7 ayda ixrac 4,4%, idxalsa 21% azalıb
Qubad İbadoğlu: «İdxalın azalmasının səbəbi ölkəyə xaricdən avtomobillərin gətirilməsində edilən dəyişikliklərlə bağlıdır»
Azərbaycanın xarici ticarət dövriyyəsi ilə bağlı maraqlı statistik məlumatlar açıqlanıb. Dövlət Gömrük Komitəsinin (DGK) 2014-cü ilin ilk 7 ayı (yanvar-iyul) ərzində xarici ticarət əməliyyatları haqqında açıqladığı statistik məlumatlar təsdiqləyir ki, idxaldakı azalma ümumi ticarətin kiçilməsində daha böyük paya sahibdir. Bu ilin yanvar-iyul aylarında Azərbaycan dünyanın 137 ölkəsi ilə 18,133 milyard dollarlıq ticarət əməliyyatları həyata keçirib. Xarici ticarətin 13,25 milyard dolları ixracın, 4,88 milyard dolları idxalın payına düşür. Ötən ilin eyni dövrü ilə müqayisədə bu il xarici ticarətin həcmi 9,53 faiz (1,922 milyard dollar), ixracın həcmi 4,44 faiz (614 milyon dollar), idxalın həcmi 21 faiz (1,263 milyard dollar) azalıb.
İdxalda bu səviyyədə kəskin azalma maraq doğurur. Çünki ötən müddət ərzində Azərbaycanın daxili istehsalı daxili bazarın tələbatını tam formada ödəmək səviyyəsinə çatmayıb. Bu isə onu deməyə əsas verir ki, idxalın azalması heç də daxili istehsalın artması ilə bağlı deyil.
İqtisadçı Qubad İbadoğlu hesab edir ki, ümumi dövriyyənin aşağı düşməsi daha çox ixracatın aşağı düşməsi ilə bağlıdır. Çünki ümumi dövriyyədə ixracın tərkib payı daha çoxdur. İxracın aşağı düşməsinin əslində gözlənilən olduğunu deyən Q.İbadoğlu vurğuladı ki, bu il üçün proqnozlaşdırılan neft hasilatı əvvəlki illərlə müqayisədə aşağı idi: «Ölkədən əsas ixrac məhsulunun neft olduğunu nəzərə alsaq, ixracın aşağı düşməsi gəlirlərinin azalmasına səbəb olub. Həm ARDNŞ-də, həm də BP-də şasilatın aşağı düşəcəyi əvvəlcədən bəyan olunmuşdu. Ona görə həm xam neft, həm də neft məhsullarının ixracatında azalma baş verib. Bu azalma getdikcə daha da sürətlənəcək. Eyni zamanda onu da nəzərə almaq lazımdır ki, dünya bazarında neftin qiyməti aşağı düşməyə doğru gedir».
İdxalın kəskin azalmasına gəlincə Q.İbadoğlu vurğuladı ki, situasiya struktur şəkildə təhlil olunarsa məlum olacaq ki, idxalın azalması yerli istehsalın hesabına baş verməyib. İdxalın azalmasının səbəbinin daha çox ölkəyə xaricdən avtomobil və onun hissələrinin gətirilməsinə qoyulan məhdudiyyətlə bağlı olduğunu deyən Q.İbadoğlu bildirdi ki, «avro 4» standartının tətbiqindən sonra ölkəyə daxil olan maşın və avadanlıqların həcmində azalma müşahidə olunur. Bu ilin aprel ayına qədər isə bu istiqamətdə əksinə artımın müşahidə olunduğunu nəzərə çatdıran Q.İbadoğlu qeyd etdi ki, yeni standartların tətbiq olunacağı ilə bağlı xəbər qısa müddət ərzində köhnə illərin buraxılı olan məhsullar bazara doldu. «Hazırda isə bazarda köhnə avtomobillərin artıqlığı hökm sürür. Əslində idxalın aşağı düşməsi, struktur dəyişiklikləri ölkədə alıcılıq qabiliyyətinin aşağı düşməsinə işarədir. Eyni zamanda regionda baş verən hadisələr də idxala təsiri var. Çünki Rusiyanın cənubundan, Ukraynadan gələn malların Azərbaycana çatdırılmasında çətinlik var. Baş verənlər ixracata ciddi təsir etməsə də, idxalda bu hiss olunur», deyə Q.İbadoğlu vurğuladı.