Müdafiə Nazirliyi Hərbi Dəniz Qüvvələrinin (HDQ) sabiq komandanı, vitse-admiral Şahin Sultanovun həbsindən sonra daha bir neçə nəfər hərbçinin tutlması xəbəri yayılıb.
Respublika Hərbi Prokurorluğu tərəfindən HDQ-də aparılan yoxlamalar zamanı aşkarlanan qanun pozuntuları ilə bağlı cinayət işi başlanıb və qanunazidd əməllər törətməkdə təqsirli bilinən HDQ-nin sabiq komandanı, vitse-admiral Şahin Sultanovla bərabər daha bir neçə nəfər həbs edilib. Bunlar qərargah rəisi Yunis Məmmədov, ərzaq xidmətinin rəisi, polkovnik-leytenant Hafiz Bauşev, birinci dərəcəli kapitan Qasım Quliyev, mülki şəxs Elxan Hacıyev və digərləridir.
Respublika Hərbi Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Əfrahim Təhməzovun verdiyi məlumata görə, həmin şəxslər Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) və 179.3.2-cü (mənimsəmə - külli miqdarda törədildikdə) maddələrilə təqsirləndirilir. Hazırda həmin cinayət işləri üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.
Baxmayaraq ki, Müdafiə Nazirliyi Hərbi Dəniz Qüvvələrinin sabiq komandanı, vitse-admiral Şahin Sultanov isə ona qarşı irəli sürülən ittihamlarla özünü təqsirli bilmir. Bakı İstintaq təcridxanasında köçürülən vitse-admiralla görüşən vəkili Adəm Məmmədov hüquqlarını müdafiə etdiyi şəxsin mülki şəxs Elxan Hacıyevin ifadəsi əsasında həbs edildiyini deyir. Elxan Hacıyev bir qədər əvvəl Hərbi Dəniz Qüvvələrində yol verdiyi nöqsanlara görə həbs edilib.
Vəkil Adəm Məmmədov hesab edir ki, vitse- admiralın nüfuzu nəzərə alınmaqla, barəsində digər qəti-imkan tədbiri də seçilə bilərdi. Şahin Sultanov ifadəsində həmçinin deyib ki, yoxlamalar ayrı-ayrı vaxtlarda 2011-2012-ci illərdə Maliyyə və Müdafiə Nazirliyi və prokurorluq tərəfindən aparılıb. "Hansısa çatışmazlıq olsaydı, üzə çıxardı. Şahin Sultanov vitse-admiraldır, uzun müddət hərbi sahədə təcrübəsi olan, donanmanın hərbi doktrinasını yazmış adamdır. O gedib anbarda malları saymır, əməkdaşlardan kimsə qanunu pozubsa, onlar cəzalandırılmalıdır".
Hərbi prokurorluqdan isə bildirilir ki, Elxan Hacıyevin oğlu Rövzət Hacıyev Evlər İdarəsinin rəisi olub. Mənzillərin alınıb-satılmasında onun əli olduğu üçün, o da istintaqa cəlb edilib. Bu işlə bağlı istintaqa cəlb edilənlər arasında general Məmməd Beydullayevin adı çəkilir.
[media=http://www.youtube.com/watch?v=niE461CkUBo]