Çin son 6 ayda ilk dəfə yenidən karantin qərarı alıb.Virtualaz.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, Çinin Hebei əyalətinin 4,9 milyon əhalisi olan Langfang şəhərində 1 həftəlik karantin elan edilib, şəhərə giriş-çıxış dayandırılıb. 12 kənddə 20 mindən çox çinli karantin mərkəzinə göndərilib.
Yanvarın 12-də açıqlanan göstəricilər son 6 ayın ən kritik nəticələri kimi dəyərləndirilib.
Bununla yanaşı, koronavirusla bağlı aparılan növbəti araşdırmaların nəticələri də açıqlanıb. COVİD-19 infeksiyasının ilk qeydə alındığı Uhanda hər 4 xəstədən 3-də virusa yoluxandan 6 ay sonra sağlıq problemləri yarandığı bəlli olub. Yeni araşdırmalar həyəcan yaradıb, çünki sağalaraq evə buraxılanların bəzilərinin səhhəti pisləşib, baxıma ehtiyacları olduğu ortaya çıxıb. Araşdırma ötən ilin yanvar və may aylarında virusa yoluxmuş 1700 xəstə üzərində aparılıb, onlar 6 ay müşahidə altında olublar. Xəstəlikdən sağalanların böyük əksəriyyətində yorğunluq və əzələ zəifliyi, 26 faizində yuxu pozuntuları, 23 faizində isə psixoloji problemlər qeydə alınıb. Ağciyər və böyrəklərdə əlamətlər qaldığı da məlum olub.
Ü.XudiyevaVirtualaz.org