Rusiya işğalçı Ermənistanın arxasından çəkilir?

13-08-2014, 12:19   
Rusiya işğalçı Ermənistanın arxasından çəkilir?Putinin danışan dili sayılan Duqin erməniləri aşağılayaraq hədələdi və şok etiraflar etdi: “Qərb Qarabağda Rusiyaya qarşı ”ikinci cəbhə" açıb... Putin mürəkkəb vəziyyətdə, Rusiya dalandadır..."

“Ermənistan Amerikaya bel bağlasa, o zaman ölkədə qan su yerinə axacaq, çünki Moskva öz hərbi bazasını Ermənistandan çıxaracaq...”


Qarabağ münaqişəsi zonasında gərginlik qismən səngisə də müharibə ehtimalı hələ ki, ciddi olaraq qalır. Əfsuslar olsun ki, prezidentlərin Soçi görüşü də bu savaş riskini azalda, münaqişənin nəhayət ki, ədalətli, beynəlxalq hüququn əsas norma və prinsipləri əsasında çözümünə yardımçı ola bilmədi.

Rusiya bundan ötrü Ermənistana əlində olan güclü təzyiq və təsir rıçaqlarını yenə də işə salmağa tələsmədi. Halbuki, dünyanın gözündə sülhpərvər görünmək üçün Qarabağ ixtilafını çözməkdən gözəl fürsət ola bilməz. Moskva hələ ki, buna girişmək istəmir. Görəsən niyə?

Moskvanın konfliktdəki rolu barədə erməni KİV-ə danışan Kremlə ən yaxın politoloqlardan biri, bir qayda olaraq Vladimir Putinin deyə bilmədiklərini söyləyən, “Beynəlxalq Avrasiya Hərəkatı”nın rəhbəri, özünün millətçi baxışları ilə tanınan Aleksandr Duqinə görə, hazırda münaqişənin həllində Rusiyadan fəallıq gözləmək düzgün deyil, Moskva prosesə yalnız “passiv dəstək” verə bilər.

Onun sözlərinə görə, Azərbaycanla Ermənistan arasında situasiyanın kəskinləşməsinə görə cavabdehliyi ABŞ daşıyır: “Amerika konfliktin dondurulmasının müəllifi, Rusiya isə status-kvonun qarantıdır. Lakin Rusiya ”Rus dünyası" məkanında həm də Ukraynadakı hadisələrdən dolayı mürəkkəb bir duruma düşüb. Rusiya sıxıntılı dövrünü yaşayır".
Duqinin qənaətincə, ABŞ Azərbaycanın hücum eləməsinə zəmin yaratmaqla Qarabağ münaqişəsini qızışdırmağa qərarı verib: “Rusiya Ermənistanın tərəfdaşıdır, ancaq situasiyanın kəskinləşməsində maraqlı deyil. Və mənə belə gəlir ki, hazırkı durumda, Rusiya-Qərb birbaşa qarşıdurma şəraitində diplomatik sferada Moskvanın konflikti dondurmaq üçün həqiqətən yetərli arqumenti yoxdur. Mən bunu Qərbin Rusiyaya qarşı ”ikinci cəbhə" açması kimi qiymətləndirirəm".

Politoloqa görə, Moskva indiyədək olduğu kimi “hər şeyin yerində qalmasını” azrulayır: “Yəni Rusiya həm Ermənistanla hərbi-siyasi əməkdaşlıqda, həm də Azərbaycanla normal münasibətlərdə maraqlıdır. Ancaq Birləşmiş Ştatlara bu sərf eləmir və o, səbəbə Qarabağ münaqişəsi zonasında vəziyyəti mürəkkəbləşdirməyə çalışır. Bu gün hətta Rusiyanın öz daxilində çoxlu anlaşılmaz hallar var. Putinin özü qəliz vəziyyətdədir, Ukrayna ilə o, müharibəyə başlamalıdır, ancaq bunu ləngitməklə Rusiyaya daha böyük problem yarardır. Müharibəyə başlasa, başqa xarakterli problemlər ortaya çıxacaq. Rusiya, necə deyərlər, dalandadır - sanksiyalar, xarici təzyiqlər, daxili etiraz aksiyaları...”
İşğalçı Ermənistanın durumundan danışan politoloq bəzi başqa diqqətçəkici fikirlər də söyləyib: “Erməniləri həmişə bir şüar fərqləndirib - ”bizə sərfəli olan yaxşıdır". Belə situasiyada baxışlar artıq təsir eləmir, nədən ki, postsovet məkanında biz dərin böhrana girmişik. Odur ki, Rusiyadan nəyisə tələb eləməyin anlamı yoxdur. Rusiya bayğınlıq vəziyyətindədir, mürəkkəb problemlər girdabındadır. Ona görə də Ermənistan rəhbərliyi bu gün mövcud olan situasiyanın qorunub saxlanması üçün müdriklik göstərməlidir. Yaranmış durumda Moskva münaqişə tərəflərinə yalnız passiv kömək edə bilər, Rusiya həlledici faktor kimi çıxış edə bilməz".

Kreml sözçüsünün fikrincə, münaqişə zonasında mövcud vəziyyəti saxlamaqdan ötrü regionun bütün ölkələri şüurlu yanaşma nümayiş etdirməlidir: “Söhbət Ermənistandan, Azərbaycandan, İrandan və Türkiyədən gedir. Əslində bu ölkələr regionun və münaqişələrin status-kvosunu saxlamaqda maraqlıdır, bircə ABŞ gərginlik olmasında maraqlıdır. Belə bir durumda Rusiyaya qarşı tələblər irəli sürüb narazılıqlar bildirmək sadəcə, qeyri-konstruktiv addım olacaq. Moskva bacardığını edir, eləmirsə, demək - bacara bilmir”.

Duqin Ermənistanı açıq və sərt şəkildə hədələməkdən də çəkinməyib: “Birləşmiş Ştatlar Ermənistan hakimiyyətini inandırmağa çalışır ki, guya Rusiya Ermənistanın təhlükəsizliyini təmin edə bilməz və o səbəbdən öz xidmətlərini təklif edir. Rusiya Ermənistanın təhlükəsizliyinin qismən təminatçısı ola bilər, əgər İrəvan özünü yaxşı aparsa. Əgər Ermənistan Amerikaya bel bağlasa, o zaman Suriyada, Liviyada, İraqda, Ukraynada yaşananlar orada yaşanacaq. Yəni qan su yerinə axacaq, çünki Rusiya öz hərbi bazasını Ermənistandan çıxaracaq. Bu gün sizin böyük qardaşınız mürəkkəb dövr yaşayır, bunu anlamaq lazımdır”.
***
Qeyd edək ki, cəbhə bölgəsindəki son qanlı olaylarda “Amerika izi” axtaranlar Ermənistanda da kifayət qədərdir. Məsələn, Ermənistanın müdafiə nazirinin sabiq müavini Vaan Şirxanyan da hesab edir ki, “Azərbaycanı müharibəyə Amerika sövq edir”.
Duqin kimi Rusiyanı sudan quru çıxarmağa çalışan Şirxanyana görə, baş verənlərin Rusiyanın münaqişə zonasına öz silahlı qüvvələrini yeritmək planı ilə bağlı olması haqda deyilənlər də ciddi deyil: “Rusiyanın Qarabağ münaqişəsi zonasına öz sülhməramlılarını göndərmək üçün cəbhədə gərginlik yaratmaq istəyini ciddi saymıram. Əvvəla, bu, olduqca uzun bir təmas xəttidir. Rusiyanın bu xətt boyu 15-20 min hərbçi yerləşdirmək imkanı varmı? Bu, mümkün deyil, heç təsəvvürə də gəlmir”.

Erməni hərbçisi vəziyyətin gərginləşməsinə gətirən bir neçə səbəb sadalayıb. Onlardan biri də onun zənnincə, Ermənistanın Gömrük və Avrasiya ittifaqlarına girməsinin əngəllənməsidir: “Aydın məsələdir ki, situasiya qarışsa, Ermənistanın üzvlük məsələsi təxirə düşəcək. Bunun isə açıq aşkar bir sifarişçisi var - ABŞ. Amerika Ermənistanın həmin birliklərə girməsini istəmir. Azərbaycanın vəziyyəti gərginləşdirməsinin səbəblərindən biri də budur”.

Lakin həm erməni hərbi eksperti, həm də rus politoloq rəngləri məqsədli şəkildə qarışdırırlar. “Amerika izi” bəlkə də var. Amma acı gerçək bundan ibarətdir ki, Dağlıq Qarabağ konfliktinin yoluna qoyulmasında ən böyük əngəl Kremlin destruktiv Güney Qafqaz siyasətidir.

Məgər 2008-ci ilin avqustunda Gürcüstana açıq hərbi müdaxiləni də Amerika eləmişdi? Yaxud Krımı ilhaq edən, Ukraynanın şərqini hələ də qarışdıran, Moldovanı hədələyən bəlkə Avropadır? Ya bəlkə min cür oyun qurub sovet imperiyasını bərpa eləməyə çalışan Rusiya deyil?

Qarabağ münaqişəsi zonasında atəşkəsin geniş miqyaslı pozulması da bir daha məhz bunu nümayiş etdirdi ki, regiondakı konfliktlərin həllinə ən böyük maneə Qərb yox, Rusiyadır.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar