Bərdə şəhər sakini Orxan Talıbov həkim səhvinin qurbanı olub.
Onun sözlərinə görə, 6 yanvar 2019-cu ildə avtoqəzaya düşüb. Hadisə nəticəsində ayaqlarından ciddi xəsarət alıb. Bərdə rayon Mərkəzi Xəstəxanasında əməliyyat olunub. “Əməliyyatı həkim Xalid Məmmədov edib. Deyirdi ki, əməliyyatdan sonra hər şey normal olacaq. Lakin sonradan bəlli oldu ki, həkim əməliyyatı səhv edib. Onun səhvi nəticəsində ayağımın biri qısalıb”, - deyə Orxan Talıbov bildirib.
Şikayətçi əlavə edib ki, baş verənlərlə bağlı həkimdən izahat tələb edib. Lakin həkim məsuliyyətsizliyini müxtəlif bəhanələrə ört-basdır etməyə çalışıb. Bundan sonra Orxan Talıbov Baş həkimin müavini Knyaz Məmmədovun qəbuluna gedərək baş verənlərdən şikayət edib. Baş həkimin müavini isə Xalid Məmmədovun səhlənkarlığını ört-basdır etməklə yanaşı, şikayətçiyə absurd tövsiyələr verib. “Mən Knyaz Məmmədova Xalid Məmmədovdan şikayət edirəm. Bu adamın məni şikəst etdiyini bildirirəm. O isə mənə deyir ki, eybi yox bir ayağına dabanlı, digərinə dabansız ayaqqabı geyinərsən”, - deyə Orxan Talıbov bildirib.
Şikayətçi məsələ ilə əlaqədar Bərdə Rayon Prokurorluğuna da müraciət edib. Lakin hələ ki, heç bir nəticəsi yoxdur.
VÜQAR