Ekspertlər bunu azad olunmuş ərazilərin təhlükəsizliyi, sərmayə və iş yerlərinin yaradılmasında əlavə təminat hesab edirlər; iqtisadçıların baxışı
Azərbaycanın işğaldan azad edilmiş Kəlbəcər rayonu ərazisində yerləşən 3 filiz yatağı Türkiyə şirkətlərinə verilib. Prezident İlham Əliyevin bununla bağlı imzaladığı sərəncama əsasən Kəlbəcər rayonunda yerləşən Qaşqaçay, Elbəydaş və Ağduzdağ filiz yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və istismarını 30 il müddətində Türkiyə şirkətləri həyata keçirəcək.Belə ki, Qaşqaçay filiz yatağında “Eti Bakır A.Ş.”, Elbəydaş və Ağduzdağ filiz yataqlarında isə “Artvin Maden A.Ş.” şirkəti işləyəcək. İşlənmənin detalları Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə İqtisadiyyat Nazirliyi ilə birlikdə 3 ay müddətində hazırlayaraq türk şirkətləri ilə imzalayacaqları müqavilələrdə əksini tapacaq.Qeyd edək ki, “Eti Bakır A.Ş.” Türkiyənin ən böyük mis istehsalçısıdır. Şirkətin daxil olduğu Çengiz Qrupun rəhbərliyi bu ilin fevralında Azərbaycana gələrək “AzərGold” QSC-də bir sıra görüşlər keçirmişdilər. Ardınca QSC ilə şirkət arasında memorandum imzalanmışdı. Açıq mənbələrdə Qaşqaçay yatağı barədə məlumatlar olmasa da, onun Kələbəcə ərazisində - Murovdağın aşağı ətəklərində yerləşdiyi məlumdur. “Eti Bakır A.Ş.” şirkətinin ixtisaslaşma sahəsinin mis hasilatı olduğunu nəzərə alsaq, Qaşqaçayın mislə zəngin yataq olduğunu güman etmək olar.Artvin Maden A.Ş. şirkəti isə Çengiz Qrupla Kalyan Qrupun birgə müəssisəsidir. Bu şirkətin istismar edəcəyi Ağduzdağ filiz sahəsi Zar çayının yuxarı axarında Kəlbəcər çökəkliyinin şimal hissəsində yerləşir. Yataq Şurtan, Zəylik, Qaraarxacçay qızıl təzhürləri ilə birlikdə Şərqi Göyçə silsiləsi ilə Tərtər çayı arasında geniş bir sahəni əhatə edir. Elmi məlumatlara əsasən Ağduzdağ yatağı damar tipli olub vulkanoqen-hidrotermal mənşəlidir. Yataq qızıl-kvars formasiyasına aid olub, vulkan tiplidir, mioplisen yaşlı hidrotermal mənşəli qızıl filizi yataqlar qrupuna aiddir. Yataq ərazisində geniş yayılmış törəmə kvaristlər müəyyən dərəcədə qızıllıdır.
Filiz kütlələri ştokverk tipli morfologiyaya malikdir. Filiz kütlələri yerləşən zonaların uzunluğu 15-20 m-dən 2 km-ə, eni isə 150-200 m-ə qədərdir: “Ağduzdağ qızıl yatağının mineraloji tərkibi kifayət qədər sadə olmaqla aşağıdakı minerallardan təşkil olunmuşdur: hipogen filiz mineralları: sərbəst qızıl, sərbəst gümüş, altait, pirit, xalkopirit, sfalerit, aykinit, hematit, maqnetit, rutil? hipergen filiz mineralları- hetit, hidrohetit, lepidokrit, hematit, bornit, kovellin, malaxit və azurit? damar mineralları- kvars, kalsit, siderit, ankerit. Filiz sahəsi hüdudlarında Şirvan, Keytidağ, Ağduzdağ, Zəylik, Vaqif, Sabir, Füzuli və s. digər bir-birindən təcrid olunmuş qızıl təzahürləri mövcuddur. Bu təzahürlər məkanca bir-birinə yaxın yerləşən vahid Ağduzdağ yatağını əmələ gətirirlər. Ağduzdağ yatağının proqnoz qızıl ehtiyatları təxminən 20 tondan çoxdur. Yataqda qızılın sənaye konsentrasiyası əsasən duruzvari kvarsla əlaqədardır. Qızılın yüksək konsentrasiyası tufoqen əmələgəlmələrdə müşahidə olunur. Ağduzdağ filiz sahəsində əsas qızıl daşıyıcı kimi kvars damarlar hesab edilir.
Qubad İbadoğluİqtisadçı-alim Qubad İbadoğlunun verdiyi məlumata gprə, Türkiyənin Cengiz holdinqinə məxsus olan mis məhsullarının istehsalı üzrə ixtisaslaşmış “Eti Bakır A.Ş.” şirkətinin baş ofisi İstanbulda yerləşir: “Cengiz holdinq İstanbul hava limanını, Azərbaycanda Şəmkirçay su anbarını tikib. Cengiz Holding’in sahibi və rəhbəri Türkiyənin məşhur iş adamı Mehmet Cengizdir. O, ”Eti Bakır A.Ş." şirkətini 2004-cü ildə özəlləşdirərək holdinqə qatıb. “Artvin Maden A.Ş.” türkiyəli iş adamı Ömer Faruk Kalyoncu’ya aid olan Zirve Holding ortaklığındadır.Yataqlara gəlincə, onlar arasında Ağduzdağ yatağı sənaye əhəmiyyəti daşıyır. Bu yataq Kəlbəcər rayonunun cənub-şərqində yerləşir. Yataq ərazisində 100-ə qədər qızıllı kvars, kvars-karbonat damarı ayrılıb ki, onlardan 5-də sənaye əhəmiyyətli qızıl minerallaşması müəyyən olunub. Qızılın orta miqdarı 6.72 q/t-dir. Asan zənginləşməsini və qızılın çıxarılmasını, eləcə də topa qələviləşdirmə texnologiyasının tətbiqinin mümkünlüyünü nəzərə alaraq, qızılın nisbətən aşağı miqdarı (1.5 q/t-a qədər) qeyd olunan damarların və damarətrafı süxurların hesabına yatağın ehtiyatlarının 3-4 dəfə artırılması ehtimalı mövcuddur".
Q.İbadoğlunun fikrincə, yataqların Türkiyə şirkətlərinə verilməsi müsbət haldır: “Türklərə Allah xeyir versin, onların haqqı bundan da artığına çatır. Əsas odur ki, şəffaflıq və hesabatlıq olsun, eyni zamanda təbiətə ziyan vurulmasın”.Natiq Cəfərli İqtisadçı-ekspert Natiq Cəfərli hesab edir ki, Türkiyə şirkətlərinin Kəlbəcərdə təbii sərvətlərin istismarına cəlb olunması bir çox istiqamətlərdə Azərbaycanın xeyrinədir: “Əvvəla, Türkiyə şirkətlərinin, ümumiyyətlə, xarici şirkətlərin azad olunan bölgələrə gəlməsi Azərbaycanın həmin bölgələrə yatırmalı olduğu investisiyaların həcmini azaldacaq. Azərbaycan investisiyaları öz büdcəsindən qoymayacaq, bunu xarici şirkətlər edəcəklər və kifayət qədər böyük həcmdə vəsaitlərə qənaət olunacaq. Cəlb olunan Türkiyə şirkətlərinin mədənçilik sahəsində təcrübələri var. Onlar müasir texnologiyaları gətirəcəklər. Digər tərəfdən, yataqlarda işlərin başlanması xeyli sayda iş yerinin yaranması deməkdir. Bu isə azad olunmuş ərazilərə qayıdacaq vətəndaşlarımız üçün daha əlverişli şərtlərin olmasını təmin edəcək”.
N.Cəfərlinin fikrincə, Türkiyə şirkətlərinin Kəlbəcərdə işləməsinin strateji əhəmiyyəti də var: “Türkiyə şirkətlərinin Kəlbəcərdə fəaliyyətə başlaması Türkiyə dövlətinin həmin ərazilərin təhlükəsizliyində, mühafizəsində daha maraqlı olmasına gətirib çıxaracaq. Bu da bölgənin təhlükəsizliyinin təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir”.
Onu da bildirək ki, “Artvin Maden A.Ş.” şirkətinin sahiblərindən biri Türkiyənin ən tanınmış qruplarından olan Kalyan Qrupdur. Bu şirkətlər qrupu avtomobil, dəmiryollarının çəkilməsi, günəş elektrik stansiyalarının qurulması sahəsində böyük təcrübəyə malikdir. Azərbaycan hökuməti işğaldan azad olunmuş ərazilərimizdə həyata keçiriləcək iki mühüm layihənin icrasını da Kalyan Qrupa daxil olan “Kalyon Holding”ə həvalə edib. Söhbət Horadiz-Mincivan-Ağbənd avtomobil yolu, digəri isə Horadiz-Mincivan-Ağbənd dəmir yolunun tikintisindən gedir.
Nihat YıldırımDünən Azərbaycan mətbuatına açıqlama verən “Kalyon Holding”in Azərbaycandakı layihə rəhbəri Nihat Yıldırım bildirib ki, hər iki layihəyə strateji əhəmiyyətli layihə kimi yanaşırlar: “Azərbaycanın erməni işğalından azad edilən bölgələrində çox vacib layihələrin həyata keçirilməsi bizə həvalə olunub. Hər iki layihəni firmamızın keyfiyyətinə uyğun olaraq zamanında tamamlayaraq azərbaycanlı qardaşlarımızın istifadəsinə verəcəyik. Bu layihəni ən keyfiyyətli və ən uyğun zamanda həyata keçirmək üçün planlar hazırlamışıq. Layihə haqqında bəzi özəl məlumatları vermək istəyirəm. Avtomobil yolu 124 km, dəmir yolu 114 km-dir. Hər iki yol Araz çayı boyunca Ermənistan sərhədinə qədər uzanacaq. Bu yolların mənəvi olaraq çox böyük önəmi var. Bildiyiniz kimi, bu yol Ermənistan tərəfindən inşa olunacaq əlavə yolla və Naxçıvanın içərisindən keçən 170 km-lik yollarla İğdırdan Bakıya birbaşa bağlanacaq ən vacib ticarət və turizm yolu olacaq. Biz komandamızla buradayıq, işi vaxtında çatdırmaq üçün hər cür hazırlığı görürük”.
N.Yıldırım deyib ki, avtomobil yolu ilə bağlı müqavilədən sonra inşaat işlərini görməyə başlayıblar: “Avtomobil yolunu 2023-cü ilin iyun ayında bitirməyi planlaşdırırıq. Qarşımıza çıxa biləcək ən əsas problem ərazidəki minaların təmizlənməsidir. Bildiyiniz kimi, minaların təmizlənməyi bizim üçün çox vacibdir. Bu yolu inşa edərkən heç bir işçimizin zərər görməsini istəmirik. Bu səbəbdən mina təmizlənməsi bitdikdən sonra bütün əməkdaşlarımızla yolun ən tez zamanda bitməsi üçün çalışacağıq. 2023-cü ilin iyununda yolumuzun açılışı olacaq”.
Xatırladaq ki, işğaldan azad olunmuş Şuşa şəhərinə çəkilməkdə olan Füzuli-Şuşa avtomobil yolunun tikintisinə, həmçinin Zəngilan rayonunda təməli qoyulan “Ağıllı kənd” layihəsinin icrasına da Türkiyə şirkətləri cəlb olunub. Bundan əlavə, “Azərlotereya” ASC Türkiyənin “Dəmirörən” Holdinqinə idarəetməyə verilib.Göründüyü kimi, Azərbaycan torpaqlarını işğaldan azad etmək uğrunda apardığı 44 günlük Vətən müharibəsi dövründə Türkiyə dövlətinin verdiyi hərtərəfli dəstəyi layiqincə qiymətləndirməkdədir. Azad olunmuş bölgələrdə icra olunan böyük və strateji əhəmiyyətli layihələrin icrası qardaş ölkənin şirkətlərinə həvalə olunur. Mütəxəssislər hesab edirlər ki, bu addımlar iki ölkə arasındakı strateji müttəfiqlik münasibətlərinə mühüm müsbət töhfə verəcək. Eyni zamanda Türkiyə şirkətləri uzun illər ərzində Azərbaycanda həyata keçirdikləri layihələrə daha çox yerli vətəndaşları cəlb etmələri ilə müsbət imic qazanıblar. Bu isə azad olunmuş ərazilərdə icra olunacaq layihələrə çox sayda yerli sakinin cəlb ediləcəyi deməkdir...
Dünya SAKİT,“Yeni Müsavat”