Ekspert: “Dövlətin siyasəti bu olmamalıdır ki, filan sayda insanı əlillikdən mərhum edib, bu qədər qazanc, qənaət əldə etmişik desin. Əslində problemləri yaradan sistemin özünü ləğv etmək lazımdır”
“Bu aydan əlillik müavinətimi kəsdilər. Dedilər ki, sənədlərin düz deyil, neçə ildir dövlətdən havayı pul almısan. Ayda 130 manat bizim çörəkpulumuz idi, onu da kəsdilər, iş yox, güc yox. Bilmirik, necə dolanacağıq…”
Bunu Tovuz rayon sakini Südabə Həsənova (ad şərtidir) “Press Klub”un əməkdaşı ilə söhbətində deyir. O, əlilliyinin ləğv olunması ilə razılaşmır: “11 il əvvəl ciddi xəstəlik keçirmişəm, yüksək təzyiq, şəkər xəstəsiyəm. Rayonda vəzifədə bir qohum vardı, ona hörmət elədik, mənə müavinət düzəltdi. İndi əsas gətirdilər ki, hər şey saxta olub. Amma doğrudan da mənim səhhətim işləməyə imkan vermir, xəstəyəm, dövlət niyə bunu nəzərə almır?!”
Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) saxta əlillik və müavinətlərin ləğv olunması ilə bağlı geniş kampaniya aparır. Nazirlikdən vaxtaşırı ötən illərdə qanunsuz yollarla təyin olunmuş təqaüdlərin və müavinətlərin ləğv edilməsi barədə informasiyalar verilir. Nazir Sahil Babayev ilin əvvəlində bəyan etmişdi ki, son bir ildə bu tədbirlər nəticəsində dövlət büdcəsinə 750 milyon manatdan artıq vəsait qaytarılıb, yaxud qənaət olunub.
Nazirliyin apardığı bu kampaniya dövlətin elan etdiyi sosial siyasətlə nə dərəcədə uzlaşır? Pandemiyanın yaratdığı işsizlik və yoxsulluq şəraitində on minlərlə insanın gəlirdən məhrum edilməsi doğrudurmu? Müavinətdən və pensiyadan məhrum edilən vətəndaşlara nə təklif edilir, onların güzəranı dövlət qurumlarını düşündürürmü?
İqtisadçı ekspert Toğrul Maşallı da bir müddət əvvəl yuxarıda təsvir olunan problemlə üzləşib. O, martın 30-da baş verən iki hadisədən bəhs edir:
“Binəqədi rayonunda 4 saylı DOST Mərkəzi açıldı elə həmin gün mənim III qrup üzrə əlilliyimin müddətinin uzadılmasından imtina edildi. 13 yaşımdan rəsmi olaraq əlil statusuna malikəm və 2010-cu ildə III qrup almışam. Əlillik anadangəlmə xəstəliyimlə bağlıdır. Ortalama 50 min nəfər arasında bir nəfərə düşən xəstəlikdir. Xəstəlik həyata həm təsir edə bilər, həm də sən onu hiss etməyə bilərsən. Amma hər bir halda fəsadları çox problemlidir. Mənim həyatıma çox ciddi təsir edib və edir, amma mən bununla yaşamağa öyrəşmişəm. 18 yaşıma kimi az qala hər il dövlət qurumlarına eyni xəstəliyin olmasını sübut edirdim. Son dəyişikliklərdən sonra bir qədər rahatlandım – artıq minimum 5 illik verilir və 15 ildən sonra ömürlük almaq imkanın yaranır. Bürokratiyadan özümü qurtarmaq üçün 4 ilim qalmışdı. Mən də rahat olaraq bu dəfə müraciət etdim. Poliklinika-travmatologiya bürokratiyasını keçdikdən sonra martın 8-də “Forma 88″ nəhayət, göndərildi. Müvafiq qaydalara görə, ƏƏSMN Dövlət Tibbi-Sosial Ekspert Komissiyası (TSEK) 10 iş günü ərzində cavablandırmalı idi və martın 30-u cavab aldım. Ertəsi gün DOST Agentliyinə müraciət etdim. Növbədə 144-cü idim. Təsəvvür edin ki, mən TSEK-ə saat 11.00 radələrində çatdım və məndən qabaq ora artıq bu qədər insan gəlmişdi. Məndən sonra da gələnlər vardı. İnsanların böyük hissəsi növbəni gözləmədilər və çıxıb getdilər. Nəticədə mən 81-ci oldum. Sizcə, bu qədər insan TSEK-ə nəyə görə gəlmişdi? Keçmişdə bura yalnız ilk dəfə əlillik alarkən və qrupu müəyyən edərkən gəlirdin. İndi isə məlum olur ki, bu ilin əvvəlindən çoxlu sayda insana əliliyin uzadılmasından imtina verilib. Mən hələ az müddət müavinətsız qalmışam – cəmi 2 ay. Burada 3-4 ay müavinətsiz olan insanlar da var. Bir çox insana 2-3 aydır heç cavab da vermirlər”.
T. Maşallı bildirir ki, bu məsələdə dövlət tamamilə yanlış siyasət yürüdür. “Nazir Sahil Babayev hər ay açıqlama verib lovğalanır ki, filan sayda vətəndaşı əlillikdən məhrum etmişik, vəsaitlərə qənaət etmişik və s. Məsələ ondan ibarətdir ki, sosail sahədə dövlət siyasəti heç zaman qənaətə istiqamətləndirilməməlidir. Söhbət ondan gedir ki, vətəndaşın əllliyi ləğv edilir və ona ödəniləcək vəsait büdcəyə qaytarılır. Burada əsas siyasət sosial müdafiə olmalıdır, nəinki qənaət, DOST mərkəzlərinin tikilməsi və sairə”, – deyə ekspert vurğulayıb.
İqtisadçı qeyd edir ki, vətəndaşa 130 manat məbləğində müavinət verirlər, bu vəsait cüzidir, amma əslində əlillər üçün normal şərait, mühit olmalıdır:
“Təəssüf ki, biz bunu heç yerdə görmürük. Dövlət qurumlarının özlərində belə, əlillər üçün rahat şəraitin yaradılmasına dair şübhələr var. Əksinə, dövlət qurumlarının sayı artırılır və buna uyğun olaraq bürokratiya genişləndirilir. Baxmayaraq ki, əlillik məsələsi sosial kateqoriyaya aiddir və ona görə verilir ki, insanın hansısa problemi var, dövlətin məqsədi bu problemin aradan qaldırılması olmalıdır. Bizdə belə təəssürat yaranır ki, vətəndaş uzun zaman yalvarıb- yapışıb, dövlətdən hansısa imtiyaz əldə etməyə çalışır. Bürokratiya da ona baxır, baxır və bir qərar verir. Belə olmamalıdır, səbəb-nəticə əlaqəsi tam fərqli olmalıdır”.
Ekspertin sözlərinə görə, hazırkı məhdudiyyətlər təkcə 3-cü qrup əlillərə aid edilmir, bütün əlil vətəndaşların sənədləri araşdırılır. Buna baxmayaraq, reallıqda belə saxta əlilləri məhrum etmirlər, real olaraq kimin imkanı, arxası yoxdur, onun müavinətini ləğv edirlər. Bununla daha çox bürokratiya yaradırlar, nəinki rahatlıq.
İqtisadçı deyir ki, pandemiyanın yaratdığı problemlərin fonunda müvinət də bir gəlir mənbəyidir. Məbləğ elə də çox olmasa da, hər halda, ailənin büdcəsinə dəstəkdir:
“Onun kəsilməsi, əlbəttə, insanların yaşayış səviyyəsinə neqativ təsir göstərəcək. Əlilliyin ləğv edilməsi həm də vətəndaşı adi kateqoriyaya qaytarır. Əvvəllər onları bəzi işlərə cəlb etmirdilərsə, indi cəlb edərlər. Heç bir halda dövlətin siyasəti bu olmamalıdır ki, filan sayda insanı əlillikdən mərhum edib, bu qədər qazanc, qənaət əldə etmişik. Burada problem varsa, onu dövlətin, hökumətin bürokratiyasında axtarmaq lazımdır. Əslində problemləri ortaya çıxaran sistemin özünü ləğv etmək lazımdır. Hazırda elektronlaşıb, amma reallıqda əvvəlkindən də beş betər bürokratiya mövcuddur. Burada səhiyyə və sosial sistem birləşdirilib, insanların müdafiəsinə cəlb edilməlidir”.
T. Maşallının fikrincə, əgər insana hərəkət, ünsiyyət problemləri yaradan bir əngəl varsa, həmin vətəndaşa mütləq əlillik verilməlidir:
“Yoxsa, dövlət gözləmə mövqeyində dayanır, insanın nə zaman müraciət edəcəyini gözləyir və s. Dövlətin yanaşması, məqsədi belə ola bilməz. Bürokratik qurumların ləğv olunması insanlar üçün mənəvi kompensasiya rolunu oynaya bilər. Onun əvəzində şəffaf və sadələşdirilmiş bir sistem yaradılmalıdır. Yəni indiki kimi hansısa insanların qərarlarından deyil, səhiyyə və sosial aspektlərdən asılı olan bir qurumdan söhbət gedir”.
pressklub