Ekspert: “Yolların açılmasından ən çox Ermənistan faydalanacaq”

27-01-2021, 10:39   




30 ildən bəri ilk dəfədir ki, Ermənistanın nəqliyyat blokadasından çıxarılması, regionda Azerbaycanla Ermənistanı birləsdirəcək yeni dəmiryol xətlərinin çəkilməsi müzakirə olunur.
Amma dövlətdən maliyyələşən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev AzadlıqRadiosuna deyir ki, hələlik dəmir yollarının siyahısı rəsmən elan olunmayıb, Bu barədə Ermənistan, Azərbaycan və Rusiya ilə müzakirələr gedir və yanvarın 31-ə qədər bu sahə üzrəkomissiya yaradılmalıdır:
“Bugünlərdə baş nazirlərin müavinlərinin görüşü keçiriləcək. Orda Azərbaycan tərəfini Şahin Mustafayev təsmil edir. Görüşdə dəmiryolu layihələrinin konturları müəyyən olunacaq. Ondan sonra martın 1-ə qədər konkret hansı layihələrin həyata keçiriləcəyi barədə müəyyən razılıq əldə olunacaq”.
Ermənistan – ən az xərc çəkib ən çox fayda götürən tərəf
Türkiyənin Anadolu Agentliyinin isə yanvarın 14-də yaydığı dəmiryol xətlərinin siyahısı belədir:
⁃ Horadizdən Ordubada 166 kilometrlik yeni dəmiryolu xətti. Onun 43 kilometrlik hissəsi Ermənistandan keçəcək.
⁃ Bərdədən Ağdama, ordan da Xankəndinə çəkiləcək yeni dəmiryolu xətti.
⁃ Qazax rayonu ilə Ermənistanın İcəvan rayonu arasında yeni dəmiryolu xətti
İqtisadiyyat professoru Qubad İbadoğlu hesab edir ki, bu dəmiryollarından ən çox fayda götürən Ermənistan və Rusiya olacaq. Ermənistan üçün yeni iqtisadi imkanlar açılır.
“Ermənistan burda ən az xərc qoyan və ən çox fayda götürən ölkəyə çevrilə bilər. Çünki Ermənistan bu yolun bərpası ilə beş istiqamətdə çıxış imkanı qazanır. Türkiyəyə çıxış imkanı qazanır, Naxçıvan vasitəsilə İrana çıxış imkanı qazanır, Azərbaycan vasitəsilə həm Mərkəzi Asiyaya, həm də Rusiyaya çıxış imkanı qazanır, həm də Azərbaycan bazarına çıxış imkanı qazanır…”
Türkyə Naxçıvandan çəkiləcək dəmiryolu ilə Rusiya ilə birbaşa dəmiryolu xətti əldə edəcək.
Pulunu kim verəcək?
ABŞ-da mənzillənmiş düşüncə mərkəzi Atlantic Council-in araşdırmaçısı Metyu Bryza deyir ki, bu layihələrdən bütün bölgə, o cümlədən Azərbaycan da maddi fayda götürəcək, Azərbaycanın Naxçıvan və Türkiyə ilə quru yolla əlaqəsi yaranacaq. O əlavə edir ki, dəmiryolları Rusiya üçün təkcə iqtisadi məsələ deyil:
“Rusiya çalışacaq ki, onun marağına cavab verməyən investisiyaların qarşısını alsın. İndiki halda, məsələn, Naxçıvan koridorundan çəkilə biləcək qaz kəmərinin. Bunu etmək elə Rusiya üçün uduşdur. Üstəlik, Türkiyə, Ermənistan, Azərbaycan İranla birlikdə ticari layihələrdə iştirak Rusiyanın həm də geopolitik təsirini genişləndirir”.
İqtisadi təhlilçi Qubad İbadoğlu hesab edir ki, bu layihələrin həyata keçirilməsinə 1 milyard dollara qədər vəsait lazım ola bilər. Onun sözlərinə görə, bu vəsaitin hamısını Azərbaycan ödəyəcəksə, nəzərə almaq lazımdır ki, burda təmiz mənfəətə çıxmaq üçün azı bir əsr vaxt lazımdır.
Fərid Şəfiyev isə AzadlıqRadiosuna bildirib ki, layihələrin maliyə mənbələri də hələlik müzakirə mövzusudur.
Keçən il Qarabağda 44 gün davam edən müharibəni sonlandıran 10 noyabr atəşkəs razılaşması regionda bütün iqtisadi nəqliyyat dəhlizlərinin açılmasını nəzərdə tutur.
Anaxeber.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.