"Hər bir əsgərin valideynlərinə xüsusi məktublar göndərilir"

17-08-2014, 14:00   
"Hər bir əsgərin valideynlərinə xüsusi məktublar göndərilir"Dövlət Sərhəd Xidmətinin rəisi, Sərhəd Qoşunlarının komandanı, general-polkovnik Elçin Quliyev Sərhəd Xidməti Qoşunlarının ictimaiyyətlə əlaqələrindən danışıb.

General-polkovnik Azərbaycan Sərhəd Mühafizəsinin 95-ci ildönümü münasibəti ilə "Azərbaycan qəzetinə" verdiyi müsahibəsində "Valideyn günləri" adlı tədbirlərin mütamadi olaraq keçirildiyini bildirib:

"Valideynlərlə hərbi hissələrin əlaqələrinin yaradılması Dövlət Sərhəd Xidmətinin ictimaiyyətlə əlaqələr istiqamətindəki fəaliyyətinin tərkib hissəsidir. İctimaiyyətlə əlaqələrin inkişafı, əhali ilə sıx münasibətlər qurulması sərhədlərin mühafizəsinə öz müsbət təsirini əhəmiyyətli dərəcədə göstərir. Sərhəd mühafizəsi əslində bütün cəmiyyətin işidir. Vətənini sevən onun sərhədini də sevir. Sərhədin toxunulmazlığı Vətənin toxunulmazlığıdır. Buna görə də sərhəd bütün ölkə ictimaiyyətinin, xüsusən sərhədyanı ərazilərdə yaşayan insanların birgə səyi ilə mühafizə edilməlidir. Bu müqəddəs işə ictimaiyyəti də cəlb etmək üçün Dövlət Sərhəd Xidməti əhali ilə yaxın münasibətlər qurur.

Sərhədçilərin yerli əhali ilə sıx əlaqələri, yerlərdə problemlərin həllində yaxından iştirakı, sərhədyanı kənd və rayonlarda keçirilən kütləvi tədbirlərdəki fəallığı, dövlət sərhədlərimizin mühafizəsinin təşkili, aparılan tikinti-quruculuq işləri, əldə olunan nəticələr barədə kütləvi informasiya vasitələrinə mütəmadi məlumatların verilməsi və s. sərhəd mühafizəsinin ümumxalq işi olması barədə ictimaiyyət arasında sağlam rəyin formalaşmasında mühüm rol oynayır.

Valideynlərin Dövlət Sərhəd Xidmətinin hərbi hissələri ilə əlaqəsi övladları sərhədçilərin sırasına qatıldığı ilk günlərdən başlayır. Dövlət Sərhəd Xidmətində hərbi xidmətə yeni çağırılmış hər bir əsgərin valideynlərinə xüsusi məktublar göndərilir, tövsiyə və təkliflər verilir. Bununla da valideynlərlə hərbi hissələrin əlaqəsi başlayır və əsgərlərin xidmətə daha yaxşı həvəsləndirilməsinə imkanlar yaranır. Keçən ildən etibarən Azərbaycan Respublikasının Silahlı Qüvvələrində ilk dəfə olaraq Dövlət Sərhəd Xidmətinin hərbi hissələrində, sərhəd bölmələrində "Valideyn günləri"nin keçirilməsinə başlanılıb.

Valideynlər hərbi hissə və sərhəd mühafizəsi barədə məlumatlar alır, övladlarının xidmət və məişət şəraiti ilə yaxından tanış olurlar. Xidmətdə fərqlənən əsgərlər təltif olunur, valideynlərə təşəkkür məktubları verilir. Valideynlərin təklif və rəyləri dinlənilir. Bu tədbir şəxsi heyətin vətənpərvərlik ruhunda tərbiyə edilməsində və hərbi kollektivlərdə sağlam mənəvi mühitin yaradılmasında böyük əhəmiyyət daşıyır."
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar