Müşahidə Şuraları çarədirmi?

26-01-2021, 09:46   


Məhəmməd TalıblıBu həftə ölkə rəhbərinin növbəti bir fərmanı oldu. Həmin fərmandan irəli gələn məsələ SOCAR-ın fəaliyyətinə nəzarətin həyata keçirilməsi məqsədilə yeni bir qurum yaradılır. Yeni qurumun adı Müşahidə Şurası adlanacaq. Şuraya rəhbərlik isə İqtisadiyyat naziri Mikayıl Cabbarova həvalə olunub. Lakin bununla bərabər 7 nəfərlik tərkib bu MŞ-nın fəaliyyətini həyata keçirəcəklər.
Söhbət hansı şirkətdən gedir sualına aydın cavab tapmaq üçün SOCAR-la bağlı bəzi parametrlərə diqqət yetirmək lazımdır; (ı) SOCAR ayrı-ayrı qonşu ölkələrdə milyardla dollar həcmin sərmayə yatıran şirkət, (ıı) dövlət büdcə gəlirlərinin ortalama olaraq 12-14 manatdan 1 manatını ödəyən şirkət, (ııı) bütün neft-qaz layihələrində Azərbaycan adından iştirak edən yeganə milli neft şirkət, (ıv) ona məxsus ehtiyatların 65 milyard dollar olan şirkətdir.


Bu cür diqqəti cəlb edən gözqamaşdırıcı əlamətlərdən sonra düşünə bilərsiniz ki, nə əcəb “dövlət içində dövlət” gücü olan şirkətin fəaliyyətinə nəzarət edən MŞ olmayıb?
Beynəlxalq Bank, SOFAZ və SOCAR
Bu gün sivil dünyada şirkətlər korporativ idarəetməni əhatə edən fəaliyyətə ona görə geniş qucaq açırlar ki, həmin şirkətin reputasiyaları təsirli olsun. Onun idarəetmə prinsiplərinin tətbiq etdiklərinə görə daha investiya əldə etmək və ortaq biznes layihələrinə cəlb olunma imkanları əldə etsinlər.
Biz Beynəlxalq Bankı nə zaman itirdik? Nə zaman Beynəlxalq Bankın 12,4 milyard manatlıq zərərin gördük? O zaman ki, artıq bankın öhdəlikləri açıq müzakirə predmeti olmuşdu. Beynəlxalq öhdəliklərini icra edə bilmirdi. Bütün sirlər açılmışdı.
Kreditorlar borclarını tələb edirdi və s. Halbuki orada da MŞ var idi. Rəhbəri kim idi? Maliyyə naziri Samir Şərifov. Bəs niyə MŞ bankın iflasına qədərki heç bir mərhələdə SOS siqnalı çalınmırdı? Çünki, MŞ formal təsisat idi.
İctimai vəsaitlərin toplandığı və idarəedildiyi sahələrdə nəzarətin güclü olması “olmazsa-olmazdır”. Əgər SOCAR-ın tərkibində Müşahidə Şurası indi yaradılırsa, buna görə sevinmək yox, gecikmiş addıma görə narahat olmaq lazımdır. SOCAR kimi rentabelli olmalı olan qurum əgər borclanma ilə bağlı heç limit tanımırsa, o zaman ona indi nəzarətin yaradılması nəyi dəyişəcək?

Fərmana qədər SOCAR-ın özünün Şirkət Şurası var idi. O zaman necə bu Şura şirkətin rəhbər şəxsləri tərəfindən necə “idarə” olunurdusa, bundan sonra ölkə miqyasılı iqtisadi xətti qurumlar tərəfindən də eyni qayda da idarə olunacaq. Fərqli idarəetmə şuraları adlanacaq, lakin idarəetmə prinsipləri eyni olacaq. Əgər həmin şuralar “otur Fatı, dur Fatı” düşüncəsi ilə olacaqsa, o zaman orada hansı ad və soyadların olması nəyi dəyişəcək ki?
Başqa örnəyi SOCAR-dan yox, SOFAZ-dan da çəkə bilərik. SOFAZ (ARDNF)-ın Müşahidə Şurasının tərkibi fond yaranandan mövcuddur. MŞ-nın üzvləri yalnız nazir müavinləri və rəhbər şəxslərdən təşkil olunubsa, bu o deməkdir ki, neft-qaz gəlirlərinin idarəedilməsi ilə bağlı doğrudan da narahat olmağa dəyər. Niyə?
Adlarını çəkdiyim heç bir qurumun tərkibində ictimai təmsilçiliyin elementləri yox idi. Həmin qurumların heç biri real məzmunlu fəaliyyəti olan tərəfsiz olan vətəndaş cəmiyyəti sektoru ilə heç bir əməkdaşlıq etmirlər. Və bu qurumların heç birinin MŞ tərkibində vətəndaş cəmiyyəti sektorundan heç bir təmsilçi yox idi. Məsələnin fundamental tərəfi budur ki, idarəetmə şuralarının adları yox, prinsipləri dəyişsin!

O zaman effektiv idarəetmədən bəlkə danışmaq mümkün olsun. Effektiv idarəetmə bu formulanı tələb edir: vəzifənin istismar etmənin qarşısının alınmağın ən yaxşı yolu bu vəzifəni mümkün qədər çox yaymaq və paylaşdırmaqdır. Çünki ictimailəşmədən qorxmaq idarəetməni qapalı dairəyə salır və beləliklə hər şey pisə doğru dəyişir.
Suveren ehtiyatlar fondlarının qızıl qaydalarından biri həmin aktivlər üzərində sərəncamvermə hüququnun kollegial məzmun daşıması (parlament və s.) ilə yanaşı, onunla bağlı nəzarət mexanizmlərinin sərtləşməsi ilə birbaşa bağlıdır. Belə olan halda aktivlərin idarəedilməsi 3 amili doğrur: şəffaflıq, səmərəlilik və hesabatlılıq.
Məlum həqiqətdir: qara pişiyi tutmaq çətindir, əgər o qaranlıq otaqdadırsa, bu ikiqat çətin olur...

Məhəmməd Talıblı
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.