Tarixdə acı taleli uşaqlar: anbarlara doldurulub yandırılanlar, üzərilərində tibbi sınaq aparılanlar-Dəhşətli faktlar

1-06-2021, 14:35   



Uşaqların gözündə kədər görmək dünyanın ən dəhşətli səhnələrindən biridir. Bu kədəri aradan qaldırmaq üçün dünya öz diqqətini, nəzərini uşaqların üstündən çəkməməlidir. 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi gününün təsis edilməsi də yəqin ki, bu məqsədi daşıyır. Belə bir tarixin mövcud olması alqışlanan və çox sevindiricidir. Amma nə bu əlamətdar gün, nə də ki, uşaqlarla bağlı digər konvensiyalar, qəbul olunmuş proqramlar heç də həmişə uşaqları müdafiə edə bilməyib. Xüsusilə, dünyada baş verən müharibələr zamanı.
İkinci dünya müharibəsi zamanı aclıqdan, xəstəlikdən, hərbi əməliyyatlar zamanı ölən uşaqların sayı dəqiq bilinmir. Bəzi mənbələrə görə SSRİ-nin almanlar tərəfindən işğal etdiyi ərazilərdə yalnız hərbi əməliyyatlar zamanı 216 min uşaq həlak olub. Bu rəqəmə müharibə şəraitində digər səbəblərdən (soyuqdan, aclıqdan, xəstəlikdən) ölən uşaqların sayı daxil edilməyib. Digər mənbələrdə bu rəqəm 423 min, 510 min kimi göstərilib.

Təkcə 1941-1942-ci ildə Bryansk vilayətində Vermaxt qoşunlarının keçirdiyi hərbi əməliyyatlarda 4665 uşaq həlak olub. Bu statistikaya vilayətin 4 rayonunda həlak olan uşaqların sayı daxil edilməyib.
1941-1943-cü illərdə Belarusiyanın Mogilevsk vilayətində almanlar tərəfindən vəhşicəsinə öldürülən uşaqların sayı 9 mindən artıq olub.
Smolenskinin işğalı zamanı yüzlərlə uşaqlar analarının gözləri qarşısında anbarlara doldurularaq yandırılıblar.

Kursk vilayəti işğal olunduqdan sonra 8-16 yaşlı uşaqlar həbs düşərgəsinə salınıb, onlardan qul kimi istifadə olunub. Onların əksəriyyəti işgəncələrə, xəstəliklərə, ağır iş rejiminə tab gətirməyərək ölüblər.
Faşist Almaniyası yazılmış və yazılmamış qanunların heç birinə əməl etməyərək öz işğalçılıq siyasətlərində ağılasığmaz vəhşiliklər törədiblər. Stalinqradda Adolf Hitlerin ən yaxın silahdaşlarından biri sayılan general Karl Rodenburq uşaqların saxlanılması üçün xüsusi zirzəmilər hazırlatdırıb. O, həmin zirzəmilərdə uşaqların üzərində sınaqlar aparıb.
Faşistlərin törətdiyi cinayətlərin həddi-hüdudu olmayıb. Müharibə dəhşətlərini yaşayan Anna Danilova sonralar faşist vəhşiliklərini belə xatırlayıb:
“Yaşadığımız Vejilisk rayonu almanlar tərəfindən işğal olunduqdan sonra ağılasığmaz dəhşətlərlə üzləşdik. Bizi rayon mərkəzindən yaxınlıqdakı kəndə köçürdülər. Hər şey əlimizdən alınmışdı. Bir kiçik kənd evinə 30-40 adam yerləşdirirdilər. Hər şeyə dözürdük. Ən böyük qorxumuz uşaqlar idi, onları normal qidalandıra bilmirdik. Bu da müxtəlif xəstəliklərin yaranmasına səbəb olurdu. Günlərin birində bu vəziyyətə dözməyib alman zabitinə bildirdim ki, heç olmasa uşaqları nəzərə alsınlar. Mənim fikirlərimi alman dilini bilən kənd sakini ona tərcümə etdi. Zabit isə iradlarıma cavab olaraq bildirdi ki, dediklərimi nəzərə alacaq.


Gecə saat 2-3 radələrində qaldığımız evin qarşısında səs-küy eşitdik. Pəncərədən nəzər yetirdim, təxminən 7-8 nəfər alman sərxoş vəziyyətdə nə isə danışıb ucadan gülürdülər. Bir azdan atəş səsləri eşitdim. Onlar əvvəlcə alman dilini bilən kənd sakinini qonşu evdən çıxardılar, ona nə isə başa saldılar. O gəlib qapını döydü, mənə bildirdi ki, onlar məni çağırırlar. Çölə çıxanda sual verdilər ki, neçə uşağım var. Əvvəlcə elə düşündüm ki, sual xeyirxah məqsədlə verilir. Cavab verdim ki, 4 qızım var. Qızlarımı, 16 yaşlı Lidiyanı, 12 yaşı Sofiyanı, 5 yaşlı Valentinanı, 2 yaşlı Varvaranı çölə çıxardılar. Gözlərimin qarşısında qızların qulaqlarını, barmaqlarını kəsdilər, bıçaqla bədənlərində dəlik açdılar, Varvaranın ayağına benzin töküb yandırdılar, sonrasını isə xatırlamıram. Dəqiqələr ərzində 4 qızım vəhşicəsinə məhv edildi...”
Belarusiyalı həkim Vasili Bondarenko isə daha dəhşətli bir hadisə haqqında fikirlərini belə bölüşüb:
“Müharibə başlananda mən həkim kimi cəbhə bölgələrinə göndərilirdim. Vaxt tapan kimi hərbi əməliyyatlar keçirilən ərazilərdən çıxıb yaxın kənd və qəsəbələrə dinc əhaliyə tibb xidmət göstərməyə gedirdim. Uşaq həkimi olduğumdan əsasən uşaqların sağlamlığı ilə məşğul olurdum. 1942-ci ildə Qomel istiqamətində kiçik bir qəsəbədə uşaq evinə getmişdim. Həmin uşaq evində 123 uşaq saxlanılırdı. Onların yarısından çoxunda xəstəliklər var idi. Kömək etməyə çalışırdım. Orada olanda günorta saatlarında uşaq evinə bir maşın yaxınlaşdı, 4 alman zabiti içəri daxil oldu. Əllərində iki-üç qutu var idi. Onlar həmin qutulardakı oyuncaqları uşaqlara paylayıb getdilər. Bir neçə saniyədən sonra uşaq evində bir-birini ardınca saysız-hesabsız partlayışlar baş verdi. Almanlar oyuncaqların içərisinə partlayıcı maddələr qoymuşdular. 123 uşaqdan cəmi 28 nəfəri xilas edə bildik...”

Almanlar əsir düşərgələrində uşaqlardan donor kimi də istifadə ediblər. Ən dəhşətli fakt isə odur ki, uşaqlardan o qədər qan alınıb ki, onların sağ qalması mümkün olmayıb.
Bir yazıya faşist vəhşilikləri ilə bağlı hadisələri yerləşdirmək mümkün deyil. Bu haqda yüzlərlə kitab yazılıb, filmlər çəkilib, dünyaya faşist xislətinin nə olduğu ən kiçik detallarla təqdim edilib.
Göründüyü kimi, faşistlər üçün müqəddəs heç nə olmayıb. Vəhşilik, yırtıcılıq, azğınlıq faşistləri bütün insani hisslərdən məhrum edib. Bu vəhşilik bu gün də davam edir. Ötən ilin 44 günlük Qarabağ müharibəsində erməni faşistlərinin Gəncəni, Bərdəni və Azərbaycanın dinc mülki əhalisinin yaşadığı yaşayış məntəqələrini hədəf seçməsi də erməni timsalında faşist vəhşiliyinin 21-ci əsr nümunəsidir.
İlham Cəmiloğlu, Musavat.com   
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.