Qara bəxtli Çernobıl AES-in direktoru – Bryuxanov 5 il türmədə yatıb, çilingər işləyib

20-04-2021, 14:58   



Hazırda onun 85 yaşı var, Kiyevdə, Troeşina massivində yaşayır, gözləri tutulub, çətinliklə yeriyir. Buna baxmayaraq, qapısını döyən jurnalistləri “əliboş” yola salmır, müsahibələr verir, suallarını cavablandırır...
Bu şəxs Viktor Bryuxanovdur, Çernobıl Atom Elektrik Stansiyasının (AES) ilk baş direktoru, Çernobıl faciəsinin həm fiziki, həm mənəvi, həm də hüquqi ağrılarını ən çox çəkən adam.
Viktor Bryuxanov AES-ə baş direktor təyin ediləndə onun 35 yaşı olub. 1970-ci ildə AES yalnız kağız üzərində görünüb. SSRİ Nazirlər Sovetinin müvafiq qərarından sonra AES-ə direktor təyinatı Kremldə müzakirə olunanada çoxsaylı namizədlər arasından məhz Bryuxanov seçilib və təbii ki, bu seçimdə onun savadlı, bacarıqlı, yüksək təşkilatçılıq qabiliyyətinə malik olması nəzərə alınıb.
350.jpg (142 KB)
Beləliklə, 1970-ci ilin qarlı qış günlərinin birində Bryuxanova stansiyanın inşa ediləcək yeri göstəriblər - Çernobılda üstünü qar basmış kol-koslu geniş bir ərazini. Bryuxanov hər şeyi sıfırdan başlayıb. Onun yaşadığı kiçik mehmanxana otağı böyük bir layihə institutunu xatrladıb. Qarşıdakı ağır və çətin işlər Bryuxanovu qorxutmayıb. O, baş direktor kimi stansiyasının inşasına başlayıb.
Viktor Bryuxanov 1935-ci ildə Daşkənddə anadan olub. Daşkənd Politexnik İnstitutunda ali təhsil alıb. İlk əmək fəaliyyətinə mühəndis kimi Özbəkistanda Angren elektrik stansiyasında başlayıb. 1966-cı ildə o, Donetsk elektrik stansiyasında baş mühəndis müavini vəzifəsinə təyinat alıb. Viktor Bryuxanov qısa müddətdə bacarıqlı mütəxəssis və fəal ictimaiyyətçi kimi tanınıb, vilayət sovetinə deputat seçilib, əmək fəaliyyətindəki göstəricilərinə görə ali dövlət mükafatları ilə təltif edilib.

AES-in inşasına yeddi il (1971-1977) vaxt sərf olunub. Bu illər ərzində tikintini vaxtında başa çatdırmaq üçün Bryuxanov bütün gücünü səfərbər edib. Stansiya SSRİ Energetika Nazirliyinin tabeliyində olduğundan bəzən Bryuxanov həftə ərzində 3-4 dəfə Çernobıldan Moskvaya gedib-gəlməli olub.
1290340191_bruhanov.jpg (93 KB)
Çernobıl AES-in tikintisinə birbaşa Mərkəzi Komitə nəzarət edib, Bryuxanov mütəmadi olaraq Kreml kabinetlərində hesabat verib və bu illər ərzində o, yüksək ranqlı məmurlar arasında bir daha bacarıqlı direktor, səriştəli mütəxəssis kimi tanınıb. Amma həmin illərdə Kreml dəhlizlərində sərbəst dolaşan Bryuxanov ağlına da gətirməyib ki, nə vaxtsa bu dəhlizlərdən ən böyük “günahkar” kimi Kremli tərk edəcək.
O, müsahibələrində həmin günləri belə xatırlayıb:
“Hamı günahkar axtarırdı, baş katibdən tutmuş stansiyanın adi fəhləsinə kimi hamı günahkar axtarışında idi. Yaxşı anlayırdım ki, sonda hamının gözü mənə dikiləcək. Həmin gün, qəza baş verən gecə haqqımda müxtəlif söhbətlər dolaşmağa başladı. Guya mən həmin gecə hansısa bir qadınla meşədə əyləncədə olmuşam. Əslində gecə saat ikinin yarısında stansiyanın növbətçisi yaşadığım mənzilə zəng vurub baş verən hadisə haqqında mənə məlumat vermişdi və bundan sonra da şüa qəbul etmək və yanğın təhlükəsinə baxmayaraq, mən stansiyaya yollanmışdım. Qəzanın səhərisi gün Moskvada xüsusi komissiya yaradıldı. Sonra məni Mərkəzi Komitəyə çağırdılar. Müşavirə saat 11-də başlandı, nahar fasiləsi olmadan axşam saat yeddiyə qədər davam etdi. Məni baş direktor vəzifəsindən azad etdilər və elə həmin müşavirədə də partiya sıralarından xaric olundum. Avqustun 13-də mən Baş Prokurorluğa dəvət olundum. Müstəntiqlə bir saatlıq sorğu-sualdan sonra o, nahara getdi və mənə dedi ki, gözləyim. Nahardan qayıtdıqdan sonra müstəntiq bildirdi ki, mən həbs olunuram...”
776034_200.jpg (67 KB)
Bryuxanovun məhkəməsi Çernobılda keçirilib. SSRİ Ali Məhkəməsinin hakimləri Çernobıla gəliblər. Qapalı keçən məhkəməyə yalnız azsaylı jurnalistlər buraxılıb. Müttəhimlər kürsüsündə altı nəfər, AES-in yüksək vəzifəli şəxsləri əyləşib. Məhkəmənin hökmü ilə Bryuxanov 10 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Həyatının ən ağır günləri haqqında Bryuxanov xatirələrini belə bölüşüb:
“İstintaq ərəfəsində mən DTK-nın təcridxanasında saxlanılırdım. Hökmdən sonra isə cəzamı əvvəlcə Kiyevdəki məşhur “Lukyanovka” həbsxanasında, sonra Luqanskda çəkdim. Türmədə ingilis dilini öyrəndim, həbsxana kitabxanasındakı bütün litabları oxudum. Luqanskda həbsxananın istixanasında çilingər işlədim. Bir sözlə, böyük bir məktəb keçdim. Əvvəlcə məhbuslar mənə ulduz kimi baxırdılar. Sonralar isə adi məhbusların birinə çevrildim. 1991-ci ildə cəzam şərti azadlıqdan məhrum etmə cəzası ilə əvəzləndi, dəmir barmaqlıqların arasından azad oldum. Çıxan kimi Çernobıla qayıtdım, məni mehribanlıqla qarşıladılar. Hətta stansiyada işlə təmin etdilər, texniki şöbənin müdiri vəzifəsinə təyin olundum...”
41.jpg (122 KB)
Viktor Bryuxanov 1992-ci ildən Ukrayna Xarici Ticarət Nazirliyinin strukturunda işləyib. 70 yaşına çatanda yubilyar böyük təntənə ilə təqaüdə göndərilib. Çernobıl faciəsi zamanı qəbul etdiyi şüalar öz təsirini göstərməyə başlayıb, səhhətində ciddi problemlər yaranıb.
Azadlığa çıxdıqdan sonra Bryuxanov məhkumluğunu üzərindən götürmək, bəraət almaq haqqında düşünməyib. Bunu belə izah edib ki, bəraət almaq artıq mənasızdır. Onu da vurğulayıb ki, bu hadisələrdən yaxşı qurtarıb, çünki onun güllələnmə cəzasına məhkum edilməsi ehtimalı da olub.
DSC_0311-322x242.jpg (91 KB)
Bəli, Çernobıl faciəsi ilə bağlı baş verən prosesləri araşdıranda məlum olur ki, Qorbaçov-Şerbitski qarşıdurması Bryuxanovun güllənməsi ilə də nəticələnə bilərdi. Qorbaçov Çernobıl faciəsi ilə bağlı güllələnmə hökmlərinin verilməsinə israrlı olub. Qəzanın sifarişli və məqsədli olmadığını anlayan Şerbitski isə (Ukrayna KP MK-nın birinci katibi) fərqli düşünüb, cəzaların minimum olmasına çalışıb.
İlham Cəmiloğlu, Musavat.com
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.