"Məni narkotikə öyrədənlərdən biri Elçin Cəlilov, digəri isə Xalq artisti..." -Emil Rəhmanov heç vaxt danışmadıqlarını AÇIQLADI -MÜSAHİBƏ-VİDEO
15-02-2021, 15:25
Elə ifaçılar var ki, onlara sadəcə sənətçi deməyə adamın dili gəlmir.Çünki onlar sənətkardır. Baxmayaraq ki, nə fəxri adları var. nə də bu ada iddiaları yoxdur. Heç düzünü desək, həyat tərzləri də necə deyərlər, rəsmiyyət pilləsinə qalxmağa, fəxri ad almağa imkan vermir.
Musavat.com xəbər verir ki, "Ölkə.az"-ın suallarını "Azəri star" yarışmasının laureatı Emil Rəhmanov və həyat yoldaşı Sabrina Qəmzəyeva cavablandırıb.
-Emil bəy, istərdim əvvəlcə hazırki vəziyyətinizdən danışaq. Nə işlə məşğulsunuz. yaradıcılıqla bağlı hansısa planlar varmı?
-Təxminən 4-5 gün öncə bəstəkar İlhamə Adilqızı bizə 7-8 hədiyyə mahnı göndərdi. Dedi ki, neçəsini ürəyiniz istəyirsə, seçin. Artıq iki mahnı seçmişik, daha iki bəstəni seçib ifa edəcəyik.
-Yəqin ki, lirik musiqilərdi...
-Bəli, lirikadır. İnşallah, mahnılar tezliklə aranjimana veriləcək. Eyni zamanda duet cütlükləriylə bağlı bir televiziya layihəsi düşünmüşəm. Həmin layihədə yalnız və yalnız cütlüklər iştirak edə biləcəklər.
-Köhnə duetlər də nəzərdə tutulur?
-Xeyr, sırf yeni duet ifaçıları olacaq və bu, televiziya layihəsidir. Layihənin aparıcıları mən və Sabrina xanım olacaq. Hazırda maliyyə məsələləriylə bağlı müəyyən çətinliklər var. Artıq bir nəfərə müraciət etmişik, başqa biriylə də yaxın günlərdə görüşməliyik. Həmin insan belə işlərə maraqlıdır, özünün də həm qələmi, həm də imkanı var.
-Sabrina xanım, bir ildir ki, heç bir məclislərin olmadığı hamımıza məlumdur. Necə dolanırsınız?
-Söz xatirinə desəm ki, çətinlik çəkmirik, yalan olar. Şükür Allaha, müəyyən çevrəmiz, Emilin sevənləri bizə çətin vəziyyətdən çıxmağa kömək etdilər. Aralarında elələri vardı ki, biz də zamanında onlara dəstək olmuşduq. Dolanışığımız pis-yaxşı oldu, amma sənətlə bağlı müəyyən planlar var idi ki, onları təxirə salmalı olduq.
-Maddi durumu daha yaxşı olan sənət adamlarından dəstək oldumu?
-Birincisi, sənət adamlarından heç nə ummuruq, özlərinə qismət olsun. Bizə dəstək olanlar sənətə qiymət verən insanlar idi.
-Kirayədəsiniz?
-Xeyr, amma evimiz kreditdədir. Son bir ildə krediti demək olar ki, verə bilmədik və hamı kimi bizə də müəyyən güzəştlər edildi. Aylıq 750 manat kredit ödəyirik.
-Yaş fərqiniz o qədər çox olmasa da, Emil bəyi özünüzə həm də sənət müəllimi hesab edirsinizmi?
-Yaş fərqimiz kifayət qədərdir. Emil məndən on iki yaş böyükdür.
-Heç inanmazdım ki, 12 yaş fərqiniz var...
-Emilə çox yaxşı baxıram, gənc qalmağı da yəqin ondandır. Müəllim kimi də ondan bəhrələnirəm. Mən on ildir oxuyuram, amma Emili tanıyandan sonra elə bilirəm ki, yenicə oxumağa başlamışam.
-Belə demək mümkünsə, sənətin daha dərin qatlarına enmisiniz...
-Bəli, sənətin bu dərinliklərindən xəbərsiz idim. Əslində, oxumaq istəməzdim. Çünki evinin xanımı olmaq daha gözəl, daha rahatdır. Necə deyərlər, ər çörəyi yemək çox gözəl bir şeydir.
Emil əlavə edir:
-Mənə qədər dənizin üzünü görmüşdü. İstədim ki, sənət dənizinin dibini də görsün. Ona görə özüm istədim ki, sənətini davam elətdirsin.
Söhbətimizin bu yerində Emilə idman şərhçisi Ceyhun Rzayevin onun barəsində yazdığı şərhləri, paylaşdığı videroları göstərirəm. Hiss edirəm ki, kefi əməlli-başlı yerinə gəldi.
-Sabrina xanım, necə şagirddir?
-Bir balaca qorxu var ki, o da təbiidir. Amma riski xoşlayır. Elə musiqilər var, mən bilirəm ki, o girən kol deyil. Görürəm ki, can atır oxusun. Elə olanda icazə vermirəm, deyirəm, hələ tezdir. Təzədən fırlanıb gəlir ki, oxuyum, nə olar, olar da. Nə olar, olarla da iş düzəlmir axı. Söhbətin bu yerində Facebook-da canlı yayım açıram ki. emil Rəhmanov izləyicilərin də suallarını cavablandırsın.
- Musiqi o qədər dərin dəryadır ki, ora baş vuranda gərək bir yox, min dəfə fikirləşəsən. Nəyisə risk edib ifa etmək olar. Amma yüz faiz zəmanət verə bilməzsən ki, bu ifa alınacaq, yoxsa yox. Mən şəxsən həm bir müəllim kimi, həm də bir ömür-gün yoldaşı kimi istəmərəm ki, Sabrina xəyal qırıqlığına uğrasın. Hər şeyi yaxşısının onun üçün olmasını istəyərəm. Əgər mən nəyisə oxumağı hələ məsləhət görmürəmsə, deməli, belə lazımdır. Repertuar seçimini özü edir, amma mən qərar verilməsində iştirak edirəm.
Bu dəfə Sabrina xanım Emilin sözünə müdaxilə edir:
-Emil deyir ki, ya bunu yaxşı oxuyacaqsan, ya da oxumayacaqsan. Deyirəm ki, bunu filankəsdən yaxşı oxudum, axı. Deyir, filankəsdən yaxşı yox, ən yaxşısı olmaq lazımdır. O, filankəsdir, amma sən mənim yanımdasan, pis oxusan, mənə irad tutarlar ki, xanımı oxuya bilmir. Əgər o çərçivələr olmasa, həftədə üç mahnı yazdırmaq olar.
-Şərh yazıblar ki, Emil hirslidir...
-Əgər indiki anı nəzərdə tutursa, hirsli yox, yorğunam. Bura efirdən çıxıb gəlmişəm, səhərə yaxın yatmışam.
-Bizə də irad bildirirlər ki, Emil özündə deyil, onu bu vəziyyətdə niyə göstərirsiniz?
-Heç bir problem yoxdur.
Sabrina Qəmzəyeva:
-Ruslar demişkən, Emilin “paxodkası” belədir, arxayın və astagəl görünüşü var. Emilin fasonu belədir, bir az da əsəbləşəndə, yorğun olanda belə görünür.
-Əsəbi olmağımla bağlı şərh yazan insanları əmin edə bilərəm ki, mən çox yumşaq xasiyyətli, yuxa qəlbli insanam. Özüm özümü tərifləmirəm, bunu məni tanıyanlar da bilir ki, tıxsız balığam.
-Necə düşünürsünüz, bəlkə lazım olanda daha çox yumşaq və sadəsiz. Bəlkə, bu qədər sadə olmamaq lazımdır?
-Orası düzdür.
Sabrina Qəmzəyeva:
-Mən bu xasiyyətini Emilə həmişə irad tuturam. Deyirəm ki, möhkəm olmağı, yox deməyi bacar. Sənətkarların çoxu incə ruhlu, incə qəlbli olduqlarına görə onları tez sındırmaq olur. Kimin ki sənəti aşağı, yaxud orta səviyyədədir, elələri mənəm-mənəm deyir. Emil isə çox sadə və özünün dediyi kimi yuxa qəlbli insandır.
-Elşən Əliyev adlı musiqiçi yazır ki, Emil oxuduğu musiqini yaşayan, hiss edən sənətkardır və mən onu dinləyirəm...
-Təşəkkür edirəm.
-Öz ifalarınızdan yüz faiz razı qalırsınızmı?
-Heç bir ifamdan yüz faiz razı deyiləm. Çünki daha yaxşısı ola bilər və olur da. Bu gün oxuduğum mahnının iki gün sonra həmin əsəri beş faiz daha yaxşı oxuyuram. Neçə illərdir bu sənətin içində olmağıma baxmayaraq, sənətdən, musiqidən yorulmuram. Küçədə piyada harasa gedəndə belə qəlbim və ağzım dayanmır, ancaq mızıldayıb oxuyuram. Bəzən iyirmi dörd saat bir mahnının üzərində dayanıram və hər dəfə başqa cür oxuyuram, fərqli xallar vururam.
Söhbətin bu yerində Sabrina xanım Emil Rəhmanova yazılan bəzi şərhlərə iradını bildirir:
-Elə bil Emilə qız verəcəklər, yaxud qız alacaqlar. Sən bu adamın sənətinin böyüklüyünə bax da.
Emil Rəhmanov:
-Bəzən elə şeylər yazırlar ki...Yazırlar ki, yenə kayfda çıxıb ora. Kayfda olan meymunluq edir, belə sakit oturub müsahibə vermir. Bu, mənim təbiətimdir.
-Təxminən on dəqiqə səhifədə canlı yayımda olduq. Əksər şərhlər zərərli vərdişlərinizlə bağlı oldu. İndiki halda durum nə yerdədir?
(Suala Sabrina xanım cavabb vermək istəsə də, Emil etiraz edir və özü cavablandırır)
-Bu suala özüm cavab verəcəyəm. Bəli, mən pis vərdişlərin caynağında olmuşam. Uzun müddət bu vərdişlər məni özünə aludə etmişdi, hər şeydən ayrı düşmüşdüm. Yaş ötdükcə insan səhvlərini dərk edir. Mən realist adamam, keçmişimə tez-tez dönüb baxmağı xoşlayan insanam. Sabrinayla tanış olduğumuz beş il, evli olduğumuz dörd il ərzində məndə kifayət qədər irəliləyiş olub. Düzdür, son beş ilin təxminən iki il yarımını yenə də pis vərdişlərin caynağında olmuşam. Amma son 2-3 ildə demək olar ki, həmin vərdişlərdən uzağam. Hamı kimi məclisdən məclisə içki içirəm, amma narkotik qəbul etmirəm. Bu vərdişlər Sabrinanın dəstəyi, yuxusuz gecələri, göz yaşları və müalicə sayəsində məndən uzaqlaşıb. Həm də o vərdişlər mənim səhhətimə çox pis təsir göstərdi. Nevroz xəstəliyinə tutuldum, qara ciyərimdə plastoma yaranıb. O vərdişlərə görə özümü sutkanın iyirmi dörd saatı diskomfortda hiss edirdim. Harda, hansı mühitdə, hansı təmtəraqda olmağımdan asılı olmayaraq, diskomfort yaşayırdım. Şükür Allaha, indi çox yaxşıyam.
-Sabrina xanım, Emil bəyin zərərli vərdişlərdən əziyyət çəkdiyi dönəmdə yəqin ki, mübahisələriniz, dava-dalaşlarınız olurdu...
-Bəli, olurdu.
-Həmin ərəfədə Emil bəyi bu çətin durumdan çıxartmaq üçün yanınızda kimlər var idi? Çünki bəzi hallarda sizi də qınayanlar olur ki, özünüzü Emil Rəhmanovla reklam edirsiniz və sair.
-Biz beş il öncə tanış olanda Emil həbsxanadan yenicə çıxmışdı. Həmin günlərdə yavan çörəyi çətinliklə ala bilirdik. Çünki Emilin iş-gücü yox idi, elə də tanınmırdı, efir filan yox idi.
-Burada sizinlə razı deyiləm. Emil “Azəri star” yarışmasına qatıldığı gündən sənətiylə fərqlənib və kifayət qədər də tanınıb...
-Müsabiqədən sonra həbsxanaya düşmüşdü. Yəni indiki qədər tanınmırdı.
-Emilin təxminən on il öncə ANS-də oxuduğu türk mahnısının sosial şəbəkələrdəki hər səhifədə yüz minlərlə baxışı var. O baxımdan Emilin tanınmamağı barədə dediyiniz fikirlər tamamilə yanlışdır. Biz Emilin tanınmağını müzakirə etmirik. Sualım odur ki, çətin durumunuzda yanınızda kim var idi?
-Emildən əvvəl də mən sənətçi kimi fəaliyyət göstərirdim. İş elə gətirdi ki, İstanbula köçməli oldum və orada sənətçi kimi fəaliyyətimi davam etdirirdim. Azərbaycana qonaq kimi gəlmişdim və məclislərin birində Emillə tanış olduq. O zaman mənim Emilə heç bir ehtiyacım yox idi. Söhbət beş il öncədən gedir, yaşımın da ən gözəl vaxtları idi. Təbii ki, Emil tanınsa da, tanınmasa da, sənətkardı. Emil mənə dəstək olsa da, halal ərimdi, dəstək olmasa da.
-Sabrina xanım, sizin qınanmağınızdan danışırdıq...
-Kiməsə yoldaşı zinyət əşyaları, ev, maşın alanda mən ona müdaxilə edirəm? Təbii ki, etmirəm. Vaxtilə çörəksiz də qalmışıq, evsiz də. Amma heç vaxt nə ağlamamışam, nə üsyan etməmişəm. Şükr etmişəm ki, canımız sağ olsun, yoldaşım sağ olsun. Emil də indi mənə dəstək olur. Emillə bərabər qocalmaq istəyirəm. O, həmişə mənə deyir ki, istəmirəm, məndən sonra kiməsə möhtac olasan. İndi o qədər pis insanlar var ki, məni incələyirlər. Mən bütün gecəni Emil üçün oyaq qalanda, zülmlər çəkəndə, xəstəxana yollarında qalanda, borc taksilərlə gedəndə, borc ərzaq alıb Emilin yanına gedəndə yanımızda niyə deyildilər?
-Yəni, heç kim yanınızda deyildi. Hətta atası Rəhman Rəhmanov da?
-Mən Rəhman dayını özümə ata kimi görürəm. O da imkanlı insan deyil, dövlətdən 5-6 yüz manat maaş alır. Onun da nə boyda qazancı var ki, bizimlə bölsün? Amma buna baxmayaraq, bu gün də çörəyini bizimlə bölür. Xəstəxanaya bir dəfə mən gedəndə, bir dəfə də Rəhman dayı gedib. Ondan savayı Emilə dəstək olan olmayıb.
-Deyəsən Rəhman müəllimlə də efirlərin birində tanış olmuşdunuz...
-Xeyr, ondan əvvəl də tanış idik. Sadəcə, orada telekanala elə lazım idi deyə, o cür də təqdim etdilər. İndi artıq mən də özümü Emilin valideynlərinin yanında təsdiq etmişəm. Çünki onlar da inanmırdılar. Hətta biz Emillə evlənməzdən öncə anası dedi ki, qızım etmə-eləmə, bu, ikinci evliliyidir.
-Mən üçüncü evliliyi bilirdim...
-Xeyr, ikincidir. Anası dedi ki, kaprizlidir, onu ötəri həvəs kimi düşünmə. Dedim, qərarımız qətidir.
-Həbsxanan çıxmış, maddi problemlər içərisində çabalayan və zərərli vərdişləri olan bir kişini bir qadına nə bağlaya bilər? Sualı bir az da dəqiqləşdirsək, sizi Emilə doğru çəkən nə oldu?
-Təbii ki, sevgi və Emilin böyük ürəyi. Onun həyatına daxil olduqca, tanıdıqca görürsən ki, insani keyfiyyətləri çox yüksəkdir. Qeyri-adi ürəyi var, Allah hər insana belə ürək vermir. Bəzən düşünürəm ki, belə insan ola bilərmi? Emil heç orta məktəbi axıra qədər oxumayıb. Mən universitet bitirsəm də, istər dini, istər elmi məqamları Emildən eşidirəm, öyrənirəm. Çünki məndən qat-qat çox şeylər bilir.
-Aydın məsələdir ki, nə siz Emili tanıyanda, nə də indi onun xüsusi imkanları olmayıb və yoxdur. Olubmu ki, Emilin hansısa həmkarı, yaxud ortaq tanışınız desin ki, axı, niyə gedib öz sakit həyatını yaşamırsan?
-O qədər deyiblər ki...
Emildən replika:
-Sabrinaya ən çox deyilən sözdür bu.
Sabrina fikrini davam etdirir:
-Hətta sosial şəbəkədə də yazırlar ki, Emili neyniyirsiz, özünüzə karyera qurun. Mən insanları sevirəm, yaxşısı da, pisi də bizimdir. Amma özümə qarşı layiq olmadığım təhqirləri, tənqidləri görəndə məyus oluram, amma belə hərəkətlər məni gücləndirir.
-Son günlərdə ard-ard bir neçə televiziya proqramında qonaq oldunuz. İllərlə itirib-axtarmayan və indi üzə çıxan tanışlar oldumu?
-Emili axtaranlar hər zaman sənəti bilən adamlar olublar. Sənətçilər Emildən çox bəhrələnirlər və yüz il də keçsə, Emil öz məktəbini yaradıb və yəqin ki, davamçıları da olacaq. Bunu danmaq olmaz.
-Emil bəy, “Azəri star” müsabiqəsinin iştirakçılarıdan sizi axtaran olurmu?
-İnanın ki, heç kim axtarmayıb. Sadəcə bəzi məclislərdə Vaqif Şıxəliyevlə rastlaşmışıq.
-Teymur Əmrahın məşhur bir açıqlaması var. Deyir ki, Emil və Elton ifaçı kimi məndən də üstündürlər. Ümumiyyətlə, Teymur Əmrahın sənət fəaliyyətinizdə hansı rolu olub?
-Teymur Əmrahın mənim oxumağımda rolu yoxdur. Amma repertuar seçimi və Azərbaycanın klassik estradanın ən zövqlü bəstəkarlarını tanımaqda mənə köməyi dəyib.
-Məsələn, kimlərin əsərləri ifa etməyi tövsiyyə edib?
-Cahangir Cahangirov, Tofiq Quliyev, Firkət Əmirov, Rauf Hacıyev, Üzeyir Hacıbəyov...O, həmişə deyib ki, bu şəxsiyyətlərin yazdığı əsərlər əbədi əsərlərdi. Onlardan üzü bu tərəfə yazılan əsərlərin əksəriyyəti isə dolanışıq üçündür.
-Özünüz dolanışıq üçün nəsə oxumusunuz?
-Türk musiqilərindən savayı yox.
-Yəni, heç vaxt “xaltura” etməmisiniz...
-Xeyr, heç vaxt. “Xaltura” janrında musiqilər səslənən məclisdə üç, maksimum beş dəqiqədən artıq görünə bilmərəm. Orada mənə yüz min manat verilsə də, çıxıb gedərəm.
-Tanındığınıza, populyar olduğunuza görə taleyinizi qınadığınız məqamlar olur? Məsələn, düşünürsünüzmü ki, kaş tanınmazdım və bu qədər olaylar da başıma gəlməzdi. Axı, insan gündəmdə olanda, tanınanda çevrəsi də genişlənir...
-Bu sözümə görə Allah keçsin günahımdan. Hərdən üsyan etmişəm ki, kaş bu istedadı, bu sənəti mənə verməyəydi.
-Niyə məhz bu istedadı?
- Pis və orta səviyyəli sənətçilər heç vaxt heç kimə mane olmurlar. Ona görə də kənardan heç bir zərbə almırlar.
-Düşünürsünüz ki, ortabab ifaçı olsaydınız, bu taleyi yaşamazdınız?
-Bəlkə də yaşamazdım, sakit ömrümü sürüb, toyuma gedib beş manatımı qazanıb, evimə gələcəkdim.
-Deməli, hesab edirsiniz ki, yaşadıqlarınız kimlərinsə planlı şəkildə qurduqları oyundur?
-Bunlar hamısı mənim sənətimin və istedadımın ucbatından başıma gələn şeylərdir.
-Belə anladım ki, söhbət sənət rəqiblərinizdən gedir...
-Mənə zərbə vuranlar, ayağımın altını qazanlar, pisliyimi istəyənlər, pisliyimə sevinən insanlar sənəti olmayan, paxıllıq çəkən insanlardır. Çünki sənəti olan insan heç vaxt paxıl olmur.
-Müsabiqədən cəmi bir neçə ay sonra həbs edildiniz...
-2005-ci ildə...
-O hadisədə iştirakınız təşkil olunmuşdu, yoxsa özünüzün dediyiniz kimi ürəyinizin yumşaqlığından həmin çevrənin cinayət törətmək təklifindən imtina edə bilmədiniz?
- Belə deyək də... (düşünür) Mənim üzüyolalığımdan və ürəyimin yumşaqlığı başıma bəla oldu. Sadəcə, orada kimlərisə tək qoymaq istəməmişəm.
-Həmin hadisəni törədərkən populyarlığınızın fərqində idiniz, yoxsa ümumiyyətlə, bu, sizə maraqlı deyildi?
-Həmin an heç nə gözümə görünmürdü.
-Hətta atanızın tanınmış insan olmağı da...
-Bəli, o da gözümə görünmürdü. O ərəfədə pis vərdişlərə yenicə qurşanmışdım.
-Müsabiqənin gedişatında?
-Xeyr, müsabiqədən bir az əvvəl idi.
-Yəqin ki, məslislərə də gedirdiniz.
-Bəli, yaxşı da pul qazanırdım, hər şeyə həvəsli idim.
-Həvəsli deyərkən?
-Kef-damağa, pis vərdişlərə həvəsim böyük idi. O şeylər mənə çox şirin gəlirdi.
-Üstəgəl pul da qazanırsız...
-Bəli, ona görə heç nəyin və heç kimin fərqində deyildim. Düşünmürdüm ki, sənətkaram, atam da filankəsdir, özüm də tanınıram.
-Sizi zərərli vərdişlırlı tanış edən çevrə sənət aləmindən idi?
-Bəli.
-Hazırda səhnədədirlərmi?
-Biri səhnədədir, digəri vəfat edib.
-Kim?
-Biri Elçin Cəlilov idi.
-Elçin Cəlilov da böyük sənətkar idi. Onun sizi zərəli vərdişlərə qurşandırmağa nə ehtiyacı ola bilərdi? Axı bayaq danışdıq ki, istedadsız, orta səviyyəli sənətçilər daha paxıl olur. Hətta deyərdim ki, Elçin Cəlilov da zərərli vərdişlərin qurbanlarından biri idi...
-Onun belə bir şeyə ehtiyac yox idi. Elçin çox yaxşı sənətkar və böyük insan idi. O elə bir iz qoyub getdi ki, bundan sonra yüz il də keçsə, Azərbaycan musiqisində elə sənətkar nadir hallarda ola bilər. Elçin Allah-təalanın Azərbaycan musiqisinə nadir hədiyyələrindən biri idi.
-Bəs sizcə, bu planı quran kim idi?
-O dövrdə Elçin Cəlilovdan sonra perspektiv vəd edən gənclər biz idik...
-Elton Hüseynəliyev, siz...
-Yox, Elton onda tanınmırdı. Mən müsabiqədən əvvəli danışıram. Skripkaçı Ramin, mən və bir neçə gənc musiqiçi var idi ki, musiqi aləmində böyük perspektiv vəd edirdik. Elçindən və Vidadi Bərdəlidən savayı indi həmin insanların hamısı həyatdadır. Allah ona da rəhmət eləsin!
-Vidadi Bərdəli də həmin çevrədə var idi?
-Yox, Vidadi Bərdəli narkotik qəbul etmirdi, amma yaxşı içki içməyi var idi. Onun da pis cəhəti içməyi idi. Elçini bir musiqiçi zərərli vərdişlərə qurşandırmışdı.
-Bildiyimə görə həmin insan Xalq artistidir...
-Bəli, doğru bilirsiniz. Elçini də o qurşandırmışdı. O dövrdə biz hamımız da Elçinin ətrafında idik. Biz ona həsəd aparırdıq. Elçin də Elçin idi, axı... Biz həm də bir yerdə işləyirdik. Lalə Dadaşova, Elçin Cəlilov, biz –mən, skripkaçı Ramin, qarmon ifaçısı Aydın “Abşeron” mehmanxanasının güzgülü zalında, Avropa zalında işləyirdik. O dövr üçün ölkədəki iki ən yaxşı ansambldan biri biz idik.
-Ortada çox qəribə və qaranlıq bir məqam var. 2005-ci ildə həbsinizlə nəticələnən hadisədə kiminsə avtomobili qaçırılmışdı. Amma eyni zamanda siz çox yaxşı pul qazanırdınız, Bakının iki ansamblından birinin solistisiniz. Pulu olan adam niyə belə bir iş tutsun ki?
-Mən 2005-ci ildə qazandığım pulu heç vaxt qazanmamışam.
-Maşın məsələsi də 2005-ci ildə olmuşdu?
-2007ci ilin dekabr ayının 31-də Zahid Sabirabadlı ilə Lökbatanda bir xanım ifaçının evində Yeni ili qeyd edirdik. Hadisə orada içkili başla baş verib.
-Kiminsə maşınını sürüb qaçmışdınız?
-Zahid və həmin xanım evdə qaldı, biz qalan hamımız həmin maşına oturub getdik. Səhəri gün xəbər tutduq ki, bu avtomobil axtarışdadır.
-Bəs həmin avtomobil ora necə gətirilmişdi?
-Aparıb gətirmişdilər ora. Oğurluq gəlib çıxmışdı.
-Çox qəribədir...
-Maşın söhbətində məndən başqa iki nəfər yaşlı insan həbs edilmişdi. Birinin qızının toyu olacaqdı. Digəri isə Zahidin və o xanımın sürücüsü idi. Elə bil ki, sürücü öz kəndçisinin maşınını içkili vəziyyətdə qaçırtmışdı. Kəndçisi də polisə şikayət etmişdi ki maşınımı qaçırtmışdılar.
-Yeddi il müddətinə həbs olundunuz...
-Altı il.
-Sizcə, o əmələ görə altı il cəza çox deyildi?
-Çünki mən digər iki nəfərin də törətdiyi əməli öz üzərimə götürdüm. Axı onlar həm yaşca böyük idi, həm də birinin qızının toyu olacaqdı.
-Təkcə siz həbs edildiniz?
-Əslində, hakim özü də bilirdi ki, burada mənlik bir şey yoxdur. Hətta mənə məhkəmə zalında hakim dedi ki, ay bala, niyə belə edirsən, bəlkə kimsə sənə hədə-qorxu gəlir? Allah Zahid Sabirabadlıya rəhmət eləsin. Bunu bütün musiqiçilər bilir, amma mediada ilk dəfədir danışıram. Orada gəlib üzümə dayandı ki, hamısını Emil edib, sərxoş olduğu üçün açarları götürüb maşına minib qaçıb. Halbuki o iki nəfər də dedi ki, burada Emillik bir iş yoxdur. Hətta bildirdilər ki, Emil müğənni adamdır, biz dedi ki, maşın var, şəhərə gedirik, o da bizimlə getdi.
-Niyə bu qədər cəzanı üzərinizə götürməyə razı oldunuz?
-Birinin qızının toyu olacaqdı, digəri isə xərçəng xəstəsi idi. Bayıl həbsxanasında qırx beş gün sonra izalyatorda rəhmətə getdi.
-Bilirik ki, həbsxanada qiymətlər də kifayət qədər baha olur...
-Mənim kimi incəsənət adamları oradakı insanlara sərf edir. Çünki ora üçün qərib adamam, mənim aləmim deyil. İstər-istəməz orada həyat tamam ayrı cürdür. Mənim üçün şərait yaradılırdı. Sintezator, aparatura və mikrofonla təmin edilmişdim, sənətimlə məşğul olurdum.
-Bu sözü bəlkə də sərt səslənəcək. Bəlkə də sizin orada üzünüzə dediyiniz qədər xoş baxılmasaydı, əsl məhbəsin çətinliklərini görsəydiniz, yenidən ora qayıtmazdınız və qayıtmaq istəməzdiniz. Şübhəsiz ki, atanızın da tanınmış insan olmağı və bu kimi digər amillər imkan verməyib ki, həbsxana həyatını tam dərinliyi və çətinlikləri ilə hiss edəsiniz...
-Mən orada “lyubimçik” olmuşam da. Dediyinizlə razıyam. İncəsənət adamı, xüsusən müğənni məhbəsə düşürsə, bu, oradakı məhbuslar üçün toy-bayramdan da o yanadır. Çünki əllərinə sərvət düşür, oluram onların “evinin” qonağı. Orada böyüyündən kiçiyinə qədər hər kəs mənimlə hörmətlə davranıb. Şübhəsiz ki, hörmət qarşılıqlıdır. İstənilən əlamətdar günlərdə başda məni əyləşdirirdilər, yeməyin ən yağlısını, ən yaxşısını məni yedizdirirdilər.
-İstərdim ki, yenidən sənət mövzusuna qayıdaq. Bayaq haqqında bəhs etdiyiniz zəif və orta səviyyəli ifaçılardan məclislərdə sizə qarşı xosagəlməz hərəkət edən olubmu?
-Mənim xoşbəxtliyim ondadır ki, olduğum heç bir məclisdə mənə paxıllıq olmayıb. Hətta mikrofon pis də olsa, gedib ən yaxşısını tapıb gətiriblər ki, məni dinləsinlər.
-Bunu məclis sahibləri edib?
-Xeyr, musiqiçilər ediblər ki, məni dinləsinlər.
-Adətən Bakı kəndlərindəki toy məclislərinə muğam üçlüyü dəvət edilir. Amma sosial şəbəkələrdə həmin məclsilərdə sizin də dəfələrlə iştirakınızın şahidi olmuşam. Hətta sovet dönəmində də sizin janrınızda oxuyan Akif İslamzadə, Hüseynağa Hadıyev kimi sənətkarları Bakı kəndlərindəki məclislərə nadir hallarda dəvət edərdilər. Məsələn, kənd məclislərində daha çox Yaqub Məmmədov, Arif Babayev, Ağaxan Abdullayev kimi sənətkarlara tələbat böyük olub.Sizi kənd toylarına musiqiçi dostlarınız bekar qalmayasınız deyə özləri ilə aparırdılar, yoxsa bu, məclis sahiblərinin istəyi idi?
-Toy sahibləri dəvət edirdilər. Bakı kəndləri elədir ki, çağırılmamış adamın ora gəlməyinə məclis sahibləri dərhal narazılıq edər. Soruşarlar ki, bunu kim çağırıb. Məni mbir tərəfim Bakının Nardaran kəndindəndir və bu qaydaları kifayət qədər bilirəm./Anaxeber.info/