Türkiyəyə vəsiqə ilə necə getmək olar? - Ən çox verilən suallara səfirlikdən CAVAB

2-04-2021, 12:57   


Türkiyəyə vəsiqə ilə necə getmək olar? - Ən çox verilən suallara səfirlikdən CAVAB

Türkiyənin Azərbaycandakı səfirliyi iki ölkə arasında şəxsiyyət vəsiqəsi ilə səyahətə dair ən çox verilən sualları cavablandırıb.
Cebhe.info sual-cavabı təqdim edir:
- Hansı səyahət sənədləri ilə Azərbaycana səyahət edə bilərəm?
- Aşağıdakı səyahət sənədlərindən istənilən biri ilə Azərbaycana səyahət edə bilərsiniz:
• Türkiyə Respublikasının diplomatik, xüsusi, xidməti və ya ümumvətəndaş pasportu;
• Türkiyə Respublikasının kimlik kartı (Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) 9303 nömrəli sənədləri və onun əlavələrindəki standartlara uyğun olaraq cihazda oxuna bilən və biometrik məlumatları ehtiva edən kimlik kartı);
• Türkiyə Respublikasının dənizçi vəsiqəsi;
• Təyyarə ekipajının səyahət sənədləri;
• Qatar və lokomotiv ekipajının səyahət sənədləri;
• Birdəfəlik çıxış sənədi və ya müvəqqəti pasport (Türkiyə Respublikasına qayıtmaq və yalnız Azərbaycan Respublikasında müvəqqəti qalmaq, Azərbaycan Respublikasından tranzit keçmək və çıxmaq məqsədilə);
• Beynəlxalq avtomobil nəqliyyatı ilə məşğul olan peşəkar sürücülərin şəxsiyyət vəsiqələri.
- Azərbaycana səyahət etmək üçün köhnə tip kimlik kartımdan (nüfus cüzdanı) istifadə edə bilərəm?
- Xeyr. Kimlik kartınız biometrik məlumatları ehtiva etdirən yeni tipli kimlik kartı olmalıdır.
- Kimlik kartımla Azərbaycanda qalmaq icazəsi almaq üçün müraciət edə bilərəm?
- Xeyr. Türkiyədə və ya Azərbaycanda 90 gündən çox qalmaq istəyən vətəndaşlar qalmaq istədikləri müddətin sonundan etibarən 60 gündən çox etibarlılıq müddəti olan pasportları ilə qalmaq icazəsi üçün müracət etməlidirlər.
- Türkiyədən kimlik kartımla Gürcüstana gəldim. Gürcüstandan kimlik kartımla Azərbaycana gedə bilərəm?
- Xeyr. Üçüncü ölkələrdən Türkiyəyə və ya Azərbaycana giriş etdikdə, pasportdan istifadə edilməsi məcburidir. Yeni tipli kimlik kartlarından səyahət sənədi kimi istifadə edilə bilməsi yalnız Türkiyə və Azərbaycan arasında birbaşa səyahətlərdə mümkündür.
- Azərbaycana giriş etmək üçün sənədimin (yeni tipli kimlik kartı, pasport və s.) etibarlılıq müddəti nə qədər olmalıdır?
- Giriş tarixinizdən etibarən ən azı 30 gün olmalıdır.
Digər tərəfdən, yeni tip çipli kimlik kartları ilə səyahət edən vətəndaşlarımız Azərbaycanda kimlik katlarını itirdikdə, ölkəmizə qayıtmaq üçün müvəqqəti pasport almaq üçün müraciət edə bilmələri məqsədilə onların üstlərində fotoşəkil və TR kimlik nömrəsi olan başqa bir vəsiqənin də olması faydalıdır.
- 1 aprel 2021-ci ildə kimlik kartı ilə Azərbaycana səyahət edə biləcəyəm?
- Azərbaycan Nazirlər Kabineti “COVID-19” epidemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində xüsusi karantin rejiminin 1 iyun 2021-ci il tarixinədək qüvvədə qalmasını qərara alıb.
Xüsusi karantin rejiminin qüvvədə olduğu müddət ərzində yalnız Azərbaycanda yaşayış icazəsi olan və ya yaxın qohumu (valideyni, həyat yoldaşı, övladı) Azərbaycan vətəndaşı olan xarici ölkə vətəndaşlarının Azərbaycana girişinə icazə verilir. Bu qrupa daxil olmayan xarici ölkə vətəndaşları Azərbaycana gəlməzdən əvvəl Azərbaycan Nazirlər Kabinetindən giriş icazəsi almalıdırlar.
Bu çərçivədə, Azərbaycanda xüsusi karantin rejimi ləğv olunana qədər, Azərbaycanda yaşayış icazəsi olmayan və ya birinci dərəcəli qohumları Azərbaycan vətəndaşı olmayan Türkiyə vətəndaşları, səyahət etməzdən əvvəl Azərbaycan Nazirlər Kabinetindən giriş icazəsi almalıdırlar.
Azərbaycana giriş icazəsi olan Türkiyə vətəndaşları isə 1 aprel 2021-ci il tarixdən etibarən yeni tip çipli kimlik kartları ilə Azərbaycana səyahət edə biləcəklər.
- Bundan əvvəl Türkiyədən (və ya Azərbaycandan) deportasiya edilmişdim. Ölkəyə girişimə qoyulan qadağanın müddəti hələ başa çatmayıb. Kimlik kartı ilə səyahət başlayanda giriş qadağası avtomatik olaraq ləğv olunacaq?
- Xeyr. Kimlik kartı ilə səyahət etmək qaydası Türkiyəyə və ya Azərbaycana giriş qadağanızın avtomatik olaraq ləğv olması demək deyil.
Bu çərçivədə, Türkiyəyə giriş qadağanızın ləğv olunması üçün Azərbaycandakı (başqa bir ölkədəsinizsə, olduğunuz ölkədəki) Türkiyə nümayəndəliklərinə səyahət etmək səbəbinizə uyğun viza üçün müraciət etməlisiniz.
Xatırladaq ki. sual-cavab səfirliyin "Facebook" səhifəsində yayınlanıb.
Anaxeber.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.