“Dağlıq Qarabağ münaqişəsi qızışır, Azərbaycan sərt danışır” - bunu Reyd Standiş “Foreign Policy” məcmuəsində yazır.
Müəllif yazır ki, Azərbaycan Ermənistan iqtisadiyyatını dağıtmaq üçün səssiscə silah yarışına başlayıb.
2004-cü ildən bəri Azərbaycan hərbi xərcləri 493 faiz artırıb və 2013-cü ildə 3 milyard 440 milyon dollara çatdırıb.
Ermənistan 2004-cü ildən bu yana hərbi xərcləri 115 faiz artırıb və keçən il hərbə 427 milyon dollar xərcləyib.
Azərbaycan kimi təbii sərvəti olmayan Ermənistan müdafiə üçün üzünü Rusiyaya tutdu. Rusiya isə əvəzində Ermənistanda böyük hərbi baza istədi.
Müəllif yazır ki, ABŞ və Rusiya Dağlıq Qarabağda son gərginlikdən sonra sakitliyə çağırsalar da ABŞ-Rusiya münasibətləri hazırda son illərdə ən aşağı səviyyədədir. Ona görə yaxın gələcəkdə Qarabağ probleminin həllində beynəlxalq aləmin əməkdaşlığı gözlənilmir.
Virtualaz.org saytının xəbərinə görə, Aleksander Kolyandr isə “Wall Street Journal” qəzetindəki məqaləsində vurğulayır ki, Dağlıq Qarabağ Azərbaycan ərazisidir. Ancaq Dağlıq Qarabağ və ətrafındakı ərazilər erməni əsgərlərinin və etnik ermənilərin yerli qoşunlarının nəzarətindədir. Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin Soçidəki görüşü barədə müəllif yazır ki, problemi həll etmək üçün heç bir əməli addım elan olunmadı.
Putinin dedikləri bir qədər maraq doğurur ki, “məsələ hər 3 prezident tərəfindən və sonradan bizm kolleqalarla müzakirə olunmalıdır”.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov da görüşdən sonra bildirib ki, “münaqişənin həllinin praktiki tərəfləri hələ razılaşdırılmayıb”.
“Moscow Times” qəzetində Aleksey Drujinin yazır ki, Soçidəki üçtərəfli görüşün Ukrayna böhranına görə Rusiyanın imicinin pisləşdiyi vaxta düşməsi təsadüfi deyil. Putin belə bir görüş keçirməklə Rusiyanın gərginliyi azaltmağa və böhranı həll etməyə qadir olduğunu göstərmək istəyir.
Moskvadakı Siyasi Texnologiyalar Mərkəzinin direktor müavini Aleksey Markin deyir ki, Ukrayna böhranı olmadan da Rusiya Dağlıq Qarabağda əsas oyunçulardan biridir. A.Markinin fikrincə, Putin doğrudan da böhranı həll etməyə cəhd edir.