“Dedilər ki, sizə qızıl medal verək, amma himnimiz səslənməsin”- Ceyhun Məmmədov Kirpdəki rəzalətdən danışdı

29-05-2021, 23:15   




Xəbər verdiyimiz kimi, Kiprin Limassol şəhərində keçirilən sambo üzrə Avropa çempionatında Azərbaycan millisi “qeyri-idmani davranışa görə” diskvalifikasiya olunub və qalan görüşlərə buraxılmayıb. Belə ki, 71 kq çəki dərəcəsində Rusiyanı təmsil edən Dağıstan əsilli Məhəmməd Hacıyevlə dünya və Avropa mükafatçısı Emil Həsənov arasında final görüşü başa çatmasa da, hakimlər qələbəni rəqibə verib.
Oxu.Az məsələ ilə bağlı hazırda Kiprdə olan Azərbaycan Sambo Federasiyasının prezidenti Ceyhun Məmmədovla danışıb.
– Dünən yarış zamanı orada baş verənlərdən danışın. Nə baş verdi?
– 28 may günü qızıl medalla Azərbaycanı sevindirmək istəyirdik. Ancaq imkan vermədilər. Avropa çempionatının baş hakimi Rusiyadandır. Emil də rusiyalı ilə güləşirdi. Rəqib Emili ağrıdıcı fəndə salsa da, o, əlini döşəyə vurub təslim olmamışdı. Buna baxmayaraq, görüşün bitməsinə 30 saniyə qalmış İsraildən olan döşək hakimi görüşü saxlayıb, qələbəni rəqibə verdi. Biz də buna haqlı olaraq etiraz etdik. Avropa Sambo Federasiyasının vitse-prezidenti və baş katibi də təkrara baxdıqdan sonra dedi ki, bəli, hakim səhvə yol verib. Mənə təklif etdilər ki, podiumda Emilə gümüş medal verilsin, amma sonra ona da əlavə qızıl medal verilər. Təbii ki, mən də bununla razılaşmadım. Dedim ki, nə danışırsınız? Himnimiz səslənməyəndən sonra mən neynirəm o qızıl medalı?!
– Bəs digər idmançılarımız niyə yarışdan diskvalifikasiya olundu?
– Biz etiraz edəndə yarışa səhəri günü çıxacaq digər samboçularımız da dedi ki, əgər Emilin haqqı pozulursa, biz də iştirak etmək istəmirik. Avropa Sambo Federasiyasının Rusiyadan olan prezidenti Sergey Yeliseyev də bunu bildiyindən, bizim diskvalifikasiya olunduğumuza və nəticələrimizin silinməsinə dair qərar çıxardı. Əslində bizim həmin gün yeganə medalımızı Emil Həsənov qazanıb. Onun medalı hesaba alınmadı. Bu, yeniyetmə və gənclərdə qazandığımız medallara aid deyil. Orada qazandığımız bir qızıl, bir gümüş və bir bürünc medal qüvvəsində qalır.
– Sizcə, qərəz nədən irəli gəlir?
– Emil Həsənova qarşı əvvəllər də həlledici görüşlərdə belə qərəzli idarəçilik olub. Onu dünya və Avropa çempionu olmağa qoymurlar. Ömür boyu onu sıxırlar. İlk dəfə Avropa çempionatının qızıl medalını əlinə götürəcəkdi, onda da imkan vermədilər. Qərəz deyəndə ki, turnirin baş hakimi rus, finalda görüşən rusiyalı idmançıdır. Ona görə də Emilə qalib gəlməyə imkan verilmədi. Halbuki əvvəl hesabda öndə idi. 90-cı illərdə mənə ağrıdıcı fənd etdilər, qolum sındı, amma təslim olmadım. Samboda idmançı əlini döşəyə vurmamış hakim görüşü yarımçıq saxlaya bilməz. Həm də görüşü dayandırmaq üçün ağrıdıcı fəndə düşən idmançının ən azı qışqırıq səsi gəlməlidir. Sadəcə, görüşün bitməsinə 30 saniyə qalmışdı, rusiyalının uduzduğunu görürdülər deyə, belə etdilər.
– Döşək hakimi İsraildəndirsə, niyə belə etsin?
– O, İsrail vətəndaşı olsa da, Rusiya yəhudisi olub. Rusiyadan İsrailə köçənlərdəndir. Avropa Sambo Federasiyasının prezidenti və turnirin baş hakimi də Rusiyadandırsa, onlar Emili çempion edərdimi?
– Siz Avropa Sambo Federasiyasının vitse-prezidentlərindən biri idiniz. Bu vəzifə də sizə haqqımızı qorumağa kömək etmədi?
– Ötən il iclasa pandemiyaya görə gedə bilmədim. Həm də həmin vaxt bizdə müharibə vəziyyəti idi. Mən burda müharibə getdiyi vaxtda ora gedə bilməzdim. Ona görə də yerimə başqa adam seçildi.
– Bu diskvalifikasiya qərarı növbəti Avropa çempionatına şamil edilə bilərmi?
– Yox. Bu qərar ancaq budəfəki yarışa aid idi.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.