Tüstüsü təpəsindən çıxan azarkeş - Hardasan, AFFA?

2-04-2021, 09:15   

Erməni qələbə qazanır, azərbaycanlı azarkeşin tüstüsü təpəsindən çıxır
2022-ci ildə keçiriləcək futbol üzrə dünya çempionatının (DÇ-2022) seçmə mərhələsində üç tur geridə qaldı. Azərbaycan millisi də biri yoxlama, ikisi rəsmi oyun olmaqla üç qarşılaşmada meydana çıxdı və... Hamısında uduzdu. Milli komandanın Portuqaliyaya (0:1) və Serbiyaya (1:2) rəsmi oyunlarda, Qətərə (1:2) yoxlama matçında məğlub olması növbəti dəfə azərbaycanlı futbol azarkeşlərinin səbr kasasını daşırdı. Hazırda sosial şəbəkədə AFFA rəhbərliyini və milli komandanı tənqid, hətta təhqir edənlərin sayı-hesabı bilinmir.
Tüstüsü təpəsindən çıxan azarkeş
Milli komandanın DÇ-2022-nin seçmə mərhələsində keçirdiyi bütün oyunları məğlub başa vurması azmış kimi, bir müddət əvvəl döyüş meydanında Azərbaycanla qarşı-qarşıya gələn Ermənistanın futbol yığmasının qələbələri sıralaması sanki odun üstünə benzin tökdü. Xüsusilə, ermənilərin seçmə mərhələnin 3-cü turunda Ruminiyanı 3:2 hesabı ilə məğlub etməsi azərbaycanlı azarkeşləri daha da özündən çıxardı. Zarafat deyil, ermənilər seçmə mərhələdə keçirdikləri üç oyunun hamısında qələbə qazanıblar və öz qruplarında vahid liderdirlər. Özü də Almaniya, İslandiya, Rumıniya kimi hörmət ediləsi milli komandaların olduğu qrupda. Ermənistan millisinin statistik göstəriciləri də göz oxşayır: Ermənilər DÇ-2022-nin seçmə mərhələsinin ilk üç turunun hər birində qələbə qazanan dörd komandadan biridir. Qonşu ölkənin yığma komandası üç turda ümumilikdə ən çox hücum edən komandalar arasında beşincidir! Ermənilər üç oyunda 52 dəfə qol vurmaq üçün cəhd ediblər! Futbolu az-çox başa düşənlər bunun nə demək olduğunu anlayar. Məsələn, Azərbaycan millisi cari seçmə mərhələdə keçirdiyi oyunlarda rəqib qapılarına qol vurmaq üçün heç 10 dəfə də cəhd etməyib. Ölkəsinin milli komandasının qələbəsinə sevinib, məğlubiyyətinə üzülən azərbaycanlı azarkeşin tüstüsü təpəsindən çıxmasın, nə etsin?
Hardasan, AFFA?
Bütün bu baş verənlərin fonunda AFFA rəhbərliyi susur. Adətən Azərbaycanın futzal üzrə milli komandası nəsə qələbə qazananda federasiyanın saytında təbrik məktubu yayımlanan AFFA prezidenti Rövnəq Abdullayevin izi-tozu da yoxdur. Sanki ölkə futbolunun rəhbəri o yox, hansısa çayxanada dostları ilə oturub milli komandanın rüsvayçı oyunu haqda dil-boğaza qoymadan danışan, başına-gözünə döyən Məmmədquludur. İki ay əvvəl jurnalistlərlə onlayn formatda mətbuat konfransı keçiriləndə “Mən baş katib kimi başladım, hazırda icraçı vitse-prezidentəmsə, deməli, nələrisə düzgün etmişəm. Mənə qiyməti məni işə götürənlər verirlər” deyən AFFA-nın baş katibi (eyni zamanda icraçı vitse-prezidenti) Elxan Məmmədovun səsi-sorağı gəlmir. Məmmədovu Azərbaycan futbolunun boğazına kəndir kimi keçirən federasiyanın vitse-prezidenti Elşad Nəsirov da ortalıqda görünmür. Bir vaxtlar Almaniyada açdığı futbol məktəbi ilə (çox keçmədən bağlandı) insanların gülməsinə, qəşş etməsinə səbəb olan digər vitse-prezident Rauf Əliyevi də “gördüm” deyən yoxdur.
Milli komanda
Milli komanda
Mənbə: affa.az
Ortada biabırçı oyun, nəticələr varsa, üstəlik Ermənistan millisi qələbələri sıralayırsa, AFFA rəhbərliyindən kiminsə çıxıb açıqlama verəcəyini gözləməyin. Onlar gizləniblər. Gizləndikləri yerdən ara sakitləşəndə çıxacaqlar. Əvəzində...
De Byazi ayılıb
Əvəzində Azərbaycan milli komandasının italiyalı baş məşqçisi Canni De Byazi danışır. Azərbaycana yeni gələndə iddialı açıqlamalar verən, vaxtı ilə uğur qazandığı Albaniya millisini tez-tez xatırladan De Byazi də artıq hara gəldiyini anlamaqdadır. İtaliyalı mütəxəssis əvvəllər azərbaycanlı futbolçuları tərifləməkdən yorulmurdusa, Portuqaliyaya məğlubiyyətdən sonra keçirilən mətbuat konfransında nəhayət, “təslim oldu”: “Bizim heyətimizin demək olar ki, hamısı yerli çempionatda çıxış edir. Lakin rəqiblərimizin oyunçuları Avropa klublarında çıxış edirlər”.
De Byazi yalan deyir? Haşa! Qətiyyən! Nə varsa, onu da deyir. Hətta bir az daha yumşaq formada. Məsələn, deyə bilərdi ki, azərbaycanlı futbolçular düzgün ötürmə verə bilmirlər, rəqib futbolçular beş metrə qaçanda, bizimkilər zorla iki addım atır və sair. Amma... Biz bunları De Byazi olmadan da bilirdik. Maraqlı olan budur ki, italiyalı mütəxəssis Azərbaycana gələndə nə düşünürmüş? Görmürdü ki, Azərbaycan adlı məmləkətin futbolçularının hamısı elə məmləkətin 8 komandalı çempionatında oynayır? Yoxsa AFFA rəhbərliyi De Byaziyə kələk gəlib, Lionel Messinin, Kriştiano Ronaldonun Azərbaycan pasportunun olduğuna inandırıb onu? Allah sizi güldürməsin, necə ki, azərbaycanlı azarkeşlərin üzündən gülüşü silmisiz.
De Byazi
De Byazi
Mənbə: affa.az
“Qəhrəman” Rövnəq Abdullayev
Azərbaycan millisi hər dəfə uduzanda istər idman mediasında müstəqilliyini az-çox qoruyan jurnalistlər olsun, istərsə də, azarkeşlər, bir ağızdan AFFA rəhbərliyinin istefa verməli olduğunu deyirlər, yazırlar. Onları da başa düşmək olar. Amma onların başa düşmədiyi, ya da düşmək istəmədiyi bir şey var: qardaşlar, bacılar, Rövnəq Abdullayev özbaşına AFFA prezidenti seçilib ki, öz xoşu ilə da istefa versin? Adam ardıcıl dörd dəfə AFFA prezidenti “seçilib”. Abdullayev 2008-ci ildən Azərbaycan futboluna rəhbərlik edir. İkinci dəfə 2012-ci ildə, üçüncü dəfə 2016-cı ildə, nəhayət, sonuncu dəfə ötən ilin yanvar ayında yenidən federasiya prezidenti “seçilib”. Özü də sonuncu dəfə Abdullayevdən başqa, AFFA prezidentliyinə namizəd olmayıb. Bilirsiz bütün bunlar nə deməkdir? O deməkdir ki, Azərbaycanın futbol ictimaiyyəti dəlidir, başına hava gəlib, milli komandanın sonuncu seçmə mərhələni 1 xalla başa vurması hamını feyziyab edib, xoşbəxtlikdən göylərə uçurdub, ona görə də, Rövnəq Abdullayevin AFFA prezidenti olmasına ikiəlli razıdırlar. Azərbaycan milli komandası iki dəfə qatıldığı UEFA Millətlər Liqasından suyu süzülə-süzülə ayrıldığına görə hər kəs Rövnəq Abdullayevin ətəyindən bərk-bərk yapışıb ki, amandır, bizi tərk etmə... Yəni hamı uduzmaqdan, əzilməkdən elə zövq alır ki, Rövnəq Abdullayevi ardıcıl dörd dəfə AFFA prezidenti “seçiblər”.
Yaxşı... Doğrudanmı, Rövnəq Abdullayevi seçiblər? Yox! Abdullayevi təyin ediblər. Baxmayaraq ki, FİFA-ya üzv ölkələlərdə futbol federasiyaları müstəqil olmalı, öz prezidentini də özü seçməlidir. Amma bunun Azərbaycana heç bir dəxli yoxdur. Mərhum Fuad Musayevdən sonra AFFA-nın bütün prezidentləri Azərbaycan dövləti tərəfindən “seçilir”. Abdullayevi Azərbaycan futbolunun təpəsində oturdanlar, ya da oturdan ondan razıdırsa, günün 24 saatı “istefa” yazsaz, qışqırsaz da, xeyri yoxdur. Sadəcə, oturub gözləmək lazımdır ki, Rövnəq Abdullayevin vaxtı nə zaman bitəcək, onu AFFA prezidenti postunda hansı məmur əvəz edəcək. O günə kimi Azərbaycan futbolunun yaşadığı, yaşayacağı bütün uğursuzluqların, rüsvayçı nəticələrin məsuliyyəti Rövnəq Abdullayevlə birlikdə onu AFFA prezidenti təyin edənlərin boynundadır. Hətta Rövnəq Abdullayevdən də çox.
Meydan TV
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.