Azərbaycandan xaricə milyardlar axır

3-04-2021, 09:37   


Mərkəzi Bank 2019-2020-ci illər üzrə Azərbaycandan xaricə qoyulmuş birbaşa investisiyaların həcmi barədə məlumat açıqlayıb.
Son 2 il ərzində xaricə yatırılan birbaşa investisiyaların həcmi 3.9 mlrd. dollara yaxındır. Əvvəlki illərdəki birbaşa yatırımların ölkəyə repatriasiyası nəticəsində 2019-2020-ci illərdə ölkədə xalis birbaşa investisiya çıxışı 3.2 mlrd. dollar təşkil edib.
Tədiyə balansı statistikasından görünən budur ki, xaricə yatırılan Azərbaycan mənşəli birbaşa investisiyalarının təxminən 30%-i neft sektoruna bağlıdır. Çox güman ki, bu SOCAR-ın sərmayələridir.
Amma yerdə qalan 70%-in əsasən hansı sahələrə bağlı olması, bu sərmayələrdən faktor gəlirləri kimi ölkəyə hansı həcmdə vəsait daxil olması, bu gəlirlərin ölkənin milli gəlirinin formalaşmasına hansı səviyyədə töhfə verməsi əslində yaxşıca analiz ediləsi mövzudur.
MB-nin hesabatında xaricə birbaşa investisiyaların iqtisadiyyatın sahələri üzrə bölgüsü görünməsə də, ölkələr üzrə statistikası var.
Çox maraqlı statistikadır: Türkiyəni saymasaq, 2 ilin nəticələrinə görə ən böyük birbaşa sərmayəçi olduğumuz ölkələrin siyahısı belədir:
  1. Lüksemburq – 440 mln. USD
  2. Monteneqro – 290 mln. USD
  3. Britaniya – 300 mln. USD
  4. Rusiya – 236 mln. USD
  5. Avstriya – 226.5 mln. USD
  6. ABŞ – 224 mln. USD
  7. Malta – 187.1 mln. USD
  8. Gürcüstan .113.9 mln. USD
  9. Sinqapur – 99 mln. USD
  10. Niderland – 89 mln. USD
Məncə bu siyahı həm də yaxşı bir xəritədir – oliqarxiyanın xaricdəki kapitalını axtarmaq üçün xəritə.
Yeri gəlmişkən, Beynəlxalq Valyuta Fondunun tədiyə balansı metodologiyasına görə, birbaşa investisiya dedikdə 2 mühüm meyar nəzərdə tutulur: 1) sərmayə qoyan tərəfin müəssisənin kapitalında birbaşa iştirakı, sahiblik vasitəsilə müəssisənin idarəçiliyndə səsvermə hüququ yaranır; 2) sərmayədar müəssisənin kapitalının ən azı 10%-nə sahiblik qazanır. Qoyulan sərmayənin həcmi müəssisənin kapitalının 10%-dən az hissəsini almağa yetirsə, bu halda həmin sərmayə çıxışı ölkənin tədiyə balansında “portfel investisiya” kimi qeydə alınır.

İqtisadçı Rövşən Ağayev
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.