“Koronadan sağalanlar ehtiyatlı olsunlar...” - həkimlərdən xəbərdarlıq

16-01-2021, 11:49   




Azərbaycanda kütləvi vaksinasiya nə vaxt başlayır?

Dünyada koronavirusla mübarizə tədbirləri davam etdirildiyi halda Azərbaycanda da virusun mutasiyaya uğramış formasının yayılmasından narahatlıq var. Bu arada Ümumdünya Səhiyyə Təşkilatı koronavirus pandemiyasının ikinci ilinin bəşəriyyət üçün birincisindən daha təhlükəli olacağını bildirib. Qurumdan qeyd edilib ki, son iki həftə ərzində daxil olan məlumatlar yoluxmanın yenidən pikə qalxdığını göstərir.Anaxeber.info xəbər verir ki,Çində koronavirusla bağlı aparılan araşdırmalar 4 xəstədən 3-də virusa yoluxandan 6 ay sonra sağlıq problemlərinin yarandığını üzə çıxarıb. Yeni araşdırmalar həyəcan yaradıb, çünki sağalaraq evə buraxılanlardan bəzilərinin səhhəti pisləşib. Xəstəlikdən sağalanların böyük əksəriyyətində yorğunluq və əzələ zəifliyi, 26 faizində yuxu pozuntuları, 23 faizində isə psixoloji problemlər qeydə alınıb. Ağciyər və böyrəklərdə əlamətlər qaldığı da məlum olub. Azərbaycanda da, virusa yoluxub sağalanlar arasında fəsadların yarandığını deyənlər var.
Koronavirus orqanizmə nə kimi fəsadlar verə bilər? Həkimlər sağalan xəstələrə nə kimi tövsiyələr edir?
Azerbaijani scientist: “It is too early to circulate information about the  new type of coronavirus with such excitement”
Bizimlə söhbətdə Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti klinikasının tibb elmləri doktoru, azərbaycanlı alim Nuran Abdullayev bildirib ki, COVİD-19 virusu nəinki ağciyərlərdə, bağırsaqda da, böyrəklərdə də, ürəkdə də, beyində də tapılıb: “Vacib olan amil isə ondan ibarətdir ki, bəzən düşünürdülər birinci ağciyərə gedib daha sonra başqa orqanlara fəsadlar törədir. Amma bu virusa xas olan əlamətdən biri də odur ki, ağciyərə getmədən də birbaşa beyinə, ürəyə, başqa orqanlara təsir edə bilir. Bağırsaqlarda da həmin virusun təsiri var. Koronavirusun zədələdiyi orqanların xüsusi dərmanı və ya xüsusi yolu yoxdur. Sadəcə yoluxmamağa çalışmaq lazımdır. Artıq yoluxub müəyyən simptomları keçirdikdən sonra diqqətli olmaq lazımdır ki, başqa simptomlar varsa, həkimə müraciət etmək lazımdır. Ürəkdə simptom varsa, ürək həkiminə, başda varsa, nevropotoloqa müraciət olunmalıdır. Başqa elə bir vasitə, dərman hələ yoxdur ki, onu qəbul edib bütün xəstəliyin qarşısı birdən alınsın.
Frankfurtda belə bir araşdırma aparıblar.
Virusu yüngül keçirənlər müəyyən ürək şikayətləri olduğuna görə ürək müayinəsinə gətirliblər və MRT müayinəsi ediliblər. Görüblər ki, onların ürək əzələsində həqiqətən müəyyən dəyşikliklər olub. Bu da orda baş verən iltihaba görədir. Bununla da sübut olunub ki, virusu yüngül və ya ağır keçirməsinə baxmayaraq sağaldıqdan sonra ürəkdə müəyyən şikayətlər varsa, bu iltihablı prosesin göstəricisi ola bilər. Ona görə də zamanında həkimə getmək vacibdir. Bu, vaxtında bəlli olarsa, həmin iltihablı prosesin qarşısını asanlıqla almaq mümkün olar. Eyni vəziyyət beyində və onurğa beynində də rast gəlinə bilər. Koronavirusdan sağaldıqdan bir müddət sonra beyində və onurğa beynində müəyyən iltihab yarana bilər. Bu barədə mənim özümün də elmi tədqiqatım var, yaxın zamanlarda elmi ədəbiyyatda çıxacaq. İnsanlarda virusdan sağaldıqdan sonra müəyyən başağrıları, nevroloji simptomlar olarsa, mütləq vaxtında həkimə müraciət etsinlər ki, ağırlaşma olmasın".
Doktor virusun Afrikada yayılan növü haqqında da danışıb: “Cənubi Afrikada COVID-19-un İngiltərədə yayılmış yeni virus variantından fərqli bir mutasiyasına rast gəlinib ki, bunun da səbəbi ”escape" mutasiyasıdır. Hər ikisinin təqibi Azərbaycan üçün önəmlidir. Virusa yoluxub sağalan şəxslər mütləq daha ehtiyatlı olmalıdırlar, onların qaydalara əməl etməməsi virusun mutasiyaya uğramasına və onun fərqli yoluxduruculuq əmsalı ilə yayılmasına səbəb olur. İngiltərədə və cənubi Afrikada olan bu viruslara da bu günə qədər bizə bəlli olan üsullarla qalib gəlmək olar. Sadəcə bunların daha da çoxalması normal həyata dönməyimizi uzadır".
İnfeksionist Gülnar Əhmədova da koronavirusun orqanizmdə digər orqanlara təsirindən danışıb: “Xəstəlik birinci növbədə damarı, siniri, ümumiyyətlə orqanizmdə epitel hüceyrə harda varsa, oranı zədələyir. Epitel hüceyrə də demək olar ki, hər yerdə var. Təbii ki, virus qaraciyərdən keçir. Bundan sonra hər yeri zədələyir. Qaraciyər elə bir orqandır ki, onun bərpası çox sürətlə gedir. Amma virusun birbaşa qaraciyərə təsir edərək ondan xəstəlik yaratması kimi əlaməti yoxdur. Virus digər orqanlara təsir edir, amma bunun bərpası uzun çəkən deyil. Düzgün müalicə ilə tez bir zamanda bərpa oluna bilər”.
G.Əhmədova əlavə edib ki, sağalandan sonra qidalanmaya önəm verilməlidir: “Koronavirusdan sağalandan sonra hər həkim öz xəstəsinə individual yanaşır. Amma ümumiyyətlə, qidalanmaya fikir vermək lazımdır. Vitaminli, sulu yeməklər qəbul edilməlidir. Vaxtlı-vaxtında, rejimlə yemək lazımdır. Artıq yemək, mədəni əlavə yükləmək olmaz. Yəni bədəni yormamaq lazımdır”.
Virusa qalib gəlməyin yeganə yolu isə vaksinlərin tətbiqidir. Bir gün öncə qardaş ölkə Türkiyədə vaksinasiyaya başlandı. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da koronavirusa qarşı peyvənd olundu. Azərbaycanda da Türkiyə ilə eyni vaxtda peyvəndləməyə başlanacağı bildirilirdi. TƏBİB-dən isə bu suala cavab olaraq deyildi ki, vaksinasiya ilə bağlı açıqlama rəsmi olaraq ictimaiyyətə bildiriləcək.
Afaq MİRAYİQ,
“Yeni Müsavat”
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.