Valyuta hərracında dollara tələb daha da artıb.Belə ki, 29 iyun 2021-ci ildə Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.
Hərracda tələb 77,1 milyon ABŞ dolları təşkil etmiş və tam təmin edilib. Hərracda manatın ortaçəkili məzənnəsi 1.7000 səviyyəsində formalaşıb. Qeyd edək ki, 22 iyun 2021-ci il tarixində keçirilmiş valyuta hərracında tələb 61,9 milyon ABŞ dolları, 24 iyun 2021-ci il tarixində keçirilmiş kərracda isə 65,9 milyon ABŞ dolları təşkil etmiş və tam təmin edilib.
2021-ci ilin əvvəlindən bu yana keçirilmiş 45 valyuta hərracında banklara 2 milyard 768,32 milyon dollar satılıb.
Qeyd edək ki, hərracda kommersiya bankları iştirak edə bilər.
Maraqlıdır dollara tələbin artması nəylə baglıdır? Tələb xaricə səfərlərə gorə artıb, yoxsa ölkədə dollaırn bahalaşma ehtimalı var?Məsələ ilə bağlı saytımıza danışan iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, Azərbaycanda valyutaya tələbat dördüncü həftədir artır:
"Bu, dördüncü hərrac idi ki, keçən aylara nisbətən daha çox artım müşahidə olunurdu. Yəni dollara olan tələbat artır. Bunun bir neçə səbəbi var. Birinci səbəbi keçən ilə nisbətən bu il heç olmasa yavaş-yavaş da olsa yolların, sərhədlərin açılması və daha çox azərbaycanlıların səfər etmək cəhdidir. Ən azından, Gürcüstana və Türkiyəyə səfər edənlərin sayı artıb. Bu da valyutaya tələbatı artırır. Amma məncə əsas səbəb bu deyil. İki əsas səbəbi göstərmək olar. Birinci səbəb odur ki, artıq iyunun sonu və iyulun əvvəlindən başlayaraq avqustun sonuna qədər növbəti təhsil mövsümünə hazırlıqla bağlı sifarişlər artır.Çünki Azərbaycanda təhsill bağlı adi dəftərxana ləvazimatından tutmuş geyimə qədər kifayət qədər ciddi tələb yaranır. Bu da əsasən kiçik və orta sahibkarların valyuta tələbatını artırır ki, onlar sifarişlərini verirlər. İri şirkətlər bir az fərqli davranır. Amma kiçik və orta sahibkarlar, əsasən kiçik həcmdə sifarişləri həyata keçirən iş adamları indidən valyuta tədarükü görərək, o sifarişlərin həyata keçirilməsinə başlayırlar ki, bu da dollara olan tələbatı artıran əsas amillərdən biridir. Çünki bizim ölkədə istehsal yoxdur. Yəni dəftərxana ləvazimatından tutmuş geyimə qədər bizdə istehsal qurulmayıb, həmin məhsullar ölkəyə idxal olunur. Məncə, bu, əsas səbəbdir".Natiq Cəfərli qeyd edib ki, digər səbəb isə müəyyən gözləntilərlə bağlıdır:
"Yəni daim qonşu ölkələrdə valyutaların dəyərdən düşməsi Azərbaycanda da istər-istəməz bu gözləntilərin artmasına səbəb olur. İndi türk lirəsi tarixi minimumlardadır. Qazaxıstan və Gürcüstanda da milli valyutalarda ucuzlaşma var. Rus rublu kifayət qədər oynaqdır. Yəni orda da son günlərdə bahalaşma müşahidə olunur. Qonşu ölkələrdə baş verən bu hadisələr istər-istəməz gözləntilərin yaranmasına səbəb olur. Azərbaycanda da manatın ucuzlaşmasıyla bağlı bəlli gözləntilər formalaşır, yəni ehtimallar artır. Açığı, belə bir ehtimalın indi həyata keçiriləcəyinə inanmıram. Çünki Azərbaycanın neft qiymətlərinin yüksəlməsi valyuta tələbinin ödənilməsinə kifayət edir. Amma orta və uzun perspektivdə manatın məzənnəsiylə bağlı ciddi dəyişikliklərin olması ehtimalı hələ də qalır”.Ülviyyə
Cebhe.info