Nemət Əliyev: 150 minə yaxın insan sosial təminat sistemindən kənarda qalıb
8-02-2021, 19:57
Vüqar Bayramov: "İndeksləşdirmə əmək pensiyalarına edilən əlavələrə şamil edilmir" Fevralın 5-də Prezident İlham Əliyev əmək pensiyalarının indeksləşdirilməsi haqqında sərəncam imzalayıb. Sərəncamın icrası kimi Dövlət Statistika Komitəsinin müəyyən etdiyi orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq bütün növ əmək pensiyalarının sığorta hissəsi indeksləşdirilərək 11,4 faiz artırılır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov keçirdiyi mətbuat konfransında artımın 1 milyon 140 min pensiyaçını və ya pensiyaçıların 93 faizini əhatə etdiyini açıqlayıb. İqtisadçı Rövşən Ağayev deyir ki, "Əmək pensiyaları haqqında" Qanunun 29-cu maddəsinə görə, sığorta hissəsi üzrə indeksləşdirmə rəsmi statistikada elan olunan orta maaşın artım tempinə uyğun olmalıdır. Ötən ilin sonuna orta maaşlar 623.1 manat, 2020-nin sonuna isə 694.1 manat təşkil edib: “Pandemiyanın elan olunduğu ilk aylarda Azərbaycanda nominal orta maaş 736 manata yüksəldiyi halda, ilin sonuna təxminən 6 faiz (42 manat) azalaraq 694 manata enib. Lakin pensiyaların indeksləşdirilməsi zamanı hesabat və cari ilin dekabr ayının göstəriciləri əsas götürüldüyündən indeksləşdirmə üçün artım göstəricisi təmin edilib”. Son 3 il yarımda pensiyaçıların sayı 96.2 min nəfər azalıb. Bu, 2017-ci illə müqayisədə 7.2 faiz azdır. 2020-ci ilin əvvəlinə ölkədə pensiyaçıların sayı 1277,8 min nəfər olmaqla ölkə əhalisinin 12,8 faizini təşkil etmişdi. 2019-cu ildə isə 1299,5 min nəfər olmaqla ölkə əhalisinin 13,2 faizini təşkil etmişdi. 1 il ərzində təqaüdçülərin sayı 11717 nəfər azalmışdı. Dövlət Statistika Komitəsinin məlumatında belə deyilir. İqtisadçı Nemət Əliyev isə deyirdi ki, hökumət 3 il yarımda pensiyaçıların hesabına 1 milyard manat qənaət edib. 2017-ci il iyulun əvvəlində pensiyaçıların sayı 1 milyon 328,4 min nəfər, 2021-ci ilin əvvəlində isə 1 milyon 232,2 min nəfər olub.Nemət Əliyev Mənbə: Amerikanın səsiNemət Əliyev bildiririb ki, pensiya yaş həddinin qaldırılması istiqamətində hökumət fəaliyyəti milyarddan yuxarı maliyyə vəsaitini qayçılamağa imkan yaratsa da, faktiki olaraq 150 minə yaxın insanın sosial təminat sistemindən kənara atılması ilə nəticələnib. Deputat, iqtisadçı Vüqar Bayramov isə bildirir ki, pensiya artımları bütün növ əmək pensiyalarına şamil olunur. “Əmək pensiyaları haqqında” Qanunun 4-cü maddəsinə əsasən, əmək pensiyalarının 3 növü təsbit olunub: “Bunlar yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyasıdır. Deməli, vətəndaşımız növündən asılı olmayaraq əmək pensiyası alırsa, onun pensiya məbləğinə artım hesablanacaq. Bununla yanaşı, indeksləşdirmə əmək pensiyalarına edilən əlavələrə şamil edilmir”. Artım məbləğinə gəlincə, Vüqar Bayramov deyir ki, əmək pensiyaları əvvəlki ildə nominal orta aylıq əmək haqqındakı artım faizinə, pensiya kapitalı isə əvvəlki ilin inflyasiya səviyyəsinə indeksləşdirilir: “Dövlət Statistika Komitəsinin məlumatına görə, 2020-ci ildə nominal orta aylıq əmək haqqında artım 11,4 faiz olub. Buna görə də, əmək pensiyalarının məbləği həmin faizə indeksləşdirilir. Qeyd edim ki, son dövrlərədək əmək pensiyaları baza, sığorta və yığım hissəsindən ibarət idi. Pensiya islahatları nəticəsində əmək pensiyaları üçün baza hissəsi ləğv olundu. Buna görə də, pensiya məbləği tam olaraq indeksləşdirilir”.Vüqar Bayramov Mənbə: arxivİqtisadçı deyir ki, bu baxımdan, əmək pensiyası alan vətəndaşların pensiyası tam məbləğ olaraq indeksasiya faizinə uyğun olaraq artırılır. Məsələn, vətəndaşımızın pensiyası 300 manatdırsa, o zaman həmin pensiyaçının pensiya məbləğinin üzərinə 34 manat 20 qəpik əlavə olunacaq. 400 manat pensiya məbləğində isə 45 manat 60 qəpik artım olacaq: “Pensiya məbləği yüksəldikcə artan məbləğ də çoxalır. Hər bir pensiyaçı aldığı pensiya məbləğinin üzərinə 11.4 faiz artım gəlməklə pensiyasının nə qədər artdığını özü də hesablaya bilər”.