar qəbul edildi. Hətta 2019-cu ilin fevral ayında minimum pensiya 110 manatdan 160 manata, ilin sonunda 160 manatdan 200 manatadək qaldırdı. Həmin dövrdə orta pensiyanın məbləğində də ciddi artım qeydə alındı. 2019-cuildə pensiyaların indeksləşdirilməsi inflyasiyaya əsaslanırdı. Amma hökumət 2020-ci ildən bu orta əmək haqqının artımına uyğun indeksləşdirildi. Ümumiyyətlə götürkdə isə pensiyaların məbləğinin dollarla müqayisə olunmasının tərəfdarı deyiləm. Düzdür, göstəricilərin dollarla müqayisəsi vacibdir, amma bizim üçün önəmli olan yaşayış minimumu ilə müqayisəsidir”.