Aprelin 19-da Milli Gimnastika Arenasında bədii gimnastika üzrə XXI Azərbaycan çempionatı keçiriləcək. Yarışlarda 25 senior gimnast, həmçinin 1999-2001-ci il təvəllüdlü idmançılar iştirak edəcəklər. Gimnastlar mütləq çoxnövçülükdə, o cümlədən, ayrı-ayrı növlər üzrə medallar uğrunda yarışacaqlar.
Azərbaycanın hazırkı çempionu Marina Durunda öz titulunu qoruyub saxlamaq və ikinci dəfə qızıl medal qazanmaq niyyətindədir. Birinci yer uğrunda mübarizədə onun əsas rəqibləri Lalə Yusifova, Gülsüm Şəfizadə və Nilufər Niftalıyeva hesab olunurlar.
Yarışlarda Respublika Kompleks İdman Məktəbi və “Baku Flames” Klubunun gimnastları ilə yanaşı, “Neftçi”, Bakı Gimnastika Məktəbi, “Spartak”, Şağan Olimpiya İdman Kompleksi və “Ocaq Sport Klubu”nun idmançıları da iştirak edəcəklər.
Çempionat bədii gimnastika üzrə iyunun 13-15-dək keçiriləcək Avropa çempionatı öncəsi test turniri xarakteri daşıyır.