Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri ötən həftə Moskvada görüşüb razılığa gəliblər ki, regionda kommunikasiya əlaqələri bərpa edilsin.
İclasda üç ölkənin baş nazir müavinlərinin rəhbərlik etdiyi "bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələrinin açılması" ilə məşğul olacaq işçi qrupunun yaradılması razılaşdırılıb.
Razılıqda iki əsas marşrutun bərpası qeyd olunub.
Birinci, Azərbaycanın böyük hissəsindən Ermənistanın Sünik bölgəsindən keçməli olan anklav - Naxçıvana avtomobil və dəmiryolu dəhlizidir.
İkinci, Yerevandan Naxçıvana aparacaq, Ermənistanın eyni Sünik bölgəsindən keçəcək dəmiryoludur. Hər iki marşrut Sovet dövründə istifadə olunub, lakin Dağlıq Qarabağ münaqişəsindən sonra bu istiqamətlərdə yollar fəaliyyətini dayandırıb.
Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı səbəbindən Türkiyə də Ermənistanla dəmiryolu və avtomobil nəqliyyatı üçün sərhədini bağlayıb. Nəticədə Ermənistan Gürcüstan və İrandan gələn və hər ikisi yüksək dağlıq ərazidən keçən iki marşruta möhtac qalıb.
Kommunikasiya xətlərinin bərpası barədə detallı məlumat olmasa da, BBC News Azərbaycancaya danışan siyasi, iqtisadi və nəqliyyat üzrə mütəxəssislər bu layihənin Azərbaycan üçün faydalı olacağı barədə həmfikir olduqlarını deyiblər.
İqtisadi məsələlər üzrə şərhçi Rövşən Ağayev hesab edir ki, bu kommunikasiya xətlərinin bərpasının iqtisadi səmərəsi Rusiya və Ermənistan üçün daha böyük olacaq.
Onun sözlərinə görə, bu layihənin Azərbaycan üçün siyasi mənfəəti çox önəmlidir.
"Türkiyə və Azərbaycanı tərəzinin bir gözünə qoysaq, Ermənistanla Rusiyanı da müttəfiq olaraq tərəzinin digər gözünə qoysaq, mənim gözləntimə və təhlilərimə görə, bu xəttin açılmasının iqtisadi üstünlükləri Rusiya və Ermənistan üçün daha çox olacaq, nəinki Azərbaycan və Türkiyə", - Rövşən Ağayev deyib.
Ermənistanda isə hesab edirlər ki, nəqliyyat kommunikasiyalarının açılması "Ermənistan dövlətçiliyinə təhlükə" yaradır.
İqtisadi məsələlər üzrə şərhçi Rövşən Ağayevə görə, Rusiya bu layihə sayəsində müttəfiqi Ermənistanla, İranla və Türkiyə ilə dəmiryolu əlaqəsi əldə edir.
Türkiyənin Anadolu Agentliyinin xəbərinə görə, planlaşdırılan marşrutun Ermənistan ərazisindən keçəcək 43 kilometrlik hissəsinin inşası üçün Rusiya ilə Azərbaycan razılaşacaqlar. Agentlik bildirib ki, Ermənistan dəmiryollarının mülkiyyətinin Rusiyaya aid olmasına görə bu razılaşma Azərbaycanla Rusiya arasında olacaq.
Rusiyadan Azərbaycana daşınan yüklərin böyük hissəsi dəmiryolu ilə şimaldan daşınır. Planlaşdırılan marşrut işə düşdükdə Rusiyadan gələn yüklər kəsinti olmadan Ermənistana, İrana və Türkiyəyə dəmiryolu ilə gedə biləcək.
Siyasi məsələlər üzrə şərhçi Sülhəddin Əkbər BBC News Azərbaycancaya deyib ki, bu kommunikasiya xətləri Çinin "Bir kəmər, bir yol" layihəsinin orta dəhlizinin bir parçasıdır və bu məsələlərə geo-ekonomik konteksdə baxmaq lazımdır.
"Bu, Londondan Pekinədək olan bir yolun tıxanmış hissəsinin yenidən açılmasına yönələn addımdır. Bu kommuniksiyaların dəmiryolu, avtomobil yolunun açılması gələcəkdə qaz boru kəmərlərinin və ya digər kommunikasiyaların çəkilməsi də bütün regiona müsbət təsir edəcək",- Sülhəddin Əkbər deyib.
Rövşən Ağayevə görə, bu layihənin bərpasından ən çox fayda götürənlərdən biri Ermənistan olacaq və onun qapalı iqtisadiyyatı dirçələcək.
"Ermənistan iqtisadiyyatı tam qapanıb, əsas yükdaşıması Gürcüstan üzərindəndir, o da bəzi yüklərə məhdudiyyət qoyub. İkinci Qarabağ Müharibəsində hərbi yüklərin daşınmasına qoyulan qadağa buna misaldır", - Rövşən Ağayev deyib.
Ermənistandan olan şərhçi Larisa Alaverdyan isə hesab edir ki, nəqliyyat kommunikasiyalarının açılması Ermənistan dövlətçiliyinə təhlükə yaradır.
"Şübhəsiz, bu, bütün erməni xalqına zorla qəbul etdirilmiş ideya - guya Naxçıvanı Azərbaycanla yalnız Ermənistan üzərindən bağlamaq olar - əsaslı narahatlıq doğurur. Bu, gülməlidir. Çünki Naxçıvanla Azərbaycan arasında bütün bu illər çox rahat İran üzərindən əlaqə olub... Məhz Türkiyə və Azərbaycanın Naxçıvanın məhz Ermənistan üzərindən - özü də ölkənin mərkəzi hissəsi üzərindən - birləşdirilməsini təkid etməsi birmənalı Ermənistanın təhlükəsizliyini təhdid edən amildir", - o deyir.
Alaverdyanın sözlərinə görə, hər ölkə öz təhlükəsizliyini bütün mümkün vasitələrlə müdafiə etməlidir: "Bu halda isə, ölkə ərazisinin bir hissəsi, bu halda, mərkəzi hissəsi əlçatmaz olur və özlərini Ermənistana düşmən kimi təqdim edən iki ölkənin nəzarətinə düşür".
"Azərbaycanla Türkiyə açıq, hətta deyərdim, nümayişkaranə özlərini erməni dövlətçiliyinin ləğv edilməsində maraqlı ölkələr kimi eyniləşdirməsəydilər, ola bilsin ki, bu ehtiyatlanma tarixi yaddaş nəticəsi kimi görünərdi. Lakin bir halda ki, bu gün bu iki dövlətin real siyasəti, bir daha deyirəm, nəinki açıq-aşkar, nümayişkaranə şəkildə erməni dövlətçiliyinə qarşı yönəlib, buna görə də qorxu doğurur", - Larisa Alaverdyan iddia edib.
Azərbaycan prezidenti İlham Əliyev Rusiyada Ermənistan Baş naziri Nikol Paşinyanla görüşündən sonra verdiyi açıqlamada, yeni regional nəqliyyat layihələrindən Ermənistanın da fayda görəcəyini vurğulayıb.
İqtisadçı Rövşən Ağayev hesab edir ki, Türkiyə üçün burada hazır infrastruktur var, Qarsdan Axalkalakiyə, oradan Gürcüstan ərazisindən keçməklə Azərbaycana gəlir və Türkiyə faktiki 870 kilometr məsafə ilə öz yüklərini Bakıya çatdıra bilir.
Cənab Ağayev deyib ki, Türkiyə nəzərdə tutulan Naxçıvan marşrutundan da yaralana bilər.
"Türkiyə üçün burada iqtisadi baxımdan iki üstünlük var. Birinci, marşrutlar diversifikasiya olunur. İstənilən ölkə üçün marşrutun diversifikasiyası çox vacibdir. Çünki sabah elə bir vəziyyət yarana bilər ki, marşrutun biri istifadə oluna bilməz. Necə ki, Ermənistanla bizim aramızda konflikt yarandı və 30 ilə yaxın yollar bağlı qaldı. Gümrü ilə Türkiyə arasında marşrut da belə bağlı qaldı. Bu baxımdan marşrutlar nə qədər diversifikasiya olunarlarsa, bir o qədər üstünlükdür. Məsələn, Türkiyənin Orta Asiyaya çıxması, Rusiyaya dəniz və dəmiryolu vasitəsiylə iki marşrutun olması üstünlükdür", - Rövşən Ağayev deyib.
O hesab edir ki, Türkiyənin qazanacağı ikinci üstünlük Azərbaycanla Naxçıvan vasitəsiylə birbaşa əlaqə qura bilməsi olacaq.
Rövşən Ağayev deyib ki, Azərbaycan üçün bu məsələdə iqtisadi üstünlük daxili məsələdir.
"Naxçıvanın ölkənin böyük hissəsi ilə quru sərhəddi yox idi və əlaqə təyyarə ilə baş tuturdu. Hər il dövlət büdcəsindən on milyonlarla vəsait təyyarənin subsidiyalaşdırılmasına sərf olunurdu. Quru əlaqə dəmir yolu və avtomobil yolu ilə təmin olunarsa, büdcənin subsidiyalaşma yükü əhəmiyyətli dərəcədə azalacaq",- Rövşən Ağayev bildirib.
O vurğulayıb ki, Naxçıvanın təcrid olunması aradan qalxacaq və ölkə iqtisadiyyatına inteqrasiya olunması sürətlənəcək.
"Naxçıvan sərhədyanı ticarətdə rol alacaq iqtisadi potensialı olan bir bölgədir. Birbaşa əlaqənin olması onun iqtisadi baxımından hərəkətliliyini, nəqliyyat və əmtəə mobilliyini artıracaq".
Siyasi şərhçi Sülhəddin Əkbərin fikrincə, tərəflərin hansının iqtisadi çəkisi çoxdursa və bu yoldan yükdaşımada daha çox istifadə edəcəksə, o daha çox qazanacaqdır.
Sülhəddin Əkbər deyib ki, "burada böyük oyunçuların qazancı daha çox olacaq. Azərbaycanın da burada qazancı çox olacaq".
O, Ermənistan cəmiyyətində layihəyə etirazla bağlı deyib ki, ermənilər buna iqtisadi məsələ kimi yanaşmır.
"Ermənistanda bu məsələyə iqtisadi məsələ kimi yox, geo-politik məsələ kimi baxırlar. Türkiyə və Azərbaycan arasında birbaşa əlqə yaranması və gələcəkdə bu ərazinin birbaşa dəhlizə çevrilməsindən narahatdırlar. Rusiya və Türkiyənin Azərbaycanla yaxınlaşması baxımından da bunu təhlükəli sayırlar, ona görə də çox tənqid edirlər bu layihəni", - Sülhəddin Əkbər deyib.
Türkiyənin Anadolu Agentliyi razılaşdırılmış marşrut üzrə Azərbaycan, Ermənistan və Türkiyə ərazisində çəkiləcək dəmiryolu və hazırda istifadə olunan dəmiryolu barədə xəritə dərc edib. Oxşar xəritəni Rusiyanın Kommersant nəşri də yayımlayıb, amma hələ ki, Azərbaycan tərəfindən rəsmi heç bir plan açıqlanmayıb.
Yol mühəndisi Rauf Ağamirzəyev BBC News Azərbaycancaya deyib ki, mövcud dəmiryolu şəbəkəsində üzü Naxçıvan istiqamətində Ələt-Culfa dəmiryolu, onun da Horadiz-Ağbənd hissəsi işğal olunduqdan sonra Ermənistan qüvvələri tərəfindən dağıdılıb.
Nəqliyyat üzrə mütəxəssis onu da deyib ki, Araz çayı üzərində Xudafərin su anbarı tikiləndən sonra dəmiryolunun bir hissəsinin su altında qalması səbəbindən bu hissədə yeni dəmiryolu çəkiləcək.
Onun sözlərinə görə, su altında qalan ərazilərdə dəmiryolu yeni istiqamətdə çəkiləcək.
O deyib ki, dəmiryolunun çəkilməsi üçün orada tələb olunan mühəndis həlləri də tətbiq olunmalıdır.
"Avtomobil yolu isə M6 Hacıqabul, Bəhrəmtəpə, Mincivan, Ermənistan Respublikası dövlət sərhəddi avtomobil yoludur. Bu yolun da işğalda olmamış hissəsi yenidən qurulub, amma digər sahələr işğaldan yeni azad olunmuş ərazilər mövcud vəziyyətə, ordan nəzərdə tutulmuş yükdaşımaya cavab vermədiyinə görə yenidən qurulmalıdır",- Rauf Ağamirzəyev bildirib.
Cənab Ağamirzəyevin fikrincə, 30 il ərzində bölgənin reallığı dəyişib, Azərbaycan üzərindən keçən yüklərin həcmi artıb və o dövrün yolu indiki tələblərə cavab vermir. Buna görə də Ermənistan sərhədinə kimi avtomobil yolu yenidən qurulmalıdır.
Mütəxəssis deyib ki, dəmiryolu və avtomobil yolunun nə qədər vaxta çəkiləcəyini indidən demək çətindir. Onun sözlərinə görə, hələ üç tərəfli komissiya və ya ölkələrdən hər hansı biri marşrutlar barədə detallı məlumat verməyiblər.
Buna baxmayaraq, o hesab edir ki, avtomobil yolu daha tez, 1-2 ilə çəkilə bilər, amma dəmir yolunda təbii amillər, relyef, hava şəraiti və başqa amillər nəzərə alınmalıdır.
"Dəmiryolu üzrə müddət demək çətindir, çünki, hansı marşrut üzrə çəkiləcəyini bilmirik. Nələr tikiləcək - tunel, estakada tikiləcəksə, bu daha çox vaxt tələb edir, bunlar kompleks tədbirlərdən asılıdır. Birinci bilmək lazımdır ki, marşrut düzənlik ya dağlıq relyefdən keçəcək",- Rauf Ağamirzəyev deyib.
Onun sözlərinə görə, artıq Türkiyə tərəfi də rəsmi bəyan edib ki, Naxçıvan istiqamətində dəmiryolu xətti tikəcək.
"Türkiyə Dövlət Dəmir yollarının perspektiv xəritələrində göstərilir ki, orada Azərbaycanla Iğdır istiqamətində dəmiryolunun tikiləcəyi qeyd olunub. Türkiyənin Nəqliyyat naziri Adil Karaismayıloğlu da bu yaxınlarda deyib ki, Qars-Iğdır-Naxçıvan istiqamətində dəmiryolunun çəkilməsi planda var. Əgər siyasi müstəvidə bu yolların açılması həll olunubsa, texniki məsələləri hər ölkə özü həll edə bilər", - Rauf Ağamirzəyev bildirib.
Mütəxəssis deyib ki, Naxçıvan daxilində olan dəmiryolu böyük ehtimal ki, modernləşdiriləcək.
"Naxçıvan beynəlxalq nəqliyyat qovşağına çevrilir - yükdaşımaların həcmi artacaq bu da mövcud dəmiryolunun təkmilləşdirilməsinə zərurət yaradır", o əlavə edib.
anaxeber.info