«Sabunçu Istehsalat Xidməti Bazası» ASC səhmdarlardan xəbərsiz satılıb
Avqustun 12-də “Sabunçu Istehsalat Xidməti Bazası” Açıq Səhmdar Cəmiyyətinin (ASC) illik ümumi yığıncağı keçirilib. Amma səhmdarlar burada qeyri-adi vəziyyətlə qarşılaşıblar. Müəssisənin 82 faiz səhmlə nəzarət paket sahibi səhmdar cəmiyyətini bütövlükdə aldığını, özündən başqa səhmdar tanımadığını deyib.
Bu barədə “Bizim Yol” qəzetinə ASC-nin səhmdarı Tahir Axundov bildirib: “Indiyə qədər iclas keçirməyən, gəlirini gizlədib dividend verməyən, bizə aid müəssisənin torpağını ”su qiyməti"nə satan çox sahibkar görmüşük. Amma əlimizdə səhm ola-ola ortaya çıxıb “müəssisəni mən almışam, siz isə heç kimsiz” deyən biri ilə ilk dəfə rastlaşırıq. Cəmiyyət Bakının Sabunçu rayonunda 1.7 hektar ərazidə yerləşir. Vaxtilə Neft Şirkətinin müəssisələrindən olub, boru kəmərlərinə xidmət göstərib. Tikililəri, 3 mərtəbəli ofis binası, anqar və təmir sexi, avadanlıqları var. Əvvəllər paket sahibi naməlum şəxs olub. Heç vaxt iclas keçirməyib, 30 faiz hissə dövlətdə olduğuna görə Əmlak Komitəsinin təyin etdiyi bir nəfər orada oturub idarə edib. Sonra Komitə idarəetməsində olan səhmləri Hacı Əvəz deyilən bir adama satıb".
Səhmdarın sözlərinə görə, məsələyə aydınlıq gətirmək üçün iclas çağırılıb. Iclası saat 10-a təyin edənlər özləri 12-dən sonra gəlib çıxıblar: “Yığıncaq saat 4-ə qədər davam etdi. 6 saatlıq mübahisə ilə müşayiət olundu. Əvvəlcə bizi qəbul etmədilər. Paket sahibi dedi ki, ”mən səhmdar tanımıram, Əmlak Komitəsi bu səhmdar cəmiyyəti tam şəkildə mənə satıb". Biz də izah elədik ki, cəmiyyətin 82 faiz səhmi sizdə, 18 faizi camaatdadır. 414 səhmdardan yalnız 1-i sizsiz, yerdə qalan 413 səhmdar isə bizik. Yenə yaxın buraxmadılar ki, “gedin Əmlak Komitəsi ilə danışın, biz müəssisəni bütövlükdə onlardan almışıq”. Komitənin problemli səhmdar cəmiyyətlərindəki “əbədi” nümayəndəsi Rövşən Məmmədov da orada idi, “ağzına su alıb” oturmuşdu. Yerindən qımıldanıb demədi ki, “axı bu insanlar da səhmdardırlar”. Yığıncağın keçiriləcəyi barədə qəzetdə elan veriblər. Əgər səhmlərin 100 faiz sahibidirsə, majoritar səhmdar elanı kim üçün verib? Deməli, özündən başqa səhmdarların olduğunu bilirdi. Üstəlik payçılara iclasın keçiriləcəyi barədə bildiriş də göndərilib. Yaxşı, onda bu şou kimə lazımdır? Məncə, Əmlak Komitəsinə. Paket sahibi adi bir vətəndaşdır, pulunu verib müəssisənin səhmlərini alıb. Səhmdar cəmiyyətlərin strukturu, idarəedilməsini bilmir. Əmlak Komitəsi 413 payçının 18 faiz səhmini onların xəbəri və razılığı olmadan paket sahibinə “satıb”. Hər halda bunu major səhmdar deyir, Komitə nümayəndəsi isə nə təkzib, nə də təsdiq edir. Bu mülkiyyətin analoqu olmayan talanıdır. Onlarla yalançı “alqı-satqı” edib pullarını əllərindən alıblar. Görünür, aralarında belə danışıblar. Özləri də reyestrdə 414 səhmdarın olduğunu görürlər. Amma komitə məsuliyyəti boynuna götürüb alqı-satqını aparanda ona başa salıblar ki, “sən baş qoşma, yerdə qalan səhmdarlar bizlikdir, özümüz həll edib hamısını sizə verəcəyik”.
Məsələ ilə bağlı Əmlak Məsələləri üzrə Dövlət Komitəsi ilə əlaqə saxlamaq cəhdlərimiz baş tutmadı.