Avropanın aparıcı futbol gücləri sayılan İngiltərə, İspaniya və İtaliyadan olan 12 klub (Almaniya və Fransa klublarının adı bu siyahıda yoxdur) futbol Super Liqası yaratmaq qərarına gəliblər.
Elə adından da bəlli olur ki, Super Liqa layihəsinə qoşulan klublar öz ölkələrinin aparıcı klublarıdır, odur ki, bu addımın Avropanın oturuşmuş futbol həyatına nəcə təsir edəcəyini indidən demək hətta təcrübəli ekspertlər üçün də çətindir.
İngiltərədən Super Liqaya qoşulan klublar göz qamaşdırır: Manchester United, Liverpool, Arsenal, Chelsea, Tottenham Hotspur və Manchester City.
İspaniyadan Superliqada 3 klub olacaq: Atletico Madrid, Barcelona, Real Madrid, Italiyadan isə AC Milan, Inter Milan və Juventus.
UEFA prezidenti Aleksander Ceferin Avropa Super Liqasının (ESL) yaradılması planını "rüsvayçı, öz maraqlarına xidmət edən" bir plan adlandırıb və "futbol sevənlərin üzünə tüpürmək" olduğunu söyləyib.
O, eyni zamanda qapalı liqada iştirak edən komandalarda oynayan oyunçuların "Dünya Kuboku və Avropa yarışlarından kənarlaşdırılacağını" da vəd edib.
Tənqidçilər tərəfindən ''acgözlülükdə'' və ''pulgirlikdə'' ittiham olunan Super Liqa iştirakçıları olan klublar ESL-in futbola bütövlükdə fayda gətirəcəyini söyləyirlər.
Super Liqanın yaradılmasına imza atan klublar yeni həftə içi bir yarışmada iştirak etmək və milli liqalarda çıxışlarını davam etdirmək istəyirlər.
Bu layihənin Avropa futbolu üçün 1950-ci illərdən sonra ən böyük inqilab olduğu deyilir.
Ekspertlər Superliqa layihəsinin Çempionlar Liqasını məhv edə biləcəyindən ehtiyat edirlər.
Bu gün UEFA rəhbərliyi Çempionlar Liqası iştirakçılarının sayının genişləndiriləcəyini elan etməli idi.
İngiltərənin "Böyük altılıq" deyilən futbol klubları çevrəsinə daxil olan klublar Avropanın digər 6 klubu ilə (İspaniyadan -3 və İtaliyadan 3 klub) sövdəşəşərək ayrıca bir liqa - Super Liqa yaratmaq qərara alıblar.
Bu layihənin ideya müəllifi və ilkin təşəbbüskarı isə İspaniyanın Barcelona və Real Madrid klubları olub.
Nəzərdə tutulduğuna görə, yeni layihə çərçivəsində ilk 15 kluba ümumilikdə £3.1 milyard mükafat fondu təklif olunacaq.
Yeri gəlmişkən, UEFA-nın hazırda bütün Avropa futbol yarışlarında iştirak edən komandalar üçün ayırdığı mükafat fondu və televiziya yayım kontraktlarının məbləği ümumilikdə £3 milyard təşkil edir.
İllər ərzində futbol nəhəngləri arasında gizli danışıqlar gedib, məqsəd böyük klublar üçün mükafat fondunun daha iri həcmli edilməsi olub. Bu danışıqlar keçən ilin payızından başlayaraq sürətlənib.
Yeni sxemə görə, Super Liqada iştrak edən nəhənglərin potensial mükafat fondunun hər klub üçün təxminən £89 - £310 milyon civarında olacağı güman edilir.
Super Liqa layihəsinə Almaniyanın Bayern Munich və Borussia Dortmund və Fransanın Paris St Germain klublarının da qoşulacağı barədə söz-söhbətlər dolaşsa da, hələlik buna dair rəsmi məlumat yoxdur.
Bu layihənin məqsədi, çox güman ki, Çempionlar Liqasının islahatlarını qabaqlamaq məqsədi güdüb. Həmin islahatların 2024-ildən başlayaraq rəsmi sürətdə qüvvəyə minəcəyi planlaşdırılıb.
UEFA-nın təklif etdiyi islahatlar hazırkı duruma nisbətən bundan sonra Avropanın aparıcı klublarının payına düşəcək mükafat fondunun artırılacağını vəd edir, lakin misal üçün, Manchester United-in vitse-prezidenti Ed Woodward-un və İtaliyanın AC Milan klubunun başçısı Ivan Gazidis-in Avropa Futbol Klubları Assosiasiyasının təklif etdiyi islahat planı ilə bağlı müəyyən sualları qalmaqdadır .
Buna baxmayaraq, UEFA rəhbərliyi ümidlidir ki, 2024-cü ildə qüvvəyə minəcək bu islahat, sepatçılıq meyli göstərən klubların ayrılmaq həvəsini soyuda bilər. Lakin geniş futbol aləmi klublarının əksəriyyəti bu plana razılıq versələr də, separatçı futbol nəhənglərinin media və sponsorluq hüquqları ilə bağlı iddiaları UEFA tərəfindən hələ təmin olunmamış qalmaqdadır.
UEFA-nın planına əsasən, nəzarət paketinin 51 faizi idarəedici qurumda qalır, qalanı isə Avropa Klublar Assosiasiyasına keçir.
Danışıqlara yaxın mənbələr Britaniyanın Telegraph nəşrinə danışıqların final mərhələsinin hələ davam etdiyini bildiriblər, odur ki, bəzi ehtimallara görə, Super Liqanın yaradılması planları barədə xəbərlər danışıqlar taktikasının bir növü də ola bilər.
Bazar günü axşam saatlarında yayılmış bəyanata əsasən, Super Liqa birinciliyinin "mümkün qədər tez başlanması nəzərdə tutulur."
Super Liqa təsisçiləri bu layihəni avqust ayında işə salmağı nəzərdə tuturlar, lakin hər yeni layihənin startı zamanı olduğu kimi hələlik müəyyən təşkilatçılıq xarakterli problemlər, o cümlədən, Super Liqa startının istənilən kimi alınması üçün UEFA və FIFA ilə bağlı problemlər həll olunmalıdır.
Superliqada 20 klubun iştirak edəcəyi nəzərdə tutulur. Onlardan 15-i Liqanın daimi üzvləri olacaq, 5 komanda isə Liqada iştirak etmək üçün hər il seçmə mərhələsi yolu ilə yarış aparmalıdır.
Bu format hərəsi 10 klubdan ibarət iki qrupda seçim oyunlarının keçirilməsini nəzərdə tutur.
Hər qrupda birinci dörd yeri tutmuş komanda növbəti mərhələyə keçir və həmin komandalar arasında hazırkı Çempionlar Liqasına bənzər bir formatda yarış aparılır.
Super Liqanın daimi, təsisçi hüquqlu 15 klubu üçün əsas üstünlük, göstərdikləri nəticədən asılı olmayaraq, hər il Liqada oynamaq hüququna malik olmaqdır.
Çempionlar Liqasında isə hətta islahatlar nəzərə alınmaqla, həmin klubların final mərhələdən kənarda qalmaq ehtimalı var.
Təklif olunan Avropa Super Liqası futbol qrandları üçün bu riski aradan qaldırmış olur.
Bazar ertəsi UEFA rəhbərliyi 2024-cu ildə qüvvəyə minəcək islahat planını rəsmən təsdiq etməlidir.
Lakin ola bilsin ki, son anda futbol nəhənglərini razı salacaq əlavə təkliflər də nəzərdən keçirilsin.
Hələlik, mövcud olan islahat planına əsasən, Çempionlar liqasında iştirakçıların sayının 32-dən 36-ya qaldırılması nəzərdə tutulur və müvafiq olaraq komandalar arasında keçiriləcək görüşlərin sayı bu halda 125-dən 225-ə qalxmalıdır. Bu dəyişiklər, təsdiqlənəcəyi halda 2024/25-ci il futbol mövsümündə qüvvəyə minməlidir.
UEFA və FIFA Super Liqa klublarını milli, Avropa və dünya turnirlərindən kənarlaşdıracaqlarını vəd edirlər. Həmçinin, rəsmilər oyunçuların milli komandalarında oynamaq imkanını itirəcəklərini söyləyirlər.
Ancaq idman analitiklərinə görə, bu təhdidlərin yerinə yetirilməsi çox çətin olacaq və cəhdlər daha şox gərginliyə səbəb ola bilər.
Məsələn, futbol tarixinin ən yaxşı hücumçularından biri olan Kriştiano Ronaldo İtaliyanın "Yuventus" klubunda oynayır, lakin Portuqaliya futbol federasiyası onun Portuqaliya millisi tərkibində iştirakından heç vaxt imtina etmək istəməz.
Avropanın aparıcı idman nəşrlərinin çoxu Superliqa planını futbol super zənginlərinin layihəsi, "zənginlər üçün futbol tamaşası" kimi səciyyələndirir. Onlar qeyd edirlər ki, bu planın arxasında yüksək gəlirləri olan bir qrup Avropa futbol klublarının futboldan daha çox gəlir əldə etmək məqsədi durur.
UEFA prezidenti Alexander Ceferin Super Liqanın 12 təsisçi klubunun bu layihəsi barədə danışarkən həmin klubların rəhbərlərini "acgözlülük hissini rəhbər tutmaqda" günahlandırıb.
"Onları acgözlülük idarə edir. Bəlkə də futbolun özü onları maraqlandırmır. Onları oyunun nəticəsi deyil, bank hesablarındakı rəqəmlər, cibləri maraqlandırır," - UEFA prezidenti deyib.