Andropovun yaratdığı “Alfa” – onlar dünyanın ən peşəkar xüsusi təyinatlı dəstələrindən biri sayılır

14-06-2021, 17:41   




  •  
Dünyanın bir çox ölkələrində xüsusi təyinatlı dəstələr fəaliyyət göstərir. Onların bəzilərinin mövcudluğu məxfi saxlanılır, bəziləri isə keçirdikləri uğurlu əməliyyatlarla dünyada məhşurlaşıblar.
Xüsusi təyinatlı dəstələrdən biri də 1974-cü ildə SSRİ-də yaradılıb. 1970-ci illərin əvvəllərində terror təşkilatlarının fəaliyyət dairəsi genişlənəndə, o cümlədən SSRİ-də də terror hadisələri və terrora cəhdlərin sayı artanda, sovet rəhbərliyi terror və diversiyalara qarşı mübarizəni gücləndirmək üçün xüsusi təyinatlı dəstənin yaradılmasını zəruri sayıb. Xüsusilə, 1972-ci ildə Münhen olimpiadalısında terror nəticəsində baş verən qətllərdən sonra SSRİ bu zərurəti gerçəkləşdirib.
1974-cü ildə SSRİ DTK-nın sədri Yuri Andropov rəhbərlik etdiyi qurumda xüsusi təyinatlı qrupun yaradılması ilə bağlı baş katib Leonid Brejnevə layihə təqdim edib. Bir neçə saatlıq təkbətək müzakirədən sonra layihə Siyasi Büroda müzakirə olunub.

Beləliklə, 29 iyul 1974-cü ildə Yuri Andropovun imzaladığı 0089/OB nömrəli əmrlə DTK-nın 7-ci idarəsinin 5-ci şöbəsində bu gün də “Alfa” adı ilə tanınan “A” qrupu yaradılıb. Xüsusi təyinatlı qrupun belə adlandırılması “antiterror” ifadəsindən götürülüb. Çoxları isə “A” qrupunu “Andropovun qrupu” kimi ifadə edib.
Quruma ilk rəis Sovet İttifaqı qəhrəmanı, general-mayor Vitali Bubenin təyin edilib. “Alfa” qrupu birbaşa DTK sədrinə və baş katibə tabe olub. Bu iki şəxsdən başqa qrupun fəaliyyətinə, hər hansı bir əməliyyata çıxışına heç kimə icazə səlahiyyəti verilməyib.

Yarandığı vaxt “Alfa” qrupunun şəxsi heyətinin sayı 30 nəfər olub. Qrupa qəbul olunma son dərəcə ciddi şəkildə aparılıb. Seçim yalnız DTK zabitləri arasında olub. Əsas şərtlərdən biri əməkdaşın fiziki, mənəvi, psixoloji cəhətdən tam hazırlıqlı və idman dərəcəsinə sahib olması sayılıb.
Əməkdaşlar “A” qrupuna qəbul edildikdən sonra bir müddət xüsusi təlimlər və məşqlər keçiblər. Paraşütdən tullanma, 10 kilometrlik qaçış, əlbəyaxa döyüş, dağ şəraitində hərəkət, silahdan istifadə etmə qaydaları, uzun məsafəyə üzmə və s. məşqlərlə yanaşı, onlara xəritədən istifadə, əsas dövlət qurumlarının və səfirliklərin ünvanları, marşrut xətləri, dislokasiya məkanları, fərqli rabitə qurğularından istifadə qaydaları da öyrədilib.

Əməkdaşların Moskva şəhərində daimi qeydiyyatda olması da əsas şərtlərdən biri olub. Əgər qrupa tam uyğun olan əməkdaş digər bölgədə xidmət edibsə, onun Moskvaya qeydiyyat məsələsi dərhal DTK tərəfindən həll olunub.
“Alfa” qrupunun fəaliyyəti ilk aylardan Yuri Andropovu qane edib. DTK sədri mütəmadi olaraq şəxsən özü onlarla görüşüb, mövcud olan şəxsi və xidməti problemlərini həll edib.
Fəaliyyətindən 4 ay keçdikdən sonra qrupun şəxsi heyətinin sayı 52 nəfərə çatdırılıb. Daha sonra qrupda 1978-ci ildə 71 nəfər, 1980-ci ildə 100 nəfər, həmin ilin sonunda 123 nəfər, 1981-ci ildə isə 223 nəfər xidmət edib.

1984-cü ildə DTK sədrinin əmri ilə ilk olaraq Xabarovskda “Alfa” qrupunun regional bölməsi açılıb. Daha sonra isə Kiyevdə, Minskdə, Alama-Atada, Krasnodarda, Sverdlovskda regional bölmələr fəaliyyətə başlayıb. Bölgələrdə qrupun şəxsi heyətinin sayı 45 nəfər olub.
“Alfa” qrupu həm SSRİ ərazisində, həm də xarici ölkələrdə terror aktlarına, diversiyalara qarşı mübarizədə, insanların girov götürülməsi, nəqliyyat vasitələrinin qaçırılması hadisələri ilə bağlı yüzlərlə əməliyyat keçirib.
O cümlədən “Alfa” qrupu dövlət başçılarını məxfi görüşlərdə müşayiət ediblər. Hansı ki, bu görüşlər dünya ictimaiyyətindən gizli saxlanılıb.
Keçirilən uğurlu əməliyyatlara görə bu illər ərzində “Alfa” qrupunun 500-dən artıq əməkdaşı ən yüksək dövlət mükafatları ilə təltif olunublar. Onlardan 12 nəfər isə xüsusi fərqlənərək qəhrəman adına layiq görülüb.
SSRİ süquta uğradıqdan sonra “Alfa” qrupunun strukturu daha da təkmilləşdirilərək Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidmətinin tabeliyində “A” idarəsi - Xüsusi Təyinatlı Mərkəz kimi fəaliyyət göstərir.
1992-ci ildə “Alfa” qrupunun veteranları tərəfindən ictimai təşkilat yaradılıb. Bu təşkilat əsasən əməliyyatlarda həlak olmuş qrup əməkdaşlarının xatirələrini əbədiləşdirmək, əməliyyatlar zamanı əlil olmuş əməkdaşların sosial problemlərini həll etməklə məşğul olur. Həmçinin veteranlar gənc əməkdaşlara “Alfa”nın sirlərinə yiyələnməsində də yaxından kömək edirlər. Təşkilatın himninin sözləri isə tanınmış televiziya aparıcı Leonid Yakuboviçə aiddir.

Bu gün “Alfa” qrupu dünyanın ayrı-ayrı ölkələrində fəaliyyət göstərən xüsusi təyinatlı dəstələr arasında ən peşəkar qruplardan biri sayılır.
Sovet dövrünün araşdırmaçıları, tarixçilər və jurnalistlər Yuri Andropovun DTK-da 15 illik fəaliyyəti ərzində ən böyük xidmətlərindən birinin “Alfa” qrupunu yaratması sayırlar.
“Alfa”nın keçirdiyi əməliyyatlar haqqında isə növbəti saylarımızda yazılar təqdim edəcəyik.
 
İlham Cəmiloğlu, Musavat.com
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.