Bu il fevral ayının 10-da Kənd Təsərrüfatı Nazirliyinin saytında belə bir məlumat yayılmışdı: “Azərbaycanda heyvandarlığın inkişafı və qarşıda duran vəzifələr” mövzusunda onlayn müşavirə keçirilib” Həmin məlumatda o da qeyd olunmuşdu ki, “2019-2023-cü illərdə Azərbaycan Respublikasında heyvandarlığın inkişaf etdirilməsinə və örüş-otlaq ərazilərinin səmərəli istifadə olunmasına dair Dövlət Proqramı”nın icrası ilə bağlı görülmüş işlər öz bəhrəsini verib”.
Kənd Təsərrüfatı Nazirliyinin həmin saytında Dövlət proqramları bölməsində adı gedən
“2019-2023-cü illərdə Azərbaycan Respublikasında heyvandarlığın inkişaf etdirilməsinə və örüş-otlaq ərazilərinin səmərəli istifadə olunmasına dair Dövlət Proqramı”nı (proqram əlavə edilir) çox asanlıqla tapdım və həmin dövlət proqramının icrası ilə bağlı fikirlərimi yazdım.
Yazı 20 fevral 2021-ci il tarıxində Turan İnformasiya Agentliyinin saytında
“Qeyri-peşəkar, səthi və primitiv hazırlanan proqramlar” başlığı altında gedib. Məqalədə “2019-2023-cü illərdə Azərbaycan Respublikasında heyvandarlığın inkişaf etdirilməsinə və örüş-otlaq ərazilərinin səmərəli istifadə olunmasına dair Dövlət Proqramı”nda müəyyən edilən hədəflərin qeyri-ciddi olduğu qeyd edilib. Belə ki, “Dövlət Proqramının icrası nəticəsində 2029-cu ilə qədər 2017-ci illə müqayisədə ət istehsalının 52 min ton artırılaraq 368 min tona çatdırılması nəzərdə tutulur. Yəni, proqramı hazırlayanların hesabına görə, hər il ət istehsalı artımı 5,2 min ton təşkil edəcək. Həmin proqram qəbul edilməzdən əvvəl təbii olaraq ət istehsalında illik artım 10,7 min ton olduğu halda, qəbul edilən Dövlət Proqramında hədəf kimi hər il orta hesabla ət istehsalını 5,2 min tona (2 dəfə az) qədər artırmaq nəzərdə tutulur.
Sual etmişdik ki, bunun üçün Dövlət Proqramının hazırlanmasına nə ehtiyac var idi?! Proqramda həm də 2023-cü ilə qədər süd istehsalını 2,48 milyon tona çatdırmaq qarşıya məqsəd qoyulub. Halbuki, 2019-cu ildə 2,54 milyon ton süd istehlak edilib. Dövlət Proqramında hədəf kimi 2023-cü ildə indiki süd istehlakından daha az məhsul əldə etmək planlaşdırılır. Və üstəgəl planlanan hədəflərə çatmaq üçün dövlət vəsaitləri hesabına iribuynuzlu və xırdabuynuzlu cins heyvandarlıq təsərrüfatlarının yaradılması, iribuynuzlu və xırdabuynuzlu cins heyvanların satın alınaraq ölkəyə gətirilməsi nəzərdə tutulur.
Həmin yazı gedəndən dərhal sonra kənd təsərrüfatı nazirliyi “2019-2023-cü illərdə Azərbaycan Respublikasında heyvandarlığın inkişaf etdirilməsinə və örüş-otlaq ərazilərinin səmərəli istifadə olunmasına dair Dövlət Proqramı”nı və yuxarıda qeyd edildiyi kimi yaymış olduğu məlumatdan Dövlət Proqramı ilə bağlı hissəni öz saytından çıxarıb. Və sonradan 11 mart 2021-ci il tarixində AzPolitika.info, musavat.com, cia.az, bia.az saytlarında Mürvət Həsənlinin imzası ilə gedən məqalədə elə bir Dövlət Proqramının, ümumiyyətlə, olmadığı iddia edilir.
Yeni Musavatın saytında iş adamı Mürvət Həsənlinin “Vahid Məhərrəmovun saxtakarlığı: Mövcud olmayan “dövlət proqramı” barədə bir neçə söz”, azpolitika.info saytında “Saxtakarlıq və ya mövcud olmayan “dövlət proqramı” barədə bir neçə söz” və sair saytlarda da bu kimi başlıqlar altında eyni məzmunlu yazılar gedib. Həmin saytlarda Mürvət Həsənlinin adı ilə gedən yazıda qeyd edilir: “... özünü “böyük kənd təsərrüfatı mütəxəssisi”, “aqro-analitik” kimi göstərməyə çalışan Vahid Məhərrəmovun Turan İnformasiya Agentliyi üçün qələmə aldığı
“Qeyri-peşəkar, səthi və primitiv hazırlanan proqramlar” adlı “elmi məqalə”sini oxuyanda atalarımızın yalançılığın iş prinsipləri barədə söylədikləri bir sözü yadıma düşdü: “Sevmədiyin birisinin üzərinə çamur at, yapışmasa da, iz buraxacaq”.
Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Vahid Məhərrəmov da sevmədiyi hakimiyyətə qarşı məhz bu metodlardan istifadə edib. O, klassik yalançıları da bir addım arxada buraxaraq, nəinki rəqəmləri saxtalaşdırmaqla qalmayıb, hətta özündən mövcud olmayan “dövlət proqramı” da icad edib və bütün mülahizələrini bu “saxta sənəd” üzərində qurub. Dediyinə görə, əsaslandığı sənədin adı “2019-2023-cü illərdə Azərbaycan Respublikasında heyvandarlığın inkişaf etdirilməsinə və örüş-otlaq ərazilərinin səmərəli istifadə olunmasına dair Dövlət Proqramı”dır. Halbuki, mən bu zamanadək belə bir Dövlət Proqramının qəbul edildiyi barədə heç nə eşitməmişdim və “kənd təsərrüfatı mütəxəssisi”nin analizini oxuyandan sonra həmin sənədlə bağlı axtarışlarım da heç bir nəticə vermədi.
Kənd Təsərrüfatı Nazirliyində yaxından tanıdığım insanlara müraciətimdə aydın oldu ki, o adda sənəd, ümumiyyətlə, mövcud deyil. Görünür, haqqında danışdığımız mütəxəssis Turan İnformasiya Agentliyindən qonorar almaq xətrinə “qanunvericilik” missiyasını üzərinə götürüb, özündən yeni “dövlət proqramı” uydurub. Bunun adının nə olub-olmadığını müəyyənləşdirməyi İnformasiya Agentliyinin və Milli Şuranın öhdəsinə buraxırıq”.
Bir daha qeyd etməliyəm ki, 20 fevral 2021-ci il tarıxində Turan İnformasiya Agentliyinin saytında
“Qeyri-peşəkar, səthi və primitiv hazırlanan proqramlar” başlığı altında gedən məqalə Kənd Təsərrüfatı Nazirliyinin saytında yer almış “Azərbaycanda heyvandarlığın inkişafı və qarşıda duran vəzifələr” mövzusunda onlayn müşavirə keçirilib” başlığı altında gedən xəbərə əsasən yazılıb.
Həmin vaxt Kənd Təsərrüfatı Nazirliyinin saytında yayılan xəbərin məsələyə aidiyyatı olan abzasını təqdim edirəm: “Tədbirdə qeyd olunub ki, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev tərəfindən aqrar sahənin inkişafı prioritet istiqamətlərdən biri kimi elan edilib. Bildirilib ki, aqrar sahənin, o cümlədən heyvandarlığın inkişafı üçün dövlət tərəfindən sistemli dəstək tədbirləri həyata keçirilir. Son illərdə dövlət başçısının verdiyi tapşırıqlar, “2019-2023-cü illərdə Azərbaycan Respublikasında heyvandarlığın inkişaf etdirilməsinə və örüş-otlaq ərazilərinin səmərəli istifadə olunmasına dair Dövlət Proqramı”nın icrası ilə bağlı görülmüş işlər öz bəhrəsini verib”.
Sonradan 20 fevral 2021-ci il tarıxində Turan İnformasiya Agentliyinin saytında “Qeyri-peşəkar, səthi və primitiv hazırlanan proqramlar” başlığı altında gedən məqalədən dərhal sonra həmin abzas bu formada dəyişdirilib: “Tədbirdə qeyd olunub ki, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev tərəfindən aqrar sahənin inkişafı prioritet istiqamətlərdən biri kimi elan edilib. Bildirilib ki, aqrar sahənin, o cümlədən heyvandarlığın inkişafı üçün dövlət tərəfindən sistemli dəstək tədbirləri həyata keçirilir. Son illərdə dövlət başçısının verdiyi tapşırıqlar, heyvandarlığın inkişaf etdirilməsi ilə bağlı görülmüş işlər öz bəhrəsini verib”. Gördüyünüz kimi, ilkin mətndən “2019-2023-cü illərdə Azərbaycan Respublikasında heyvandarlığın inkişaf etdirilməsinə və örüş-otlaq ərazilərinin səmərəli istifadə olunmasına dair Dövlət Proqramı” ifadəsi çıxarılıb.
Hesab edirəm ki, Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyi Turan İnformasiya Agentliyinin saytında “Qeyri-peşəkar, səthi və primitiv hazırlanan proqramlar” başlığı altında gedən məqaləni oxuduqdan sonra hazırladıqları proqramın çox uğursuz, primitiv olduğunu dərk edib və həmin dövlət proqramını nazirliyin saytından çıxararaq, ümumiyyətlə, belə bir sənədin olmadığı fikrini yaratmağa çalışıb. Hətta bu haqda məqalə yazıb Mürvət Həsənovun vasitəsilə müxtəlif saytlara göndəriblər.
Bununla yanaşı kənd təsərrüfatı nazirliyinin fevral ayının 10-da “Azərbaycan Respublikasında 2019-2023-cü illərdə heyvandarlığın inkişaf etdirilməsinə və örüş-otlaq ərazilərinin səmərəli istifadə olunmasına dair Dövlət Proqramı”nın icrası və görülmüş işlərlə bağlı yaydığı məlumatlar digər saytlarda yerləşdirilmişdir. Bir çox saytlarda yer almış həmin məlumatların bir neçəsi ilə tanış ola bilərsiniz: Fed.as saytında,
[1] sitat.news saytında,
[2] unikal.orq saytında
[3] və digər saytlarda məhz nazirliyin ilkin məlumatında olduğu kimi qeyd edilir ki, “son illərdə dövlət başçısının verdiyi tapşırıqlar, “Azərbaycan Respublikasında 2019-2023-cü illərdə heyvandarlığın inkişaf etdirilməsinə və örüş-otlaq ərazilərinin səmərəli istifadə olunmasına dair Dövlət Proqramı”nın icrası ilə bağlı görülmüş işlər öz bəhrəsini verib.”
Belə bir sənədin olmadığını iddia edən “yazı müəllifi” və onun “o adda sənəd ümumiyyətlə mövcud deyil” deyən kənd təsərrüfatı nazirliyindəki tanışları necə oluub ki, 2019-cu ilin əvvəlindən ictimai müzakirələrə çıxarılan dovlət proqramını nəzərlərindən qaçırıblar? Axı “Azərbaycan Respublikasında 2019-2023-cü illərdə heyvandarlığın inkişaf etdirilməsinə və örüş-otlaq ərazilərinin səmərəli istifadə olunmasına dair” Dövlət Proqramı layihəsinin ictimai müzakirələrində nazir, nazirlik təmsilçiləri, icra strukturlarının nümayəndələri və fermerlər iştirak ediblər.
[4] Onu da qeyd etməliyəm ki, indiyə kimi qəbul edilən dövlət proqramlarının səthi və qeyri-peşəkar hazırlandığı və qəbul edilən proqramların icrası üzrə monitorinqlərin aparılmaması ilə bağlı dəfələrlə Astna.biz saytında fikirlərimizi bildirmişik. “Turan” İnformasiya Agentliyinin saytında 20 fevral 2021-ci il tarıxdə "Qeyri-peşəkar, səthi və primitiv hazırlanan proqramlar" başlığı altında gedən məqalədən 14 gün sonra, 6 mart 2021-ci il tarıxdə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə “Dövlət proqramlarının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi qaydası” təsdiq edildi. Qaydaların qəbul edilməsində əsas məqsəd dövlət proqramlarının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi prosesini təkmilləşdirmək olmuşdur.
Yaxşı olardı ki, kənd təsərrüfatı nazirliyinin rəhbərliyi dövlət əhəmiyyətli sənədlərin hazırlanmasına ciddi yanaşsın. Baxın, uzun müddət ərzində kənd təsərrüfatında bitkiçiliyin, heyvandarlığın inkişaf etdirilməsi ilə bağlı çoxlu sayda dövlət proqramları qəbul etsə də, ortada heç bir nəticə yoxdur. Nəticənin olmaması isə qəbul edilən sənədlərin qeyri-peşəkar, primitiv səviyyədə və səthi hazırlanmasındadır. Yaxşı olar ki, kənd təsərrüfatı nazirliyi dövlət proqramların hazırlanmasında peşəkarların xidmətindən istifadə etsin.
P. S. Mürvət Həsənli “tapa bilmədiyi” və Kənd təsərrüfatı nazirliyi saytından çıxardığı “Azərbaycan Respublikasında 2019-2023-cü illərdə heyvandarlığın inkişaf etdirilməsinə və örüş-otlaq ərazilərinin səmərəli istifadə olunmasına dair Dövlət Proqramı” əlavə edilir.
Vahid Məhərrəmov
[1] https://fed.az/az/aqrar/etlik-heyvandarliq-teserrufatlarinin-yaradilmasinin-muzakire-edilib-99914?fbclid=IwAR0Ks7Re9eN-oYe1OT4xZsqi6VeEsiGvM5IRju9KC879UA2QZ0IPDK5vHpE[2] https://sitat.news/nazir-musavire-kecirdi-yeni-melumat-bazasi-yaradilacaq?fbclid=IwAR2qIQWEPW25Npb803Chnz7dT7Fd7lopd_7LRo34zauNgJB5CE_lUo-r5jg,
[3] https://www.unikal.org/news/278253/inam-kerimov-onlayn-musavire-kecirib?fbclid=IwAR0yRAOqR3Zhr8Ohu7KjLJ7CJmhWBqj5ksuhDXHkYD27TE9TW85MmcWfrYc[4] Read more:
https://sputnik.az/economy/20190305/419690676/heyvandarliqin-inkishafi-proqrami-muzakire-olunub.html